Adil Əliyev: Xocalı soyqırımı tarixin ən dəhşətli cinayətlərindən biridir

13:36 25.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

XX əsri geniş şəkildə analiz etdikdə, soyqırımlarının sayı diqqət çəkir. Təəssüflə qeyd etməliyəm ki, bu faciələrin bir qismi də Azərbaycan xalqının taleyinə düşüb. 1905-1907-ci ildə baş vermiş faciə zamanı ermənilər tərəfindən həmvətənlilərimiz amansızcasına soyqırımına məruz qalıb, 1918-ci ilin 31 mart tarixində isə xalqımız növbəti soyqırımına məruz qalıb və bu dəhşətli hadisə tarixə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” kimi düşüb. Quba soyqırımı və ağrılarını da bu günə qədər hiss etdiyimiz Xocalı soyqırımı kimi faciələr xalqımızın taleyinə yazılıb. Tarixin ən qanlı səhifələrinin yer aldığı Xocalı soyqırımında xalqımıza qarşı misli görünməmiş cinayət törədilib.

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

O qeyd edib ki, günahsız Azərbaycan xalqı dədə-baba yurdlarından didərgin düşməklə bərabər tarixin ən ağrılı hadisəsi ilə üz-üzə qaldılar. Məhz 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecəni nə biz, nə də bizdən sonrakı nəsillər heç zaman unutmayacaqlar. Xankəndi şəhərində yerləşən 366 saylı alay bu günə qədər dünyada soyqırımı törətmiş cinayətkarların, qəddarlığın ən sərt nümunəsidir. Günahsız insanlar evlərini tərk edərək qışın şaxtasında başqa şəhərlərə getməyə məcbur olduqları bir vaxtda, ermənilər onlara qarşı misli görünməmiş qırğın törətdilər.

Ermənilərin qurduğu Naxçıvanlı və Pircamal postlarında amansız qəddarlıq nümayiş etdirildi. Evlərini qışın şaxtasında tərk etməyə məcbur qalan həmvətənlilərimiz pusquya salınaraq qətlə yetirildi, əsir götürüldü. Minlərlə soydaşlarımız düşmən gülləsinə üz-üzə gəlməmək üçün soyuq qış aylarında dağlara və meşələrə üz tutdular. Qışın soyuğuna, gecənin ayazına baxmayaraq ayaqyalın evlərini tərk edənləri həmin şaxtadan da pis ermənilərin qəddarlığı, azğınlıqları ilə qarşılaşdılar. Günahsız insanlara qarşı amansız rəftar, işgəncələrin yeganə məqsədi var idi Azərbaycan xalqını məhv etmək, amansız qırğınlar törətmək idi.

Adil Əliyev bildirib ki, Xocalı soyqırımı zamanı ermənilər tərəfindən 613 azərbaycanlı öldürüldü, onların arasında 106 qadın, 63 uşaq və 70 yaşlı insan idi. Ermənilərin əsas hədəfi məhz köməksiz insanlar idi, bu qəddarlıqla öz azğın niyyətlərini nümayiş etdirir, qadınlara və uşaqlara qarşı amansız müsibət yaşadırdılar. Böyük Britaniyanın “Tayms” nəşri 1992-ci il 4 mart tarixli nömrəsində Xocalı soyqırımı ilə bağlı yazırdı: “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.”

O qeyd edib ki, bu amansız soyqırımı zamanı həmyerlilərimizdən 8 ailə tamamilə məhv olmuş, 25 uşaq həm anasını, həm atasını itirmişdir. Törədilmiş faciənin miqyasını təsəvvür etmək qeyri-mümkündür, uşaqların gözü qarşısında ata-anaların başının kəsilməsi, yandırılaraq öldürülməsi həm uşaqların, eləcə də bütün xalqımızın taleyində silinməz dərin iz qoydu. Baş vermiş dəhşət bu gün soyqırımından məlumatlı olan hər kəsin qəlbində yanğı yeridir. Ermənilərin xalqımıza qarşı olan nifrətinin, amansızlığının ən yüksək təzahürlərindən biri məhz Xocalı soyqırımıdır.

Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımı haqqında deyirdi: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür.”

Milli Məclis sədrinin müavini deyib: “Xocalı soyqırımının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə uzun illərdir ki, ölkəmiz tərəfindən sistemli şəkildə iş aparılır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başlanmış “Xocalıya ədalət” kampaniyası nəticəsində Xocalıda xalqımıza qarşı baş verənlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyəti maarifləndirmə sahəsində görülən işlər nəticəsində yüz minlərlə insana faciə haqqında geniş məlumat verilir, soyqırımı qurbanlarının xatirəsi yad edilir. Soyqırımının beynəlxalq arenada tanınması məqsədilə aparılan işlər nəticəsində 15-ə yaxın ölkənin parlamenti, eləcə də ABŞ-ın 30-dan artıq ştatı tərəfindən müvafiq qanunverici aktlar, eləcə də idarəedici qurumlar tərəfindən sənədlər qəbul olunub. Habelə, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən 2013-cü ildə Xocalı soyqırımın tanınması istiqamətində üzv dövlətlərə işlərin görülməsi tapşırılıb. Eləcə də, dünyanın bir neçə ölkəsində Xocalı soyqırımının xatirəsinə həsr olunmuş abidələr ucaldılmışdır. Hazırda bu sahədə işlər davam edir və beynəlxalq ictimaiyyət baş verənlərlə bağlı məlumatlandırılır”.

Adil Əliyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində bütün şəhidlərimizin, eləcə də Xocalı soyqırımı qurbanlarının qisasını aldı. Antiterror tədbirləri zamanı isə separatçılara son sarsıdıcı zərbə vurularaq, Xankəndi və Xocalı şəhərləri azad olunmaqla, ölkəmizin suverenliyi tam bərqərar oldu. Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində bayrağımızın ucaltması ilə tarixi ədalət tam bərqərar edildi.

“Bu gün əli minlərlə azərbaycanlının qanına batmış erməni cinayətkarlarının bir qismi hazırda məhkəmələrimiz qarşısında cavab verir. Xalqımıza qarşı amansız qırğınlar törətmiş şəxslərin məhkəmə prosesləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Uzun illərdən sonra haqq-ədalət öz yerini tapır, günahkarların bir qismi qanun qarşısında cəzalandırılır və cinayətkarların məsuliyyətə cəlb olunması istiqamətində geniş aparılır”, - deyə Milli Məclis sədrinin müavini əlavə edib.

Oxunma sayı 47
Siyasət rubrikasından digər xəbərlər