Artıq böyük qayıdış başlayır - Hikmət Babaoğlu

16:44 28.01.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ictimaiyyəti, xüsusilə də öz ata-baba  yurdlarından məcburi köçkün düşən insanlarımız işğaldan azad edilmiş kənd və rayonlarımıza qayıdışla bağlı dövlət tərəfindən atılan hər bir addımı diqqətlə izləyir. Eyni zamanda hər gün öz yurdlarının bərpası, yaxud qayıdışı ilə bağlı yeni məlumat almaq istəyirlər. Belə bir ərəfədə Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi olan Ağalı kəndinin bərpasının başa çatması və camaatın öz evlərinə köçürülməsi ilə bağlı informasiyalar, hər hansı açıqlama bu mənada mühüm əhəmiyyət kəsb edir. Maraqlıdır, işğaldan azad olunmuş rayon və kəndlərin bərpa prosesi və geriyə böyük qayıdışla bağlı görülən işlər, bu istiqamətdə cərəyan edən prosesləri deputatlar necə dəyərləndirir? Milli Məclisin deputatı Hikmət Babaoğlu hafta.az-a açıqlamasında maraqlı nüanslara diqqət çəkib.

-Hikmət müəllim, məlumdur ki, Zəngilan rayonunun Ağalı kəndinin inşaası başa çatıb. Ümumən götürsək, aparılan bərpa və qayıdış prosesini indiki mərhələdə necə dəyərləndirərdiz?

-Əvvəla qeyd edim ki, Ağalı kəndinin bərpa olunması və məcburi köçkünlərimizin oraya qayıtması ilk növbədə Azərbaycan xalqının 30 ilə yaxın müddətdə həsrətlə gözlədiyi bir arzunun reallığa çevrilməsidir. Şübhəsiz ki, bu, eyni zamanda illərlə arzu, xəyal etdiyimiz böyük  qayıdışın ilk müjdəçisi, xəbərçisidir. Əlbəttə ki, işğal altında qalmış ərazilərimizdə bərpa quruculuq işləri sistemli, ardıcıl və məqsədyönlü şəkildə həyata keçrilməyə başladı. İlk  növbədə burada təhlükəsizlik tədbirlərinin görülməsi ön plana çəkildi.  Biz bilirik ki, işğal altında olan Azərbaycan torpaqları dünyanın ən çox militarizə edilmiş, minalanmış, hərbləşdirilmiş ərazilərindən biri idi və bunları  təmizləmədən böyük qayıdışı mümkün etmək olmazdı.

İkinci məsələ bundan ibarət idi  ki, azad olunmuş ərazilərdə əsas infrastruktur layihələr həyata keçirilməli idi.  Bu hər şeydən öncə yolların, elektrik xətlərinin çəkilişi və istehlak ediləcək enerji mənbələrinin müəyyənləşdirilməsi və təmin edilməsi ilə bağlı idi ki, bunlar çox vacibdir. Bunlar olmasa qayıdışı da təmin etmək, yaşayışı bərpa etmək olmaz. Ona görə də Azərbaycan çox böyük sürətlə bu istiqamətdə böyük addımlar atdı və demək olar ki, hazırda işğaldan azad olunmuş ərazilərimizdə mövcud olan Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonaları üzrə, hər birində özünün lokal şəkildə yol, nəqliyyat və enerji  infrastrukturu yaradılıb və bunlar qarşılıqlı şəkildə inteqrasiya olunubdur. Amma inteqrasiya təkcə işğaldan azad olunmuş ərazilərimizdə deyil, bütövlükdə Azərbaycanın nəqliyyat kommunikasiya və enerji xətlərinə inteqrasiya olunub. Rayon Zəngəzur dəhlizi üzərində yerləşən və Azərbaycanı Naxçıvanla birləşdirən coğrafiya üzərində olduğu üçün bir də Zəngəzur dəhlizinin açılması üçün kommunikasiyaların keçdiyi əsas məkandır. Ona görə də  düşünürəm ki, qısa müddətdə görülən işlər çox böyükdür və  eyni zamanda bundan sonra görüləcək işlərin daha sürətli aparılması üçün yaxşı imkanlar yaradır.

-Belə qeydlər var idi ki, ilin əvvəlində Ağalı kəndinə əhalinin köçürülməsinə başlanacaq. Amma hələ ki, ilk köçürülməni müşahidə eləmirik. İlk gözlənilən köçürülmə nə vaxta baş verə bilər. İndiki reallıqda bu köçürülmə nə dərəcədə təhlükəsiz və realdır?

-Əlbəttə ki, Böyük qayıdışın təmin olunması hər şeydən öncə bütün növ təhlükəsizliyin təmin olunması ilə müşayət olunacaq. Əgər söhbət hərbi təhlükəsizlikdən gedirsə, deyə bilərik ki, artıq Ermənistanla Azərbaycan arasında olan sərhədlərdə təhlükəsizlik məsələləri tam təmin olunub və əldə etdiyimiz tarixi zəfər kontekstində bizim təhlükəsizliyimizi təhdid edən faktorlar demək olar ki, tamamən sıradan çıxarılıb.

Biz həm də vaxtaşırı Kəlbəcər istiqamətində, digər həmsərhəd ərazilərimizdə Ermənistan hərbçilərinin törətdiyi təxribatlara və təhlükəsizliyimizi təhdid edə biləcək hallara qarşı Azərbaycan ordusunun necə cəsarətli, qətiyyətli və necə evvektiv həmlələr həyata keçirdiyinin şahidi oluruq. Ona görə də, “ilk növbədə bu kontekstdə təhlükəsizlik tam təmin olunub”- deyə bilərik. İkincisi, enerji kommunikasiya təhlükəsizliyi idi. Bu məsələlər də demək olar ki, həll olunub. Sadəcə ərazilərdə basdırılmış minaların təmizlənməsi və onların təhlükəsizliyimiz üçün təhdid yaratması halları mövcuddur ki, bununla bağlı Azərbaycan daima siyasi diplomatik cəhdlər edir, mina xəritələrinin əldə olunması üçün artıq xeyli addımlar atılıb. Amma biz həm də onu bilirik ki, Zəngilan rayonu tutaq ki, Ağdam və Füzuli rayonlarımızla müqayisədə daha az nisbətdə minalanmış ərazidir.

Köçürülmənin müddətinə gəlincə, şübhəsiz ki, bununla bağlı qərarı müzəffər Ali Baş Komandanımız Azərbaycan prezidenti qəbul edəcək. Ona görə də bəri başdan vaxt demək çətindir. Amma əsas məsələ ondan ibarətdir ki, artıq böyük qayıdış başlayır. Azərbaycan xalqı öz tarixində yeni bir səhifə açır. Bu səhifə ərazi bütövlüyü bərpa olunmuş müstəqil, güclü Azərbaycan səhifəsidir ki, bunlar çox mühüm tarixi perspektivlər yaradır.

-Ümumiyyətlə, işğaldan azad olunan ərazilərimizə köçürülmə ilə bağlı siyahıya alınmada, yəni kimlərin gedəcəyi, kimlərin qalacağı ilə bağlı mübahisəli məqamlar var. Ümumiyyətlə, bu köçürülmə hansı siyahı əsasında həllini tapa bilər?

-Biz bilirik ki, Ağdam və Füzuli şəhərlərinin baş planları hazırdır. Digər şəhərlərimizin də baş planlarının hazırlanması layihələndirməsi prosesi davam edir. Buna paralel olaraq kənd və qəsəbələrimizin də Ağıllı kənd və qəsəbə tipində layihələndirilməsi prosesi ayrı-ayrı layihələr üzrə həyata keçirilir.

Əhalinin qayıtması məsələsinə gəldikdə bununla bağlı xüsusi sosioloji sorğu həyata keçirilib. Rəqəmlər rəsmən açıqlanmasa da biz bilirik ki, bu rəqəmlər çox yüksəkdir. Hətta o fakt da məlumdur ki, əslən Şərqi Zəngəzur və Qarabağdan olmayan Azərbaycan vətəndaşları belə işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşmaqla bağlı öz niyyətlərini ifadə ediblər. Bu çox müsbət bir tendensiyadır. Hər bir xalqın milli ənənələri, milli psixologiyası vətənə münasibətini təyin edir. Nə yaxşı ki, Azərbaycanda da milli vətənpərvərlik həmişə yüksək səviyyədə olub, bu gün də yüksək səviyyədədir. Ona görə də məskunlaşmada heç bir problem olmayacaqdır. O ki qaldı hansı kateqoriyalı insanların, hansı kəndlər üzrə məskunlaşması məsələsinə, hesab edirəm ki, bu texniki məsələdir. İşğala qədərki digər kəndlərimizin necə bərpa olunması həm bugünkü reallıqlar baxımdan, həm tələblər və şərtlər baxımından o qədər də aktual deyil. Çünki bərpa olunan kəndlər Ağıllı kəndinin layihələri tipində həyata keçirilir. Düşünürəm ki, bu digər rayonlarımıza da şamil olunacaq nümunə ola bilər.

Oxunma sayı 36