“Asan“ kirayə mənzillər - Kimlərə və necə veriləcək?

17:09 05.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son illər Bakı şəhərinə insan axını çoxalır. Bu isə kirayə mənzillərə təlabatı artırır. Xarici dövlətlərin praktikasında isə insanlar kirayə mənzillərini bir neçə ildən sonra öz əmlakına çevirə bilirlər. Artıq bu mexanizm Azərbaycanda da tətbiq olunacaq.

25 yanvar 2019-cu il tarixdə “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Azərbaycan Prezidentinin fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi qaydası” təsdiq edildi.

Bununla yanaşı İpoteka və kredit Zəmanət Fondu “Asan“ xidmət mərkəzləri ilə razılaşma əldə edib. Vətəndaşlarının işinin asanlaşdırlması və şəffaflaşdırılması məqsədi ilə “Asan“  kirayə mənzillər təklif olunacaq.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı“Asan“ kirayə mənzilləri ilə bağlı  hafta.az-a danışarkən dedi ki, proses şəffaflanacaq, ola bilsin prosesin sürəti ləngiyə bilər:

“Uzun illərdir kirayə mənzil bazarının idarə olunması müzakirə edilir. Çoxdandır ki, açıqalanacaq qərarlar, qaydalar gözlənilir. Bu mənada hesab edirəm ki, ASAN xidmət mərkəzlərində həyata keçirilməsi prosesinin şəffaflığını artıracaq. Amma digər tərəfdən prosesin daha çevik, daha dinamik həyata keçirlməsi mümkün olmaya bilər. Çünki faktiki olaraq İpoteka və kredit Zəmanət Fondunun birbaşaca icrasçısı olduğu bir prosesdir. Proses başlansın, konkret fikir söyləmək olacaq”.

R.Osmanlı bu prosesin pərakəntə formada həyata keçiriləcəyi təqdirdə hansı xoşagəlməz hallar yarana bilər sualına da aydınlıq gətirdi. Ekspert hesab edir ki, bu mümkün olmazdı: “Müvafiq İcra Hakimiyyəti orqanl kimi İpoteka və kredit Zəmanət Fondu müraciətlərin qəbulunu həyata keçirməli idi. İstənilən halda elektron müraciətlərə İpoteka və kredit Zəmanət Fondu baxacaq. Bütün hallarda proses daha dinamik olmalıdır”.

Ekspert sosial mənzillərin verilməsi mexanizminin kirayə mənzillərə tətbiq olunacağı kimi fikirlərin hələ məlum olmadığını dedi:

“Sosial mənzillərin verilməsində qaydalar, kateqoriyalar tətbiq olunmuşdu. Kimlər ala bilər, kimlər isə ala bilməz. Konkret açıqlanmışdı. Kirayə mənzillər üçün isə hələ bu qaydalar açıqlanmayıb. Sosial mənzillərin verilməsində bəzi problemləri gördük. Ona görə də bu prosesdə analoji problemlərin yaranması yaxşı hal deyil. Çünki bu kimi sosial  lahiyələrin effekti aşağı düşür. Hər hansı texniki, mexaniki problemlərin ortaya çıxması olmalı deyil”.