Məlum olduğu kimi, Azərbaycan bir neçə gün öncə, iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edib. Rəsm Bakının Ermənistana təqdim etdiyi sülh danışıqlarının şərtləri artıq ictimaiyət üçün də açıqlanıb.
Təklif olunan şərtlər beynəlxalq hüquq normalarına nə dərəcədə uyğundur və Ermənistan bundan qaça bilərmi?
Politoloq Qabil Hüseynli hafta-az-a rəsmi Bakının irəli sürdüyü şərtlərin tam olaraq beynəlxalq hüquq normalarına əsaslandığını deyib.
“Şərtlərdən biri ondan ibarətdir ki, tərəflər bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıyır. Bu, beynəlxalq hüququn əsas prinsipidir.
Digər müddəa, sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması da beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq irəli sürülmüş müddüədır. Təbii olaraq, sərhədlər müəyyənləşməli və bu zəmin üzərində sülh müqaviləsi bağlanmalıdır.
Başqa bir müddəa nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasıdır.
Yaxud, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir.
Eləcə də, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək... BÜrtün bu şərtlər tam olaraq beynəlxalq hüquqa cavab verir. Amma gəlin görək Ermənistan bunu qəbul edirmi?..”
Politoloq bildirib ki, ermənilər kommunikasiyaların açılması məsələsində həddən artıq “düşündülər” və müxtəlif mərkəzlərin tövsiyyələrinə əməl etməyə çalışdılar, Onun fikrincə, nəhayətdə daha əlverişli mövqe ortaya çıxdı.
“ “Zəngəzur dəhlizi” əvəzində İran ərazisindən keçən dəmir yolu və avtomobil yolunun tikilməsi gündəmdədir. Ermənistan yenə də mühasirə, blokada şəraitində yaşamalı olacaqlar. Çünki “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı çoxlu tərəddüdlər irəli sürdülər.
Q.Hüseynli qeyd edib ki, ən son məsələ sülh sazişinin bağlanması üzrə işçi heyətinin yaradılmasıdır ki, ermənilər bu məsələdə həddən çox tələblər irəli sürürlər. Onun qənaətinə görə, prosesə yenə də guya BMT və ATƏT-in qruplarının daxil edilməsi və guya xüsusi şərtlərinin razılaşdırılması əsasında sülhün bağlanması layihəsini irəli sürməklə baş qatırlar.
“ATƏT-in Minsk Qrupu demək olar ki, dağılmış vəziyyətdədir. Müharibə çoxdan qurtarıb bunlar hansı işi yerinə yetirəcəklər... Bu saat Minsk Qrupunda olan Amerika, Fransa və Rusiya arasında ciddi qarşıdurma var və bu, təşkilatın işləməsinə imkan vermir. Üstəlik, Azərbaycan müharibəni çoxdan bitmiş hesab edir və yerdə qalan məsələləri ya 5+ prinsipi ilə, bölgədəki dövlətlər tərəfindən həyata keçirməyi, yaxud ikitərəfli danışıqlar yolu ilə nizama salmağı düşünür. Təəsüf ki, Ermənistan bu məsələlərdən yayınaraq ATƏT-in minsk qrupunu danışıqlara cəlb etməyi şərt olaraq irəli sürür. Onların əsas niyyəti də Qarabağın dağlıq hissəsində olan separatçıların statusu məsələsinə məhz həmin beynəlxalq təşkilatların baxılmasının mənimsənilməsidir”.
Politoloq bildirib ki, Azərbaycan da Ermənistanın bu yanaşmasını konstruktiv sülhyaratma prosesinə əngəl kimi qiymətləndirir.
“Bu mənada sülhün bağlanması prosesi uzana bilər. İndi də Avropa Birliyinin nümayəndələri prosesə müdaxilə etməyə başlayıblar. Fransa Avropa Birliyinin sədridir. Həmçinin, Avropa Şurası Parlamentinin prezidenti Şarl Mişel də fransızdır. Makron- Şarl Mişel cütlüyü bu məsələyə bu və ya digər formada müdaxilə etməyə çalışırlar. Amma Azərbaycanın öz mövqeyi var və bu mövqedən də çıxış etməkdə davam edəcək.