Bakının istehsal yükü azaldılmalıdır - Aktual

11:48 30.11.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanın inkişaf strategiyasının əsas xətti yalnız paytaxt Bakı və Abşeron yarımadası ilə məhdudlaşmır. Regionların sosial-iqtisadi inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Amma buna baxmayaraq hələ də Bakı ilə regionlarımız arasında böyük bir iqtisadi uçurum mövcuddur. Müşahidələr göstərir ki, bölgələrdə iş yerlərinin sayı yetərli deyil, əməkhaqqı paytaxtla müqayisədə az qala 2 dəfəyə yaxın aşağıdır, özəl sektorun inkişafı zəifdir və s. Başqa sözlə, urbanizasiyanın qarşısını almaq üçün bölgələrdə yetərincə alət mövcud deyil. Bütün bunların nəticəsi olaraq paytaxt Bakı yüklənməkdə davam edir.

Yeri gəlmişkən, 2023-cü ilin doqquz ayı ərzində ölkədə açılan iş yerlərinin sayına nəzər salsaq görərik ki, bölgələr bu məsələdə paytaxtdan yenə də geri qalır. Belə ki, bu ilin 9 ayında ölkəmizdə 60,9 min yeni iş yerləri açılıb. Bu dövrdə iş yerlərinin 92,6 faizi qeyri-dövlət sektorunda açılıb. Amma yeni açılan iş yerlərinin 80,4 faizi Bakı şəhərinin payına düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, yeni açılan iş yerlərinin 1,2 faizi Naxçıvan Muxtar Respublikasının, 18,4 faizi digər regionların, o cümlədən 3,6 faizi Abşeron-Xızı, 2,7 faizi Quba-Xaçmaz, 1,9 faizi Gəncə-Daşkəsən, 1,8 faizi Şəki-Zaqatala, 1,5 faizi Qazax-Tovuz, 1,4 faizi Mərkəzi Aran, 1,4 faizi Şirvan-Salyan, 1,2 faizi Qarabağ, 0,9 faizi Lənkəran-Astara, 0,9 faizi Şərqi Zəngəzur, 0,6 faizi Dağlıq Şirvan, 0,5 faizi isə Mil-Muğan iqtisadi rayonlarının payına düşüb. Yeni açılan iş yerlərinin 9,1 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 90,1 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda, 0,4 faizi isə digər müəssisələr üzrə yaradılıb.
Bəs, görəsən, şəhərdən kəndə axın nə zaman başlayacaq? Bunun üçün hansı addımlar atılmalıdır? Bölgələrdə iş yerlərinin sayı niyə yetərli deyil?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu gün ölkə iqtisadiyyatında yaranmış disbalans insanları kənddən şəhərə köçməyə məcbur edir: “Düzdür, son illər şəhərə gələnlərin sayında müəyyən qədər azalma var, amma bu nəzərəçarpacaq səviyyədə deyil. Çünki əhali bölgələrdə işləməyə iş tapmır. Qeyri-dövlət sektoru regionlarda fəaliyyət göstərməkdə maraqlı deyillər. Bunun da öz səbəbləri var. Və əsas səbəb də iqtisadiyyatımızda mövcud olan problemlərdən qaynaqlanır. Məsələn, Statistika Komitəsinin sonuncu statistik məlumatına görə, son doqquz ayda açılan iş yerlərinin 80 faiz Bakının payına düşüb. Əgər rayonda iş olsa, əhali paytaxta niyə gəlsin ki? Bu gün bölgələrdə bir qrup insan var ki, onlar öz təsərrüfatını yaradıb, minimum da olsa qazanc əldə edə bilir.  Amma əhalinin böyük əksəriyyəti bu şəraitə malik deyil. Ona görə də məcburiyyətdən Bakıya köç edirlər. Bakıda iş yerləri regionlara nisbətən çoxdur. Bunun da obyektiv, subyektiv səbəbləri var. Azərbaycan hökuməti birinci növbədə ölkə iqtisadiyyatında yaranmış disbalansın aradan qaldırılması istiqamətində konkret addımlar atmalıdır. Azərbaycanın dövlət büdcəsinin 90 faizdən çoxu Bakı və onun ətrafında, Sumqayıt, Abşeron da daxil olmaqla bu ərazidə formalaşıb. Ona görə də bu gün Azərbaycanın regionlarında əhali iş axtarır, amma iş tapa bilmir”.

Ekspert vurğulayıb ki, Azərbaycanda qeyri-neft iqtisadiyyatının zəif inkişafı və şaxələndirilməsi özünü regionlarda daha kəskin şəkildə göstərir: “Çünki paytaxtda resurslar müəyyən qədər bu çatışmamazlığı kompensasiya edir. Ona görə də qeyri-təbii urbanizasiyanın qarşısını almaq üçün bölgələr üzrə iqtisadi göstəricilərin dəyişməsinə çalışmaq lazımdır. Bölgələrə daha çox investisiya yatırmaq, dövlətin təşəbbüslərindən başqa, sahibkarların, iş adamlarının da investisiya yatırmasına nail olmaq, rəqabət mühitinin yaxşılaşdırılmasına çalışmaq lazımdır. Dünya praktikasında iqtisadi inkişafı və bundan irəli gələrək məskunlaşma səviyyəsini yüksəltmək üçün bir sıra güzəştlər tətbiq edilir. Tutaq ki, aşağı faizli kreditlər, vergi güzəştləri və s. Amma bu gün Azərbaycanda sahibkarlığın inkişafına mane olan müəyyən səbəblər mövcuddur. Bu problemlər aradan qaldırılmalıdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən yeni insanlar ortaya çıxsın, hətta xarici inverstorlar üçün Azərbaycan cəlbedici olsun. Əgər biz sahibkarlığın inkişafına mane oluruqsa, bu halda heç vaxt nə kütləvi şəkildə iş yerləri aça, nə də ölkədə əmək bazarının formalaşmasına nail ola bilərik. Bu problemin açarı bir qanunla, bir qərarla həll olunan iş deyil. Sahibkarlığın inkişafına mane olan problemlər aradan qaldırılandan sonra Azərbaycanın istənilən bölgəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan adamlar ortaya çıxacaq”.

Məsələyə münasibət bildirən iqtisadçı Eyyub Kərimli hesab edir ki, bölgələrdə işsizliklə bağlı məsələnin həlli yalnız dövlətin öhdəliyi deyil, bura özəl sektorun bir fəaliyyəti olmalıdır: “Özəl sektor üçün münbit şərait yaradılmalıdır ki, bunu da dövlət müəyyən vergi güzəştləri ilə, ya da stimullaşdırıcı tədbirlərlə həyata keçirməlidir. Məsələn, kommunal xidmətlərin qiymətinin azaldılması, müəyyən vergi  güzəştləri, ya da güzəştli kreditlər vasitəsilə daha çox bölgələrdə istehsal sahələrinin açılmasına, yeni iş yerlərinin açılmasına dəstək olmalıdır. Bu baxımdan, əlbəttə, bugünlərdə yeni iş yerlərinin açılması bölgələrin inkişafına daha müsbət təsir göstərərdi. Sözsüz, düşünürəm ki, bununla bağlı müəyyən proqramlar həyata keçirilir. Xüsusilə də kənd təsərrüfatı sahəsində uzunmüddətli güzəştli kreditlərin və stimullaşdırıcı tədbirlərlə bağlı maliyyələr ayrılır. Həm də istehsal şahəsı ilə məşğul olan sahibkarlara da bu güzəştlər tətbiq edilməlidir. İrihəcmli istehsal sahələrinin açılması regionlarda daha da stimullaşdırılmalıdır. Digər tərəfdən, artıq regionların büdcədən dotasiyası ləğv olunub. Cəmi yeddi rayon dotasiya alır. Region rəhbərləri də xarici investisiyanın cəlb olunmasında daha maraqlı olmalıdırlar. Bu baxımdan, ciddi işlər həyata keçirilməlidir. Yeni iş yerlərinin açılmasında dövlət tənzimləyici və stimullaşdırıcı rolda çıxış etməlidir. Daha çox özəl sektorun həvəsləndirilməsi və şərait yaradılması ilə həyata keçirilməlidir. Yəni, bu məsələdə region rəhbərlərinin də üzərinə böyük məsuliyyət düşür. Yeni investorların cəlb edilməsinə, paytaxtdan investorların cəlb olunmasına şərait yaratmalıdırlar. Digər tərəfdən, hər rayonun spesifik xüsusiyyətlərinə uyğun mini istehsal və emal sahəsi durmalıdır. Əlbəttə ki, bəzi rayonlar var ki, burada emal sahəsinə üstünlük verilməlidir. Bu meyvəçilik, tərəvəz daha zəngin olan bölgələrə aiddir. Heyvandarlıq çox olan bölgələrdə biz ət məhsullarının istehsalı sahələrini qura bilərik. Müxtəlif sahədə çalışan sahibkarların regionlara cəlb olunmasına da elmi yanaşma olmalıdır”.

 

Oxunma sayı 130