Başını örtməyən iranlı qadın 74 şallaq cəzasına məhkum edildi

09:32 09.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın məhkəmə orqanları bildiriblər ki, “İran hakimiyyəti qadını ictimai əxlaqı pozduğuna, yəni başını örtmədiyinə görə 74 şallaq və pul cəzasına məhkum edib”.

Hafta.az-ın “Mizan Online”yə istinadən yazdığına görə, “müttəhim” Röya Həşməti Tehranda izdihamlı ictimai yerlərdə biabırçı görünməklə əxlaqsızlığa təşviq edib. Onun cəzası qanuna və şəriətə uyğun olaraq 74 şallaq zərbəsi olub. O, ictimai əxlaqı pozmaqda ittihamlanıb.

Qeyd edək ki, 1983-cü ildən İranda hicab geyinmək qadınlar üçün məcburidir.

İranda “ciddi geyim qaydalarını” pozduqlarına görə qadınların döyülməsi adi hal deyil, lakin hakimiyyət bu qaydalara zidd olanlara qarşı getdikcə daha sərt tədbirlər görür. Xüsusilə 2022-ci ilin sonlarında İslam Respublikasının sərt geyim qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən həbs edilən gənc qadın Məhsa Əmininin ölümünün ardıyla başlayan etirazlardan sonra İran rejimi başını örtməyənlərə qarşı daha sərt tədbirlər görür. 

Aksiyalar zamanı qadın nümayişçilər baş örtülərini çıxarıb, hətta yandırıblar. Bəzi qadınlar geyim qaydalarına əməl etməməyə başladılar və bu, təzyiqə səbəb olub.

Hankav Təşkilatı Heşmatinin 33 yaşında və kürd əsilli olduğunu bildirib. Gənc qadının vəkili Maziar Tatai İranın islahatçı “Şərq” qəzetinə bildirib ki, Heşməti ötən ilin aprelində “sosial şəbəkədə hicabsız foto yayımladığı üçün” həbs edilib.

Vəkilin sözlərinə görə, Heşməti “ictimai yerlərdə İslam qaydalarına uyğun hicab taxmadığına görə” 12 milyon İran rialı (təxminən 25 dollar) məbləğində cərimə ödəməyə məhkum edilib.

İran hakimiyyəti qanun pozuntularını izləmək üçün ictimai yerlərdə təhlükəsizlik kameraları quraşdırıb və qaydaları pozan mağazaları bağlayıb.

İran parlamenti ciddi geyim qaydalarını pozanlara qarşı cəzaların artırılmasını nəzərdə tutan qanun layihəsini də müzakirə edib.

Ölkənin bəzi şəhərlərində əxlaq polisi tərəfindən zaman-zaman müxtəlif bəhanələrlə təqiblərə şahid olurlar. Əxlaq polisinin geniş səlahiyyətləri var və örtmə qanununu pozduğuna inandıqları insanları izləmək üçün vətəndaşlara qarşı zorakılıq tətbiq edir.