Türkiyə Meşə Təsərrüfatı Baş İdarəsi ilə BƏƏ-nin Ankaradakı səfirliyinin rəsmiləri arasında görüş keçirilib. Səfir Səid Sani əl-Zahiri və Meşə təsərrüfatının baş direktoru Bəkir Karacabəy görüşdən sonra mətbuata açıqlama veriblər.
Hafta.az-ın yazdığına görə, BƏƏ səfiri Səid Sani əl-Zahirinin ölkəsi ilə Türkiyə arasında əlaqələrin 50-ci ildönümünü qeyd etdiyini xatırladaraq, “Cümhuriyyətin gözəl torpaqlarında xatirə meşəsinin salındığını bildirməkdən qürur duyuruq" deyib.
Ölkəsinin Türkiyədə 50 min monumental ağacın əkilməsi layihəsinin olduğunu açıqlayan Zahiri bunu “iki dost ölkənin xalqını bir araya gətirən dostluq simvolu” kimi qiymətləndirib.
Zahiri biomüxtəlifliyin qorunub saxlanmasının vacibliyini vurğulayaraq, bu təşəbbüsün BƏƏ-nin ətraf mühitin qorunması və davamlılığın təşviqi öhdəliyi çərçivəsində edildiyini bildirib.
Bu il noyabrın 30-dan dekabrın 12-dək BƏƏ-nin ev sahibliyi ilə Dubayda keçiriləcək 28-ci COP28 beynəlxalq Konfransına toxunan Zahiri qeyd edib ki, bu tədbir beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyi problemlərinə sadiqliyini ifadə etməsi baxımından vacibdir.
Zahiri prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın ətraf mühitin qorunması, xüsusilə də “Sıfır Tullantı Təşəbbüsü” təşəbbüsünü yüksək qiymətləndirib.
Meşə təsərrüfatının baş direktoru Bəkir Karacabəy sənayeləşmə və dünya əhalisinin artması səbəbindən iqlim dəyişikliyinin dünya üçün təhlükə yaratdığını, heç bir ölkənin bu problemlə mübarizədən kənarda qalmasının mümkün olmadığını bildirib.
Dünyada meşə əhalisinin azalmağa meylli olmasına baxmayaraq, Türkiyənin meşə varlıqlarını artırdığına və 6,6 milyard fidan əkildiyinə diqqət çəkən Karacabəy Türkiyənin dünya əhalisini təmsil edəcək 7 milyard ağac əkmək hədəfinə yaxınlaşdığını bildirib. Bu məqsədə çatmaq üçün əkiləcək 50 min tingin BƏƏ tərəfindən verildiyini bildirən Karacabəy, BƏƏ səlahiyyətlilərinə töhfələrinə görə təşəkkür edib.
Əkilməsinə başlanılan 50 min tingdən 40 mini Çanaqqalada, 10 mini isə Ankaranın Pursaklar rayonunun Abadan kəndində əkiləcək. Bundan əlavə, nümayəndə olaraq Atatürk Meşə Təsərrüfatında da (AOÇ) 120 ədəd ting torpaqla qovuşdurulacaq.