Belarusun demokratik müxalifətinin lideri Svetlana Tsixanovskaya sosial media hesabında Rusiyanın qanunsuz ilhaqını qanuniləşdirmək üçün 16 mart 2014-cü ildə işğal olunmuş Krımda keçirdiyi saxta referendumun 12-ci ildönümü ilə bağlı açıqlama verib.
Hafta.az yazır ki, mühacirətdə olan müxalifət lideri Tsixanovskaya açıqlamasında deyib: “Krım Ukraynadır. On iki il əvvəl, Rusiya Ukrayna ərazisini işğal etdikdən sonra bu gün saxta referendum keçirib. Krımın işğalı 2022-ci ildə tammiqyaslı işğala aparan addımlardan biri olub. İşğala heç vaxt haqq qazandırıla bilməz. Təcavüzə heç vaxt mükafat verilməməlidir”.
16 mart 2014-cü ildə işğal olunmuş Krımda kamuflyajlı rus əsgərlərinin nəzarəti altında saxta referendum keçirilib. İki gün sonra, 18 mart 2014-cü ildə Kremldə “Krımın Rusiyaya birləşdirilməsi haqqında müqavilə” imzalanıb. İşğalçı Rusiya qanunsuz hərəkətini qanuniləşdirmək üçün qondarma referendum təşkil edib.
2014-cü ilin fevral ayında Rusiya Ukraynaya məxsus Krım yarımadasını işğal etmək üçün hücuma başlayıb. Silahlı rus əsgərləri Krımla Xerson bölgəsi arasındakı inzibati sərhəddə nəzarət məntəqələri qurdular. Onlar Krımdakı strateji nöqtələri və hökumət binalarını ələ keçirdilər, Ukrayna qoşunlarının yerləşdiyi hərbi bazaları mühasirəyə aldılar.
6 mart 2014-cü ildə qondarma Krım Parlamenti Krımı Rusiyaya birləşdirmək və 16 martda Krımın statusu ilə bağlı "referendum" keçirmək qərarına gəlib. Referendum Krım sakinlərinə 1992-ci il Krım Respublikasının Konstitusiyasına əsasən Rusiyaya qoşulmaq və ya Ukraynanın tərkibində muxtar bölgə kimi qalmaq seçimini təklif edib.
1992-ci il Krım Respublikasının Konstitusiyasında Krımın öz dövlət orqanlarına malik olduğu, "könüllü olaraq Ukraynaya verilənlər istisna olmaqla, bütün səlahiyyətləri öz ərazisində həyata keçirdiyi" və Krımın geniş muxtariyyətə malik olduğu təsbit edilmişdi. Konstitusiya yarımadanın müstəqil Ukraynanın bir hissəsinə çevrilməsindən dərhal sonra Krım Parlamenti tərəfindən qəbul edilib. Kreml bu konstitusiyadan Krım üzərində nəzarəti ələ keçirmək üçün istifadə etməyə çalışıb. Lakin Ukrayna Parlamenti bu sənədi konstitusiyaya zidd hesab edərək ləğv edib. Əslində, 16 mart 2014-cü il tarixli qondarma referendumda Krımın Ukraynanın tərkibində qalması variantı nəzərdə tutulmamışdı.
Rusiya silahlarının lüləsi altında keçirilən qondarma referendum Rusiya tərəfindən "Krım sakinlərinin iradəsinin təzahürü" kimi təsvir edilir. Moskva iddia edir ki, bu, bütün səviyyələrdə yerli qanunlara və beynəlxalq təcrübəyə uyğun olaraq keçirilib.
Qondarma referendumdan əvvəl belə Ukrayna səsvermə prosesini qanunsuz və konstitusiyaya zidd elan etdi. 15 mart 2014-cü ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası qondarma referendumu "etibarsız" elan edən qətnaməyə baxıb. Lakin qətnamə Rusiya tərəfindən bloklanıb. Venesiya Komissiyası, Avropa Birliyi (AB) və ABŞ qanunsuz keçirilən referenduma qarşı çıxıb və Krım Tatar Milli Məclisi (KTMM) krımlıları, xüsusən də Krım tatarlarını referendumu boykot etməyə çağırıb.
6 mart 2014-cü ildə KTMM Krım xalqını Parlamentin qanunsuz qərarı əsasında keçiriləcək referendumu boykot etməyə çağırıb.
Buna baxmayaraq, 16 mart 2014-cü il tarixində, saat 8:00-da işğal olunmuş Krımda 1205 seçki məntəqəsi açılıb. Seçki məntəqələri açılan kimi, qondarma səsvermə zamanı baş verən qanun pozuntuları barədə məlumatlar sosial mediada paylaşılmağa başlayıb. Rusiya vətəndaşları da daxil olmaqla, istəyən hər kəsə çoxsaylı bülletenlər paylanıb.
İşğalçıların qondarma referendumda seçici fəallığı ilə bağlı açıqladığı "rəsmi məlumatlar" da ciddi şübhələr doğurur. Kremlin nəzarətində olan qondarma Seçki Komissiyası seçici fəallığının təxminən 83 faiz olduğunu açıqlanıb. İddia edilirdi ki, iştirak edənlərin 96,77 faizi "Krımın Rusiyaya birləşdirilməsinə" səs verib.
18 mart 2014-cü ildə Kremldə "Krımın Rusiyaya birləşdirilməsi haqqında müqavilə" imzalanıb.
Digər tərəfdən, Krım tatar xalqının milli lideri Mustafa Əbdülcəmil Kırımoğlu gizli FSB hesabatlarına istinadən bildirib ki, qondarma referendumda seçici fəallığı təxminən 34,2 faiz təşkil edib, yəni Krım tatarlarının 99 faizi səs verməyib.