Bərpa işlərinə dəstək vermək istəyirəm - Vasif Kazımov

13:00 29.07.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Vasif Oruc oğlu Kazımov. Rusiyanın Perm vilayətində fəaliyyət göstərən iş adamı, ictimai fəal, Dobryanka şəhərində Azərbaycan cəmiyyətinin sədri. 1967-ci ildə Zəngilan rayonunun 2-ci Ağalı kəndində anadan olub. Orta məktəbi bu kənddə bitirib. 1985-1987-ci illərdə Arxangelskdə həqiqi hərbi xidmətdə olub. 1988-1994-cü illərdə İnşaat Mühəndisləri İnstitutunun avtomobil yolları fakültəsində ali təhsil alıb. 2021-ci ildə Perm şəhərində Dövlət Aqrar Texnoloji Universitetinin menecment fakültəsini qırmızı diplomla bitirib. 1995-ci ildən Perm vilayətində yaşayır. Hazırda orada iş adamı kimi fəaliyyətini davam etdirir. 2010-cu ildən yaşadığı şəhərdə Azərbaycan Cəmiyyətinə sədrlik edir. Dobryanka şəhərində  2013-2018-ci il üçüncü çağırış, 2018-ci ildə isə 4-cü çağırış parlamentin üzvü seçilib. Hazırda Perm vilayətində həm iş adamı, həm də ictimai xadim kimi fəaliyyətini davam etdirir.

44 günlük Vətən müharibəsi dövründə həm Azərbaycanda, həm də hüdudlarımızdan kənarda yaşayan soydaşlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ətrafında bir vücud kimi birləşdi. Müharibə başa çatıb və azad edilmiş ərazilərimizdə bərpa işlərinə start verilib. Bəs bu prosesdə xaricdə yaşayan iş adamlarımızın iştirakı nə dərəcədə təmin edilir? Onların marağı hansı səviyyədədir? Bu və digər məsələlərlə bağlı hafta.az-ın suallarını  Rusiyanın Perm vilayətində fəaliyyət göstərən iş adamı, ictimai fəal, Dobryanka şəhərində Azərbaycan cəmiyyətinin sədri Vasif Kazımov cavablandırıb. Maraqlı söhbət alınıb. Buyurun,siz də oxuyun:

- Vasif müəllim, Vətən Müharibəsi dövründə Rusiyada yaşayan iş adamlarımızın, soydaşlarımızın dəstəyi nə dərəcədə hiss edildi?

- Mən bu məsələdə ən böyük yeri mənəvi dəstəyə verərdim. Müharibə zamanı Azərbaycanın daxilində yaşayan vətəndaşlarımızdan başqa, kənarda məskunlaşan azərbaycanlılar onlardan da çox bu işdə maraqlı idilər. Gecə səhərə qədər xəbərləri izləyir, yaşayış məntəqələrimizin azad edilməsi ilə bağlı məlumatları səbirsizliklə gözləyirdik. Hər dəfə bu cür xəbərləri eşidəndə bir-birimizi təbrik edir, Azərbaycandakı yaxınlarımıza zəng vurub sevincimizi onlarla da bölüşürdük. Təbii ki, mənəvi dəstəkdən başqa maddi yardımlar da edilib. Sağ olsun xalqımız. Möhtərəm Prezidentimizin də vurğuladığı kimi, Vətən Müharibəsi zamanı xalqımız Dmir Yumruq kimi bir oldu.

- Artıq müharibə başa çatıb və işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinə start verilib. Dövlətin bu istiqamətdə atdığı addımları necə dəyərləndirirsiz?

- Çox yüksək qiymətləndirirəm. Həm sosisal şəbəkələr, həm televiziya kanalları vasitəsi ilə bu işləri yaxından izləyirəm.

- Prezident çıxışlarında xaricdə yaşayan iş adamlarımızı bərpa işlərinə dəstək verməyə səsləyib. Bu gün məlum çağırışa Rusiyadakı iş adamlarımızın reaksiyası hansı səviyyədədir?

- Bu reaksiyanı qaneedici hesab etmək olar. Mən özüm həmin iş adamlarından biri olaraq, quruculuq işlərində kömək göstərməyə hazır olduğumu bildirmək üçün müvafiq orqanlara ərizə ilə müraciət etmişəm. Həmçinin nazirliklə əlaqə saxlayıb maliyyə yardımı edə biləcəyimi də söyləmişəm. Müraciətimdə işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafına hərtərəfli dəstək göstərə biləcəyimi qeyd etmişəm. Bu sahəni daha yaxşı bilirəm. Mütəxəssis olduğum üçün bütün bilik və bacarıqlarımla işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının dirçəldilməsinə yardım etməyə hazıram.

- Bəs müraciətinizə nə cavab verildi?

- Müraciətə 2 dəfə cavab gəldi. Deyildi ki, "Gözləyin, 1 ay ərzində sizə məlumat veriləcək". Sonra həmin nömrələrə özüm zəng etsəm də, qeyri-müəyyən səbəbdən cavab ala bilməmişəm. Artıq üstündən 5 ay keçib, hələ ki gözləyirik.

- Özünüzün də doğulub boya-başa çatdığınız Zəngilan rayonu Ağalı kəndində "ağıllı kənd" layihəsi icra edilir. Elə həm siz özünüz, həm də başqa iş adamları tərəfindən bu cür layihələr hazırlanıb təqdim edilirmi?

- Bəli, mən nazirliklə əlaqə saxladım. Sonra onlar mənə cavab verəndə "Biznes plan lazımdırmı?" deyə soruşdum. Cavab belə oldu ki, "Yazdığınız müraciətdə hər şey aydın göstərilib, inşallah sizi kənarda saxlamarıq".

- Diaspor komitəsi ilə münasibətləriniz necədir? Problemləri qaldırmaq üçün onların xətti ilə də müvafiq qurumlarla əlaqə yarada bilirsinizmi?

- Əlbəttə, biz bunu da elə bilərik. Mənə elə gəlir ki, ilk növbədə müvafiq orqanların göstərişləri üzrə hərəkət etsək daha doğru olar. Əsas plan onların əlindədir.

- Bu gün işğaldan azad edilmiş ərazilərin bərpa prosesində ən böyük maneələrdən biri mina xəritələrinin olduğu göstərilir. Bu məsələ Rusiya siyasi xadimləri qarşısında qaldırılırmı? Reaksiyaları hansı formada olur? Məcburi köçkün iş adamı olaraq bu məsələyə ən maraqlı olan tərəflərdən biri elə sizsiniz.

- Əlbəttə, biz bu məsələnin müsbət həllində çox maraqlıyıq. Gücümüz çatan qədər məsələni ictimailəşdirməyə çalışırıq. Ancaq siz özünüz də bilirsiniz, biz hələ elə yüksək mərtəbəyə qalxa bilməmişik ki, kimlərəsə göstəriş verək.

- Səbəb nədir?

- Səbəb odur ki, bu, dövlətlərarası siyasi məsələdir. 

- Ölkədə bir müddət əvvəl diaspor komitəsi tərəfindən YAŞAT Fonduna maliyyə dəstəyi marafonu keçirildi. Rusiyada yaşayan iş adamlarımız bu işə dəstəklərini nə cür göstərdilər?

- Həmin marafonlarda biz də iştirak edirik. Perm vilayətindən gələn yardımlardan, yəqin ki, sizin də xəbəriniz var. Tək biz yox, Azərbaycan xalqının adını yaşadan hər kəs dəstək göstərdi və buna davam edirlər.

- Doğulub böyüdüyünüz Ağalı kəndinə getməklə bağlı müraciətlər etmisiz?

- Bəli.

- Nə cavab verildi?

- Mən həmin vaxt Azərbaycanda idim. Ərizəmlə müraciət etdim ki, Ağalı kəndindən qaçqın kimi çıxmışam. Baxmayaraq ki, həmin vaxt Bakıda ali təhsil alırdım. Lakin qeydiyyatım Ağalıdadır. Hələ ki təkcə siyahıya alınmışıq, başqa xəbər yoxdur.

- Vasif müəllim, istərdim ki, bir az da Rusiyada yaşayan soydaşlarımızın fəaliyyəti haqqında danışaq. Sizlərə ermənilər, yaxud da başqa kimlərsə tərəfdən maneələr var? Bilirik ki, orada erməni iş adamları heç də az deyil. Bütün bu münasibətlər nə cür tənzimlənir?

- Bəlkə də hansısa siyasi addımlar atılır, ancaq bunu açıq şəkildə həyata keçirmirlər. Nə seçkilərdə, nə də ictimai yığıncaqlarda bu cür söhbətlərlə qarşılaşmamışam. Bəzən xırda-para söz-söhbətlər olur. Fikrimcə, buna əhəmiyyət verməyə dəyməz. Biz öz sözümüzü cənab Prezidentin rəhbərliyi ilə 44 günlük müharibə zamanı dedik. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin.  Biz Dəmir Yumruğun gücünü göstərdik.

Mən bir qədər millətpərəstəm. Bir azərbaycanlı kimi hər zaman haqqı çatdırmağa çalışmışam. Xalqımızın mədəniyyətini dünyada tanıtmağa səy göstərmişəm. Bunu da deyim ki, 2014-cü ildə bir müsahibə vermişdim. O vaxt da demişdim ki, bu 1-2 günün işi deyil. Prezidentimiz siyasi arenada öz sözünü deyən siyasətçilərdən biridir.

2009-cu ildə Azərbaycanda ova çıxmışdım. Böyük qardaşım demişdi ki, "İlham Əliyevin rəhbərlik etdiyi dövrü, illər keçdikdən sonra xalqımız "qızıl dövr" adlandıracaq". Bu fikirlərin öz yerini necə tapdığı göz önündədir. Yəni bütün xalq torpaq həsrəti çəkirdi. Möhtərəm Prezidentin düzgün siyasəti ilə məsələ öz həllini tapdı. Xalqımıza müraciət edirəm ki, bundan sonra da bir-birimizlə sıx əlaqələr quraq. Torpaqlarımızın abadlaşdırılması üçün hamı bacardığını etməlidir.  Müəyyən qurumlardan da xahişim o olardı ki, abadlaşdırma işlərinə dəstək olmaq istəyənlərə müvafiq şərait yaradılsın. Son vaxtlar belə bir dəb düşüb. Kimin nə problemi oldu, Prezidentə üz tutur, ona müraciət edir. O, tək bir nəfərdir. Vaxtı da çatmaz hamının problemini tək başına həll etsin. Qurumlar bu işlə ciddi məşğul olmalıdırlar.

- Çağırışınızdan sonra belə bir sualım yarandı: bəlkə elə Rusiyada yaşayan iş adamları nümayəndə heyəti formalaşdıraraq müvafiq qurumlarla ölkəmizdə görüşlər təşkil etsinlər?

- Bu məsələni ölkəmizin müvafiq orqanları bir çağırış və dəvət şəklində həyata keçirsələr, daha məqsədəuyğun olar. Bu, daha effektli nəticə verər.

Oxunma sayı 2123