Böyük Qayıdış layihələri ilə bağlı ictimai müzakirələr təşkil olunmalıdır - Elşad Məmmədov

12:17 03.08.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

"Odlar yurdu" universitetinin professoru, iqtisadi ekspert Elşad Məmmədovla hafta.az üçün növbəti söhbətimizdə işğaldan azad torpaqlara  Böyük Qayıdış proqramının icrası zamanı neqativ halların, korrupsiyanın qarşısının alınması, tikinti, bəpra-quruculuq layihələrin icrası zamanı şəffaflığın qorunması, işğaldan azad torpaqlara dönən vətəndaşların işlə mümkün qədər  tez təmin olunması və s. mövzularda danışdıq.

- Elşad bəy, işğaldan azad torpaqlara Böyük Qayıdış proqramının icrası zamanı neqativ hallardan qorunmaq üçün hansı iqtisadi və hüquqi mexanizmlərdən yararlanmaq olar?

- Sözsüz ki, neqativ halların olması, korrupsiyaya meyilliyin mövcudluğu, iqtisadi proseslərə, sosial həyata öz mənfi təsirini göstərməkdədir. Bununla yanaşı, müasir şəraitdə həmin neqativ hallarla, korrupsiya ilə mübarizə ilə bağlı dövlətin imkanları sovet dövrü ilə müqayisədə xeyli dərəcədə artıb. Hazırda rəqəmsallaşma bütün əmək münasibətlərinin təxminən 90 faizini tam şəkildə əhatə edə bilər ki, bu da hər hansı neqativ halların olmasının qarşısını ala bilər. Yeri gəlmişkən, son illərdə elektonlaşma ilə, şəffaflaşma ilə bağlı tədbirlər də bunun nümunəsidir, bunun göstəricisidir. Faktiki olaraq doğrudan da kölgə iqtisadiyyatıyla mübarizə nöqteyi-nəzərindən iqtisadiyyatın leqallaşdırılması baxımından müsbət nəticələr mövcuddur. Ona görə də işğaldan azad olunmuş ərazilərdə bərpa, quruculuq işləri və orada formalaşan iqtisadi idarəetmə ilə bağlı neqativ halların, korrupsiya meyillərinin aradan qaldırılması istiqamətində düşünürəm ki, müsbət nəticələri gözləmək mümkündür. Ölkə Prezidentinin  də qeyd etdiyi kimi, həmin bölgədə formalaşacaq iqtisadi idarəetmə sistemini sonra tədricən digər bölgələrə də yaymaq lazım olacaq...

- Sizdə məlumat varmı ki, Zəngilanın Ağalı kəndindəki “ağıllı kənd” layihəsinə nə qədər vəsait sərf olunub və həmin layihə konkret hansı yerli və ya xarici şirkətlər tərəfindən icra olunub? Və yaxud bundan sonra gözlənilən Füzulinin Dövlətyarlı kəndindəki “ağıllı kənd” layihəsinə nə qədər vəsait ayrılıb və onun icrasını hansı şirkətlər həyata keçirəcək?

 - Burada qeyd olunmalı bir məqam var. Söhbət ondan gedir ki, bəhs edilən layihələrlə bağlı sifarişçi dövlət qurumları internet səhifələrində kütləvi informasiya vasitələrində elanlar yerləşdirə bilər. Hansısa məlumatlar səsləndirilir. Həmçinin böyük ehtimalla podratçı şirkətlər barədə də məlumatlar sosial şəbəkələrdə, internet resurslarında tapıla bilər. Amma əsas problem o deyil ki, həmin şirkətlər barədə məlumatlar yoxdur. Əsas məsələ ondan ibarətdir ki, ictimai müzakirələr təşkil olunmalıdır.  Dövlət qurumları ekspert cəmiyyətlərinə, ictimai sektor nümayəndələrinə, qeyri-hökumət təşkilatlarına müraciət etməlidir və birgə müzakirələr aparılmalıdır. Dövlət qurumları qapalı fəaliyyət göstərməməlidir. Yalnız hansısa saytlarda elanların yerləşdirilməsi ilə məsələ məhdudlaşmamalıdır. Misal üçün, hansısa rayon icra hakimiyyəti hər hansı bir parkda ildə 5 dəfə təmir işləri aparırsa və bunu əsaslandırırsa ki, orada bu işlərin görülməsinə ehtiyac var, amma ictimai fikir bununla razılaşmırsa, onda bu tədbirlərin keçirilməsinə nə ehtiyac var. Həmçinin müstəqil mütəxəssislərin də cəlb olunması təmin edilməlidir. Əks halda, sözsüz ki, hansısa dövlət qurumlarının öz rəsmilərinin maraqlarından, maraqlar konfliktindən söhbət gedə bilər ki, orada da müəyyən neqativ hallar mümkün ola bilər. Əgər həmin qurumdakı insanların buna meyli varsa... Mütəxəssislərin, özü də tamamilə müstəqil mütəxəssislərin proseslərə qoşulması, düşünürəm, tamamilə müsbət nəticələrə səbəb ola bilər...

- İşğaldan azad torpaqlara dönən vətəndaşların işlə mümkün qədər  tez təmin olunması, sosial müdafiəsinin təşkil edilməsi üçün hansı tədbirlər görülməlidir?

- İşğaldan azad bölgələrdə, ilk növbədə, işgüzar mühit formalaşdırılmalıdır, investisiyalar artmalıdır, iqtisadiyyatda pul kütləsi artmalıdır. Əks halda, bəhs edilən ərazilərdə  məşğulluğun təmin olunmasını, nə də həmin bölgələrdə və bütövlükdə ölkədə yerli real istehsal sektorunun inkişafını təmin edə bilməyəcəyik. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Elə əksəriyyət düşünür ki, dövlət iş yerləri açsın, dövlət müavinət ödəsin, müavinətləri artırsın və s. Amma bunların hamısının iqtisadi əsasları olmalıdır. Bu iqtisadi əsas güclü, rəqabət qabiliyyətli və yüksək texnoloji iqtisadiyyatla bağlıdır. Bunlar olmayan halda dövlət tərəfindən görülən tədbirlərlə biz inflyasiya, digər iqtisadi problemlər, məşğulluğun qeyri-tarazlı olması, yəni hansısa bir iqtisadi sektorda çalışanların sayının başqa sahələrdən çox olması və s. kimi problemlərlə, qeyri-tarazlı sosial inkişafla mübarizə apara bilmərik. Təsəvvür edin ki, əgər ölkənin real iqtisadi gücünün tam əksəriyyəti, böyük əksəriyyəti iqtisadiyyatın bir sahəsində - neft-qaz sektorunda formalaşırsa və həmin sektorda çalışanların sayı olduqca məhduddursa, onda hansı tarazlı sosial-iqtisadi inkişafdan söhbət gedə bilər? Bu halda dövlət  məcbur olur ki, başqa sahələrdə çalışan insanlara sosial müavinətlər versin, hansısa ödənişlər etsin. Dövlətin bunları etməsi real iqtisadi mexanizmin lazımi səviyyədə işləməməsi ilə bağlıdır.  Dövlət sosial ödənişləri əhalinin fiziki imkanları məhdud olan digər həssas kateqoriyalarına etməlidir. Əhalinin əksər hissəsinin  sosial ödənişlər və dövlət tərəfindən açılan yeni iş yerləri vasitəsilə xərclərini qarşılamağa çalışması bazar iqtisadiyyatında adekvat yanaşma hesab oluna bilməz. Ona görə də iqtisadiyyatda tamamilə fundamental olaraq inkişaf prosesləri, investisiyalara, real iqtisadi dəyərin yaradılmasına bağlı fundamental iqtisadi proseslər getməlidir ki, bunlar hesabına yeni iş yerləri açılsın, bunlar hesabına istehsal artsın, yerli istehlak bazarında yerli istehsalı görək. Özü də 70 faiz ölkəmizdə həyata keçirilən yerli istehlak malları lazımdır. Belə olan halda yeni iş yerləri də olacaq. Özü də yüksək əməkhaqqı tutumlu... Belə olan halda ixracımız da şaxələndiriləcək, inflyasiya ilə mübarizə də  effektiv olacaq. Odur ki, bütün bu proseslərdə sistemli və kompleks yanaşmalar olmalıdır.

- Bu saat vətəndaşları, xüsusən yaxın gələcəkdə həmin torpaqlarda məskunlaşacaq məcburi köçkünləri narahat edən problemlərdən biri işğaldan azad ərazilərə, xüsusən Kəlbəcər, Laçın, Qubadlı rayonlarına müxtəlif adlar altında gedən şəxslərin oradakı yerüstü və yeraltı sərvətlərin  qanunsuz istismarıyla məşğul olmaları, məsələn, vəhşi heyvan, quş və balıqların qeyri-qanuni və bəzən də vəhşicəsinə ovlanması, ağacların qırılması, meşələrin yandırılması, həmçinin salamat və ya nisbətən salamat qalmış yaşayış və inzibati binaların talan edilməsi və s. barədə informasiya və şayiələrdir...

- Hesab edirəm, Azərbaycan dövlətinin istər işğaldan azad edilmiş, istərsə də digər ərazilərdə ölkənin təbii sərvətlərinin istismarı zamanı baş verə biləcək qanun pozuntularının qarşısını almaq üçün kifayət qədər gücü var. Azərbaycanın təbii resurs bazası, o cümlədən işğaldan azad edilmiş torpaqlardakı resurslarımız  milli iqtisadiyyatımızın inkişafına, ölkə əhalisinin sosial rifahının yüksəlməsinə xidmət etməlidir. Həmin resurslar bütün xalqın sərvəti kimi qəbul olunmaqla müvafiq qanun-qaydalar çərçivəsində istifadə olunmalıdır. Eyni zamanda bu proses gələcək nəsillərə də həmin təbii resurs bazasının effektiv şəkildə saxlanılmasıyla reallaşdırılmalıdır. Yəni təbii sərvətlərimiz yalnız ayrı-ayrı fərdlərin iqtisadi maraqlarına deyil, xalqın və dövlətin uzunmüddətli, dayanıqlı maraqlarına uyğun istismar  edilə və idarə oluna bilər. Burada müvafiq dövlət qurumlarının sərt qanunlar çərçivəsində, amma eyni zamanda görülən tədbirlərin ictimaiyyətə çatdırılması şərti ilə fəaliyyətinə ehtiyac var.

- Hazırda Azərbaycanda turizm infrastruktrundakı qiymətlər, qonşuluqdakı, regiondakı, hətta Türkiyə və Avropanın bəzi ölkələrindəki qiymətlərdən çox bahadır. Hələ Böyük Qayıdış başa çatmamış Şuşa şəhərindəki otellərin, restoranların həddindən artıq baha qiymətlər olması da məlumdur. Əgər gələcəkdə də Qarabağda, Zəngəzurdakı turizm və istirahət obyektlərində belə qiymətlər tətbiq olunarsa, dövlət büdcəmiz həmin sahələrdən gözlənilən gəlirləri götürə biləcəkmi?

- Təəssüflər olsun ki, dediyiniz hal yalnız turizm sektoruna yox, bütövlükdə iqtisadiyyatımıza xasdır.  Faktiki olaraq biz iqtisadiyyatımızda alıcı bazarını deyil, bir çox hallarda satıcı bazarını müəyyənləşdirmişik. Bu da onunla izah olunmalıdır ki, bazarlarda inhisarçı mövqelərin çox olması istər-istəməz qiymət artımına şərait yaradır. Rəqabət mühitinin zəif olması qeyri-iradi satıcının alıcıya diqtə etməsinə şərait yaradır. Bax, bu böyük bir problemdir.  Həmin problemdən çıxış yolu kimi o cümlədən turizm sektorunda daha çox şirkətin bazarda olmasını təmin etməliyik və daha çox rəqabətin olmasına şərait yaratmalıyıq. Bu üsulla biz istehsalçıların, alıcıların bazarını formalaşdıra bilərik ki, alıcının seçim imkanı olsun: hansı turizm şirkətinə, müraciət etsin, hansı oteldə qalsın, hansı xidmət satıcısının xidmətini əldə etsin. Ona görə də biz bu prosesi, yəni real rəqabət mühitini formalaşdırmayınca istər hazırda fəaliyyətdə olan turizm zonalarında, istərsə də işğaldan azad torpaqlarımızda yaradılacaq zonalarda qiymət artımıyla dayanıqlı və effektiv mübarizə aparmaqda çətinliklərlə üzləşəcəyik...

Oxunma sayı 212