Böyük Qayıdışla bağlı yeni qanunun qəbul edilməsinə hazırıq - Mahir Abbaszadə  

14:22 16.01.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin Laçın rayonundan  deputatı, iqtisad elmləri üzrə fəlsəfə doktoru Mahir Abbaszadə “Həftə içi”nə müsahibəsində işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış proqramı, həmin proqramın həyata keçirilməsi qarşısındakı çətinliklər, parlamentdə bu istiqamətdə  görülmüş və gözlənilən işlər, konkret olaraq Laçın rayonuna qayıdışla bağlı problemlərdən və s.  bəhs edib.

- Mahir müəllim, müzəffər Vətən savaşından sonrakı ilk görüşümüzdə öncə sizi torpaqlarımızın, o cümlədən doğma Laçın rayonunuz və  Güləbird kəndinizin  də işğaldan azad olunması münasibətilə təbrik edirik...

-Çox sağ olun. Mən də siz qələm sahibləri də daxil olmaqla bütün Azərbaycan xalqını cənab Ali Baş Komandanın rəhbərliyi ilə Milli Ordumuzun 30 illik torpaq, Qarabağ həsrətinə son qoyulması münasibətilə təbrik edirəm.

- Doğma kəndinizi ziyarət etmək  qismətiniz olubmu?

- Qeyd etdiyiniz kimi, Laçın rayonu və mənim doğulub boya-başa çatdığım Güləbird kəndi də işğaldan azad olunub. Onu da xatırladım ki, Güləbird kəndi Laçın rayonunun bir neçə digər kəndləri ilə bərabər məlum 10 Noyabr razılaşmasından öncə şanlı ordumuz tərəfindən azad edilib. Və o gün möhtərəm cənab Prezident, Ali Baş Komandan öz “tvitter” səhifəsində həmin kəndlərin azad olunmasını elan edib...

Hələlik, təəssüflər olsun ki, bizə öz doğma kəndimizi ziyarət etmək nəsib olmayıb. Mövcud durumla bağlı hərbçilər və bir neçə digər dövlət qurumu əməkdaşları istisna olmaqla mülki şəxslərlə bərabər rəsmi, vəzifəli şəxslərin də işğaldan azad olunmuş torpaqlara getməsinə icazə verilmir. Bu da həmin ərazilərin minalardan tam təmizlənməməsi və s. məsələlərlə bağlı olduğundan kifayət qədər anlaşılandır. Hesab edirəm ki, inşallah, yaxın vaxtlarda bu məsələlər öz müsbət həllini tapacaq və bizlər də digər Qarabağ, Laçın sakinləri kimi  öz doğma yurdlarımıza qayıda biləcəyik...

- Ali Baş Komandanın da son çıxışlarında, xüsusən ilin yekunlarıyla bağlı 6 yanvar müşavirəsində barəsində çağırışlar etdiyi Böyük Qayıdış proqramının həyata keçirilməsinə başlanması haqda hansı məlumatlarınız var?

- Bildiyiniz kimi, erməni vandalları 30 ilə yaxın müddətdə işğal etdikləri bütün bölgələrdə mənfi mənada nəyi bacarıblarsa, həyata keçiriblər. Yəni bütün yaşayış məntəqələri, şəhərlər, kəndlər viranəliyə çevrilib. Bütün ən zəruri infrastruktur, sosial və mədəni obyektlər, kommunikasiya, yollar tamamilə yerlə-yeksan edilib. Bir sözlə, normal insan yaşayışı üçün zəruri olan hər bir şey məhv olunub. Bütün bunlara rəğmən Vətən müharibəsindəki Zəfərimizdən sonra cənab Prezidentin rəhbərliyi altında xalqımızın tarixi əbədi-əzəli torpaqlarına qayıdaraq orada xoşbəxt bir həyata qovuşması məqsədilə  bir neçə komissiyalar yaradılıb və fəaliyyət göstərir. Və belə bir xüsusi bir komissiya işğal nəticəsində Ermənistan tərəfindən bütün sahələr üzrə Azərbaycana vurulmuş ziyanın hesablanmasıyla  məşğuldur. Müharibədən sonrakı dönəmdə işğalçı və məğlub tərəf olaraq Ermənistan rəsmən on illərlə torpaqlarını işğala məruz qoyduğu Azərbaycan dövlətinə vurduğu zərərlər  müqabilində külli miqdarda təzminat ödəməlidir. Bununla bağlı məhkəmə proseslərində Azərbaycan tərəfi konkret rəqəmlər təqdim etməlidir.  Minalanmış sahələr istisna olmaqla, işğaldan azad edilmiş əksər ərazilərimizdə bu istiqamətdə ilkin hesablamalar aparılıbdır. Bu,  görüləcək işlərin birinci mərhələsinə aid məsələdir. İkinci mərhələdə digər əsas  məsələ bəhs edilən ərazilərdə kommunikasiyaların, yolların bərpa olunmasıdır. Cənab Prezidentin rəhbərliyi altında Türkiyə və İtaliya şirkətləri ilə müvafiq müqavilələr bağlanıb.  Prezidentin Ehtiyat Fondundan müəyyən məbləğ ayrılıb və bu işlər davam etdiriləcəkdir. Üçüncü mərhələdə işğaldan azad ərazilərdə həyatın bərpası, yaşayış məntəqələrinin tikilməsi və eyni zamanda ilkin biznes sahələrinin qurulması, dördüncü mərhələdə isə bütövlükdə həmin regionun Azərbaycan iqtisadiyyatının ayrılmaz bir hissəsinə çevrilməsi vəzifəsi dayanır. Yəni dövlətimiz artıq birinci mərhələni başa çatdırmaq ərəfəsindədir, ikinci mərhələyə isə start verilib...

Onu da diqqətə çatdırım ki, işğaldan azad ərazilərin bərpası üçün dövlət büdcəsində indiyədək görünməmiş bir xərc maddəsi  yer alıb. Yəni bu məqsədlə Prezidentin tapşırığıyla ilkin olaraq 2,2 mlrd. manat vəsait ayrılıb...

- Böyük Qayıdışın həyata keçirilməsində  əsas çətinliklər hansılardır?

- Birincisi, öncə qeyd etdiyimiz kimi, sözügedən ərazilər işğalçı ermənilər tərəfindən tamamilə darmadağın edilib. Ikincisi, ərazilərin əksər hissələri minalanıb. Müharibə qanunlarına görə,  məğlub tərəfin  minalanmış sahələrin xəritələrini təqdim etməli olmasına rəğmən, təəssüf ki, Ermənistan həmin xəritələri bu günədək təqdim etməyib.  Azərbaycan tərəfi artıq öz gücü və qonşu ölkələrin: Türkiyə və Rusiyanın  köməyi ilə minaların təmizlənməsi prosesini başladıb. Düzdür, bir sıra digər işlərə başlansa da, minalanma məsələsi insanların öz doğma yurdlarına qayıtması işini ləngidən əsas problemdir. Burada ilk növbədə insan həyatından söhbət gedir.

Məlum olduğu kimi, 10 Noyabr razılaşmasından bəri işğaldan azad ərazilərimizdə dəfələrlə həm hərbi, həm də mülki vətəndaşlarımızın həlak olmasıyla nəticələnmiş mina partlayışları baş verib. Odur ki, minalı sahələrin təmizlənməsi vacib bir problemdir. Hesab edirəm ki, digər çətinliklər zaman-zaman öz həllini tapacaq.  Azərbaycan dövlətinin gücü sayəsində biz  tezliklə  insanlarımızın Qarabağ torpaqlarınə əsl mənada qayıdışını təmin edə biləcəyik...

- Milli Məclisdə Böyük Qayıdışla bağlı hansısa bir qanununun hazırlanması və qəbulu gözlənilirmi?

- Bildiyiniz kimi,  parlamentdə dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı deputatların Böyük Qayıdış proqramı üçün ayrılan vəsaitin dəstəklənməsi  və bundan sonra da eyni məqsədlə vəsaitlərin ayrılması haqda yetəri qədər təklifləri oldu. Onu da qeyd edim ki, digər rayon deputatları məhz Böyük Qayıdışı nəzərə alaraq  öz rayonlarının problemlərini o qədər də ciddi şəkildə qaldırmadılar. Biz deputatlar gələcəkdə işğaldan azad ərazilərin bərpasıyla bağlı istənilən qanun dəyişikliyi və ya yeni qanunun qəbul edilməsinə hazırıq. İstər həmin sahədə fəaliyyət göstərən iş adamlarına  vergi güzəştləri, istərsə də onlara güzəştli kreditlərin verilməsi,  istərsə də Qarabağ torpaqlarına köçəcək insanların həyat tərzi, onların məşğulluğuyla bağlı hansısa bir qanun layihəsinin qaninverici bazasının dəyişdirilməsi zərurəti ortaya çıxarsa, təbii ki, Milli Məclis  bu istiqamətdə öz müsbət mövqeyini bildirəcək...

- Keçmiş məcburi köçkün olan  seçicilərinizin konkret olaraq Laçın rayonuna qayıdışıyla bağlı hansı işlərə başlanılıb?

- Bilirsiniz ki, Laçın rayonu bir neçə kənd istsna olmaqla 10 Noyabr razılaşmasına əsasən işğaldan döyüşsüz  azad edilmiş bölgələr sırasına daxildir.  Laçın şəhərinin özündə də Rusiya sülhməramlıları fəaliyyət göstərir.  Razılaşmaya əsasən 3 il müddətində Laçın rayon mərkəzindən keçən yola alternativ olaraq Xankəndi ilə Ermənistanı birləşdirəcək yeni bir yol çəkilməlidir ki, bundan sonra sülhməramlılar konkret olaraq həmin yola nəzarət edəcəklər. Nəticədə Azərbaycan vətəndaşlarının bilavasitə Laçın şəhərinə də qayıdışı təmin olunacaq. Buna rəğmən Böyük Qayıdış proqramında nəzərdə tutulmuş bütün məsələlər işğaldan azad olunmuş digər bölgələr kimi bütövlükdə Laçın rayonuna da şamil edilir. Buraya təbii ki, Laçın rayon mərkəzinin baş planının, kəndlərin planlarının hazırlanması, ardınca rayonun müfəssəl planının hazırlanması və daha sonra quruculuq işlərinin başlanması da daxildir...

- Hazırda Laçın rayonunun icra strukturlarının əməkdaşları müvafiq işlərlə bağlı rayon ərazisinə daxil ola bilirmi?

- Məndə olan məlumata görə, yalnız Laçın rayonu deyil, işğaldan azad digər rayonların da ərazilərinə yerli polis, DTX, prokurorluq, FHN qurumları istisna olmaqla,  digər qurumların əməkdaşlarının daxil olmasına icazə verilmir. Bu da onunla bağlıdır ki, məsələn, icra strukturlarının işini qurması üçün  bu ərazilərdə  heş bir şərait yoxdur. Əksər şəhər və  kəndlərdə, demək olar ki, bütün zəruri infrastruktur ermənilər tərəfindən dağıdılıb. Yalnız bərpa işləri artıq başlamış bölgələrdə bir neçə digər qurum əməkdaşları da fəaliyyət göstərir. Bütün bunlara rəğmən rayon rəhbərlikləri və icra strukturlarının bəhs edilən ərazilərdə işə başlaması üçün yaxın vaxtlarda müvafiq addımlar atılacaq...

Qarabağ torpaqlarına qayıdacaq keçmiş məcburi köçkünlər üçün hansı güzəşt və imtiyazların nəzərdə tutulması, onların indiyədək olan güzəşt və imtiyazlarının doğma yurdlarında da  saxlanılıb-saxlanılmayacağı və s. barədə parlament üzvü Mahir Abbaszadənin fikir və rəyləri ilə növbəti saylarımızda tanış ola bilərsiniz.

- Mahir müəllim, işğaldan azad olunmuş torpaqlara qayıdacaq vətəndaşlarımıza hansı əlavə güzəştlər nəzərdə tutulması haqqında məlumatınız varmı?

- Əlbəttə, o torpaqlara qayıdacaq vətəndaşların məşğulluq, özünüməşğulluq və biznesin qurulması, inkişafı məsələsi Böyük Qayıdış proqramının əsas tərkib hisssələrindən biridir.  Bütün bunlar, sözügedən işlərə yerli özəl sektor və xarici kapitalın cəlb olunması üçün orada normal investisiya mühitinin yaradılmasıyla bağlı məsələlər Azərbaycan dövləti tərəfindən artıq müzakirə edilməkdədir.  Hesab edirəm ki, biz yaxın aylarda proqramın bu hissəsinin konkret hədəf və maddələrindən bəhs edə biləcəyik. Təbii ki, burada vətəndaşlara güzəştli kredit və ssudaların verilməsi,  o ərazilərdə çalışan şirkətlərə güzəştli, faizsiz kerditlərin ödənilməsi, həmin şirkətlərə vergi güzəştləri və tətillərinin tətbiqi və s. də nəzərdə tutulacaq. Zənnimcə, bəhs olunan tədbirlər görülərkən işğaldan azad rayonların ənənəvi iqtisadiyyatının inkişaf etdirilməsi ilə bağlı da dövlətimiz tərəfindən müvafiq proqramlar hazırlanır.  Eyni zamanda bizdə olan məlumata görə, keçmiş məcburi köçkünlərin hazırda da qüvvədə olan güzəşt və imtiyazları, yəni çörəkpulu müavinətləri,  kommunal güzəştlər və s. doğma yurdlarında məskunlaşmalarından sonra  da bir neçə il saxlanılacaq. Həmçinin, gənc nəslin o torpaqlarda qalıb yaşaması üçün zəruri olan məsələlərin həyata keçirilməsi,  büdcə təşkilatlarında çalışanların əmək haqqılarına digər regionlardan fərqli olaraq müəyyən əlavələr olunması və s. məsələlərlə bağlı da güman ki, tezliklə dövlətimiz tərəfindən müsbət addımlar atılacaqdır...

- Qarabağ torpaqlarına qayıdacaq soydaşlarımızı düşündürən məsələlərdən  biri də orada yeni evlərin, yaşayış massivlərinin hansı mexanizm əsasında salınacağıdır. Yəni, deyək ki, şəhərlərdə, rayon mərkəzlərində yaşayanlar üçün əsasən bina evləri, kəndlərdəkilər üçün isə həyət evləri tikiləcək. O tərəfi maraqlıdır ki, əksəriyyət, xüsusən kənd sakinləri yeni evlərinin məhz yandırılmış, dağıdılmış olsa da, keçmiş dədə-baba evinin yerində tikilməsini arzulayır. Bu cür məsələlər öz həllini necə tapacaq?..

- Bilirsiniz, erməni vandalları əksər yaşayış məntəqələrimizdə yaşayış binalarını,  o cümlədən həyət evlərini tamamilə dağıdıblar, bəzilərinin heç divarları da qalmayıb. Ağdamda, Füzulidə qəbiristanlıqları belə, şumlayaraq yerində taxıl sahələri, meyvə bağları salıblar. Bir sözlə, maksimum çalışıblar ki, azərbaycanlıların o torpaqlardakı həyat izlərini tamamilə silsinlər. Həmin izlərin bərpası üçün, təbii ki, dediyiniz məsələlərə müsbət nöqteyi-nəzərdən yanaşılması vacibdir.  Yeri gəlmişkən, cənab Prezident də öz çıxışlarının birində  erməni vəhşiliklərinin gələcək nəsillərə və xarici qonaq və turistlərə çatdırılması üçün işğaldan azad edilmiş rayon və şəhərlərdə səhra muzeylərinin yaradılmasının vacibliyini vurğuladı...

İşğalçı ermənilər özlərinin qanunsuz məskunlaşdıqları bəzi şəhər və kəndlərdə müəyyən dərəcədə əvvəlki yaşayış evlərini salamat saxlayıb, eyni zamanda özləri də bir neçə ev tikiblər. Bu baxımdan o torpaqlara qayıdacaq soydaşlarımıza yaşayış massivlərinin salınmasıyal bağlı, zənnimcə, iki yanaşma var. Birincisi, tamamilə yer üzündən silinmiş məntəqələrdə  büsbütün yeni massivlərin tikilməsidir. İkincisi də, qismən dağıdılmış yaşayış məntəqələrində dağdılmış binaların bərpası  ilə yanaşı, yeni binaların tikintisidir...

Bir sözlə, hesab edirəm ki, dövlətimiz on illərin əzab-əziyyətindən sonra Qarabağ yurdlarına dönən hər bir keçmiş köçkün vətəndaşın gerçəkliyə uyğun arzu-istəyini maksimum nəzərə almaq üçün mümkün olanı edəcək...

- 8 Noyabr Zəfərimizdən sonra cəmiyyətdə gündən-günə aktuallaşan müzakirə mövzularından biri də artıq torpaqları azad olunmuş keçmiş məcburi köçkün soydaşlarımızın azad Qarabağ yurdlarına qayıdış istəyinin hansı səviyyədə olmasıdır. Yəqin ki, karantin dövrü olmasına rəğmən ünsiyyətdə olduğunuz laçınlı keçmiş köçkünlərlə də bu barədə söhbətlər edirsiniz? 

- Qəti əminəm ki, nəinki Laçın rayonu, işğaldan azad digər rayonların da hər bir sakini, dəyərli deputat həmkarım Aqil Abbas demişkən, o torpaqlara köçməkdən ötrü ölürlər. Sadəcə olaraq  Azərbaycanı  sevməyən kimlərsə  bu mövzunu mətbuatda və sosial şəbəkələrdə mənfi istiqamətdə qızışdırmağa çalışır. Cənab Prezidentin göstərişinə əsasən, bizdə olan  məlumata görə, artıq müvafiq təşkilatlar yaxın günlərdə  keçmiş  məcburi köçkünlərin torpaqlarına dönmək istəyi ilə bağlı sorğunun keçirilməsinə başlayacaqlar. Və mən elə özüm də  bir keçmiş məcburi köçkün kimi sizi inandırıram ki, o yurdların  hər bir əsl sakini öz ata-baba yurdunda yaşamaq, yaratmaq, o torpaqların daimi sakini olmaqla bağlı qərarlı və israrlıdır. Bizim onillərlə nəinki arzuladığımız, həsrəti ilə qovrulduğumuz günlər yetişib. Allah Ali Baş Komandanımızı qorusun! Məhz onun – cənab Prezidentin rəhbərliyi, Azərbaycan Ordusunun gücü,  şəhidlərimizin, qazilərimizin qanı və canı bahasına  o torpaqlar işğaldan azad edilibdir.  Sizə deyim ki, bizim torpaqlarımıza dönməyimizlə bağlı yeganə bir  çətinlik və təhlükə varsa, o da minalanmış sahələrlə bağlıdır. Bu problem ortadan qalxandan sonra hər bir məcburi köçkün öz torpağına qayıtmaqla bağlı daha da israrlı olacaq.  Bir məsələni də vurğulayım ki, şanlı Zəfərimizdən sonra nəninki o torpaqların əsl sakinləri olan keçmiş didərginlər, digər bölgələrimizdən, xüsusən də  Qərbi Azərbaycandan (Ermənistan) olan  yüzlərlə soydaşımız Qarabağa köçüb orada daimi yaşamaq arzusuyla bağlı artıq aidiyyəti orqanlara  rəsmi ərizələr veriblər.  Odur ki, işğaldan azad torpaqlarımıza qayıtmaq istəyi məsələsinin mübahisə predmeti olmadığını düşünürəm... Hazırda bu arzu, istəklə yaşayan hər bir azərbaycanlı  o yurdlara qayıdışın start götürməsi ilə bağlı ölkə Prezidentinin qərar və göstərişlərini səbirsizliklə gözləyir...

- Məlum olduğu kimi, dövlət başçısı bu günlərdə məcburi köçkünlər üçün nəzərdə tutularaq  tikintisi başa çatmış və ya tikilməkdə olan yeni evlərin şəhid ailələrinə verilməsi haqda qərar verdi. Əlbəttə, bu, ədalətli addımdır. Bir məsələ qaranlıq qalır ki, sizin laçın rayonundan olan seçiciləriniz arasında da elə keçmiş köçkünlər var ki, onillərlə həddindən artıq dözülməz şəraitdə yaşayıb və son Vətən müharibəsinədək tezliklə yeni mənzillərlə təmin olunmalarına ümidli olublar. Təbii ki, torpaqlarımıza qayıdış prosesi isə azı bir neçə il çəkəcək. Belə keçmiş köçkünlər üçün dövlətimiz tərəfindən hər hansı bir istisna nəzərdə tutulmayıb ki?

- Son 25-30 il ərzində Azərbaycan dövləti tərəfindən məcburi köçkünlərin həyat şəraitinin  yaxşılaşdırılması üçün kifayət qədər işlər görülüb. Bilirsiniz ki, 109-dan artıq yeni qəsəbə tikilib, təxminən, 47 minə yaxın ailə yeni evlərlə təmin olunub. Həmin müddət ərzində  hər bir məcburi köçkün sosial müavinətlə təmin olunub.  Köçkün övladları dövlət ali təhsil müəssisələrində ödənişsiz təhsillə təmin edilib. Bir sözlə, dövlətimiz dünyada qaçqın və məcburi köçkünlərə baxışla bağlı yeni, unikal bir model ortaya qoyub. Bu sahədə araşdırma apardığımdan dəqiq bilirəm ki, heç bir dövlətdə bunun analoqu yoxdur. İndi  44 günlük müzəffər Vətən müharibəsindən sonra tamamilə fərqli bir gerçəklik yaranıb.  Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunub və öncə ətraflı söylədiyimiz kimi, artıq keçmiş köçkünlərimizin həmin yurdlara qayıdışı, tezliklə onlar üçün o torpaqlarda yeni evlər tikilməsi üçün sürətli işlər aparılır. Bu baxımdan cənab Prezidentin də vurğuladığı kimi, artıq Bakı, Sumqayıt və digər ərazilərdə tikilmiş və tikilməkdə olan yeni evlərin şəhid ailələrinə verilməsini yəqin ki, keçmiş köçkün soydaşlarımız anlayışla qarşılayır. Təbii, dediyiniz kimi, yalnız Laçın rayonundan deyil, digər bölgələrdən olan keçmiş köçkünlər arasında da çox ağır  şəraitdə, normal  binalarda deyil,  qəzalı yataqxana, məktəb və bağçalarda, yarımçıq tikililərdə yaşayan və illərlə yeni mənzillərə köçürülməsini gözləyənlər var. Digər tərəfdən biz məcburi köçkünlər də onu unutmamalıyıq ki,  bilavasitə biz məcburi köçkünlərin didərgin salındığı torpaqların düşmən işğalından azad olunması uğrunda ən şirin nemət olan canını fəda edərək şəhid olan oğullarımızın ailələrinin hamıdan öncə mənzillə təmin olunması da məntiqlidir. Unutmamalıyıq ki, onların şəhidliyi sayəsində məhz bizim ata-baba yurdlarımız azad olunubdur. Bu nöqteyi-nəzərdən düşünürəm ki, dövlətimizin  qərarı ədalətlidir. Əlbəttə, insanların çətinlikləri anlaşılandır. Bununla belə, hər bir vətəndaş, o cümlədən keçmiş məcburi köçkünlər də, hər kəs öz sahəsində əlindən gələni etməlidir ki, biz tez bir zaman da  o torpaqlarımıza dönüb doğma yurdlarımızda yeni mənzillərlə təmin olunaq və  burada çətin vəziyyətdə yaşayanlarımızın da problemi həll olunsun. Ali Baş Komandanımız başda olmaqla dövlətimiz bu mövzuda qərarlıdır və söhbətimizin əvvəlində də vurğuladığımız kimi, artıq ilkin vəsait ayrılıb, gərəkli əməli addımlar atılıb və Böyük Qayıdış proqramına start verilib...

Oxunma sayı 5022