“Nikol Paşinyanın bu açıqlaması Azərbaycanın 30 il sübut etmək istədiyi Ermənistanın Azərbaycana, Türkiyəyə qarşı ərazi iddiasının, işğalçılıq mahiyyətinin etirafı idi”.
Bunu hafta.az-a siyasi şərhçi Vüqar Dadaşov Nikol Paşinyanın yerli televiziyaya verdiyi müsahibədə Ermənistanın Müstəqillik Bəyannaməsinin Azərbaycanla sülhə maneə olduğunu, “Müstəqillik Bəyannaməsi Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq”-fikirləri ilə bağlı açıqlamasında bildirib.
V.Dadaşov qeyd edib ki, Ermənistan eyni zamanda Gürcüstana, İrana və hətta Rusiyanın cənubuna qarşı planlarını gizlətməyib. Onun fikrincə, xüsusən Qərbin hakim olduğu təşkilatların, eləcə də Fransanın Azərbaycana qarşı xüsusi düşmənçilik, təzyiq cəhdlərinin gücləndiyi bir dövrdə Paşinyanın məlum açıqlaması əhəmiyyətlidir.
“Paşinyanın bu açıqlaması həm də onu sübut edir ki, Fransa, ABŞ -ın timsalında Qərb Ermənistan Azərbaycan və Türkiyə arasında münasibətlərin normallaşmasının qəti əleyhinədir”.
V.Dadaşov qeyd edib ki, Paşinyanın Müstəqillik Bəyannaməsinə köklənərək qonşu dövlətlərə ərazi iddialarından imtinası və məlum bəyannaməni dəyişdirmək istəyi bir dövlət olaraq Ermənistanın regionda mövcudluğunu təmin edəcək imkanlar yaradır.
“Əgər bu baş verərsə Ermənistanla Azərbaycanın çərçivə sülh müqaviləsi imzalayacağına ümüd böyüyür. Amma Ermənistanın müstəqillik bəyannaməsini tez bir zamanda dəyişdirməsinə inamım azdır. Bu, Paşinyan iqtidarının ölkədəki dayaqlarına söykənən amildir”.