“Brüssel görüşünün nəticələrini bütövlükdə müsbət dəyərləndirirəm”. Bunu hafta.az-a siyasi şərhçi Mətin Məmmədli Brüssel görüşünün verdiyi vədlər və gözləntilərlə bağlı açıqlamasında bildirib.
“Birinci əsas məqam sərhədlərin delimitsiyası ilə bağlı artıq aprel ayının sonuna qədər sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın yaradılmalı olduğudur.
“Soçi Bəyannaməsində komissiyanın yaradılması ümumi olaraq göstərilsə də, bu günə qədər komissiyanın yaradılması ilə bağlı çağırışlar edilsə də, Ermənistan birgə komissiyanın yaradılmasından imtina edirdi. Brüssel görüşündə o məsələ öz həllini tapdı. Digər məsələ hər iki ölkənin xarici işlər nazirliyinə sülh müqaviləsinin hazırlanması tapşırılıb. Bu da müsbət bir məqamdır. Artıq vasitəçisiz hər iki ölkənin XİN-i sülh müqaviləsinin hazırlanması ilə məşğul olacaqlar”.
M.Məmmədli hesab edir ki, bu iki məqam Brüssel görüşünün əhəmiyyətini artırır. Onun fikrincə, sülüh müqaviləsinin imzalanması gözlənilmir, amma razılaşmalar ola bilər.
“Digər məqam odur ki, ikinci Qarabağ müharibəsindən sonra erməni diplomatiyasının əsas məqsədlərindn biri də Qarabağda yaşayan ermənilərin status məsələsini yenidən qabartmaq, ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı cəhdlər Brüssel görüşündə əldə olunmuş bəyannamədə öz əksini tapmadı. Brüssel görüşündə daha çox post-müahribə dövrünün münaqişə problemlərindən danışa bilərik. Müsbət məqam ondan ibarətdir ki, Brüssel görüşündə post-münaqişə dövrünün detalları müzkirə olunur. Amma təbii ki, yekun sülhə çox var, bunun üçün çox işlər görülməlidir, Ermənistan öz üzərinə götürdüyü öhtəlikləri həyata keçirməlidir”.