Çanaqqalada meşə yanğınlarının söndürülməsi üçün Çanaqqala boğazında gəmilərin hərəkəti, havadan müdaxilə vasitələrinin su götürməsi məqəsdilə saat 03.00-dan etibarən müvəqqəti olaraq dayandırılıb.
Hafta.az-ın yazdığına görə, Çanaqqalanın Damyeri bölgəsində başlayan meşə yanğınına müdaxilə aramsız olaraq davam edir. Yanğına havadan və qurudan müdaxilə edən Çanaqqala Meşə Region Müdirliyi qrupları alovu idarə etmək üçün böyük səy göstərir.
Küləyin təsiri ilə mərkəzin Yağcılar və Aşağıokçular kəndləri arasındakı meşəlik ərazidə yanğın yenidən yüksəlməyə başlayıb. Bölgədə intensiv iş aparan jandarma qrupları yanğın yerinə təhlükəsiz keçidi təmin edir. Bundan əlavə, yanğın zamanı zədələnmiş elektrik və telefon dirəklərinə dəymiş ziyanın qiymətləndirilməsi aparılır.
Sahil Təhlükəsizliyi Baş İdarəsinin son açıqlamasına görə, yanğınsöndürmə vasitələrinin dənizdən su götürməsini təmin etmək üçün Çanaqqala boğazında gəmilərin hərəkəti saat 03.00-dan etibarən hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb. Bu qərarın hava vasitələrinin yanğınla daha effektiv mübarizə apara bilməsi üçün verildiyi bildirilib. Alınan bir sıra qərarlarla söndürmə işlərinin daha sürətli və effektiv şəkildə aparılması hədəflənir.