“Azərbaycan ərzaq təhlükəsizliyinin, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, yerli istehsal məhsulların ixrac potensialının artırılması istiqamətində mühüm nailiyyətlər əldə edib”.
Hafta.az-ın yazdığına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sədr müavini Tamilla Əliyeva bu yaxınlarda Sinxua-ya deyib.
“Görülən bütün işlər və əldə olunan uğurlar insanların həyat və sağlamlığının qorunmasına, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, məhsullarımızın beynəlxalq ticarət imkanlarının bilavasitə genişləndirilməsinə xidmət edir”, - o deyib.
Son illər Azərbaycan fındıq ixracı üçün Avropa İttifaqına “yaşıl dəhliz” yaradıb. Ölkə yun, dəri məmulatları, balıq və akvakultura kürüsünün ixracına da icazə alıb.
“Bir neçə ölkəyə yumurta, Çinə isə badam və fındıq ixracına dair razılıq əldə olunub”, - Tamilla Əliyeva bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan təbii sularda tutulan balıqların və emal olunmuş məhsulların Aİ ölkələrinə, zeytunun Çinə, bitkiçilik məhsullarının Sinqapura ixracına icazələrin alınması üçün lazımi addımlar atır.