COP29 dünya ilə təmas baxımından ən ciddi tədbirlərdən biri olacaq - Qulu Məhərrəmli

11:20 23.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“COP29 kimi dünya miqyaslı tədbirin Azərbaycanın paytaxtı Bakıda keçirilməsi ölkəmizin dünya ilə əlaqəsi, onun problemlərinin dünyaya çatdırılması, tanıdılması, sözün yaxşı mənasında piyarının aparılması baxımından çox əhəmiyyətlidir. Burada söhbət təkcə Azərbaycanın diqqət mərkəzinə gəlməsi, siyasi baxımdan qiymətləndirilməsi deyil, həm də Azərbaycan mədəniyyətinin, etnoqrafiyasının, mənəvi, maddi sərvətlərinin mövcudluğu haqqında dünyaya geniş bilgilərin verilməsi baxımından çox mühümdür”. Bunu hafta.az-a professor Qulu Məhərrəmli Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP 29 konfransının əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

Q.Məhərrəmli qeyd edib ki, bu gün Avropada, Asiyada, Şərqdə və Qərbdə böyük dövlətlər öz təhlükəsizlikləri haqqında düşünür, məsələni siyasətin mərkəzinə gətirirlər.

“Rusiya-Ukrayna müharibəsi göstərdi ki, əslində Qərbin ciddi təhlükəsizlik problemi var. Bunu aradan qaldırmaq üçün Qərb birgə hərəkət eləməyə, ölkələrarası təhlükəsizlik müqavilələri imzalamağa məhkumdur. Yaxın Şərqdə cəryan edən hadisələr, dövlətdən kənar siyasi qüvvələrin regionda gedən hadisələrə ciddi təsiri, yüzlərlə, minlərlə insanın taleyini həll eləməsi, uşaqların, qocaların, qadınların kütləvi şəkildə qətlə yetirilməsi onu göstərir ki, doğrudan da müasir dünyada insan həyatı, insan varlığının qorunub saxlanması çox ciddi problemdir. Eyni zamanda qlobal dünya müharibələr fonunda ekoloji problemlə üzləşir. Çünki sürətli iqlim dəyişmələri, havanın çirkləndirilməsi, atmosferə atılan tullantılar, içməli su ilə bağlı problemlərin ortaya çıxması, meşə yanğınları, flora və faunanın qorunması zərurəti - bütün bunlar çoxlu sayda həllini gözləyən məsələləri ortaya çıxarır. Həmin bu problemlər Bakıda keçiriləcək COP29 Konfransında müzakirə olunacaq”.
Q.Məhərrəmli eyni zamanda bildirib ki, bu konfrans xüsusilə Azərbaycanın mənəvi irsinin, xalqının, tarixinin, mədəniyyətinin tanıdılması aspektində çox ciddi önəm daşıyacaq.

“Tədbirdə ekoloqlar deyil, sosioloqlar, insan problemləri ilə məşğul olan qurumlar, insan resurslarının araşdırılması ilə məşğul olan alimlər, bəşəriyyətin təhlükəsizliyi ilə bağlı gerçəkləşdirilən layihə müəllifləri iştirak edəcək. Bu o deməkdir ki, bizim özümüzü tanıtmaq, ifadə eləmək, dünya ilə dialoq aparmaq baxımından çox böyük perspektivlər açılır. Bu tədbirin Azərbaycanda keçirilməsini yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu, bizim müstəqillik tariximizdə dünya ilə təmas baxımından ən ciddi tədbirlərdən biri olacaq”.