Rusiyada uzun müddətdir müzakirə olunan şagirdlərin dərsdə mobil telefondan istifadəsinə qadağa Duma tərəfindən qəbul edilərək qanuna çevrilib.
Hafta.az-ın yazdığına görə Dövlət Dumasının üçüncü iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər səsə qoyularaq qanuna çevrilib. Yeni qanunda edilən dəyişikliyə əsasən, fövqəladə hallar istisna olmaqla, dərslərdə mobil telefondan istifadə qadağandır.
Bundan əlavə, əmək kursu icbari kurs kimi geri qaytarılıb.
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin yazıb ki, qərar uşaqlar üçün təhsilin keyfiyyətini artıracaq.
Qəbul edilmiş qanun çərçivəsindəki yeniliklər arasında:
- Məktəb qaydalarına şagird intizamı tələbləri əlavə olunacaq, davranış kodeksinə əməl olunmasına müəllimlər və rəhbərlik nəzarət edəcək;
- Qanunvericilik müəllimin insan ləyaqətinə hörmət etmək, şəxsiyyətin təhqirindən tutmuş bütün fiziki və ruhi zorakılıqdan müdafiə hüququnu aydın şəkildə təsdiqləyəcək;
- Hökumət, regional və yerli hakimiyyət orqanları müəllimlər üçün əlavə dövlət dəstəyi tədbirləri və digər sosial təminatlar müəyyən edə bilər.
Qanun layihəsi Dövlət Dumasına oktyabrın 27-də təqdim edilib. Noyabrın 16-da ilk oxunuşdan keçib. Əvvəlcə smartfonların təhsil və ya təlim məqsədləri üçün istifadəsinə icazə verilmişdi, lakin ikinci oxunuşda edilən düzəlişlə bu ifadə çıxarılıb.
Qanun rəsmi dərc edildiyi gündən qüvvəyə minəcək və 1 sentyabr 2024-cü il tarixindən etibarən ibtidai və orta məktəblərdə işçi qüvvəsi (texnologiya) kursları verilməyə başlanacaq.