Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 10 ayında əlilliyi olan şəxslərə ötən ilin müvafiq dövrünə nisbətən 46 faiz çox olmaqla 71,2 min reabilitasiya vasitəsi verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, onlardan 317-i təkərli oturacaq (o cümlədən 310-u mühərrikli təkərli oturacaq), 2 min 31-i aşağı və yuxarı ətraf, habelə 364-ü döş protezi, 1319-u eşitmə aparatı, 2 min 363-ü qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 2 min 436 cüt protez ayaqqabı, 5 min 842 yarım cüt ortopedik ayaqqabı 146 korset və digər reabilitasiya vasitələri təqdim olunub.
Yanvar-oktyabr aylarında ümumilikdə 9 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.
Tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək proqramı çərçivəsində müharibə ilə əlaqədar əlilliyi olan 2 min 35 şəxsə 46 min reabilitasiya vasitəsi verilib, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan 448 şəxs 467 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.