Son günlər paytaxt ərazisində yerləşən fərdi yaşayış evlərinin qiymətində artım müşahidə olunur. Belə ki, sentyabr ayı ilə müqayisədə hazırda Bakıətrafı ərazilərdə həyət evləri 3-7 min manat arası bahalaşıb. Əmlak ekspertlərinin sözlərinə görə, fərdi yaşayış evlərinin qiymətində müşahidə olunan artım bu ilin oktyabr ayının 1-də qanuna edilmiş dəyişikliklə əlaqəlidir.
Yeri gəlmişkən xatırladaq ki, bu ilin oktyabrın 1-dən qüvvəyə minən qaydalara əsasən, Azərbaycanda icazəsiz tikilən obyektlərin kommunikasiya şəbəkəsinə qoşulması ilə bağlı cəzalar sərtləşdirilib. İcazəsiz tikilən obyektlərin, evlərin su, qaz, elektrik təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağan olunub.
Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, tələblərin pozulmasına görə təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağan edilir.
Qeyd edək ki, “Elektroenergetika haqqında” cari ilin may ayının 19-da təsdiq olunmuş yeni qanuna əsasən, elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən, elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd tələb olunur.
Bəs görəsən, bahalaşmanın əmlak bazarına təsiri necə olacaq? Yeni qaydalar sənədsiz torpaq bazarını sıradan çıxaracaqmı?
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən əmlak eksperti Elnur Fərzəliyev deyib ki, hazırda çıxarışsız fərdi həyət evləri 2 qrupa bölünür: “Ümumiyyətlə, çıxarışsız fərdi həyət evlərinin bir hissəsi sovet dövründən qalmış, bir hissəsi isə 90-cı illərdən sonra tikilmiş fərdi həyət evləridir ki, bu günə qədər onlara çıxarışın verilməsində yubanmalar yaranıb. Səbəblər müxtəlifdir. Sovet dövründən qalmış yaşayış məntəqələri, Bakının mərkəzi hissələrində və ətrafında olan yaşayış məntəqələridir ki, onların təyinatı sırf yaşayış təyinatlı ərazilər olsa da, hələ də o ərazilərə sənədlər verilməyib. Digər ərazilərdə isə tikinti aparılan fərdi həyət evləri, böyük massivlər, qəsəbələr salınsa da, çıxarışlar verilməyib. Bunun da müxtəlif səbəbləri var. Birincisi, tikinti aparılmış ərazilərin torpaqlarının yaşayış məntəqələri üçün deyil, digər təyinatlı olması, yəni kənd təsərrüfatı, neftin ərazisində olmasıdır ki, bu səbəbdən də torpaqlara çıxarış verilmir. Həmin torpaqlar alınan zaman vətəndaşlara müxtəlif qurumlar tərəfindən sənədlər verilib, vətəndaşlar bu sənədlər üzərində ayrılmış torpaqlar üzrə fərdi həyət evləri tikiblər. Yasamal, Alatava, keçmiş Papanin, Sovetski ərazilərinin böyük bir hissəsində də çıxarış yoxdur. Yəni bu evlərin yaşı 100 ildən artıq olsa da, bu günə qədər həmin ərazilərə çıxarış verilməyib. Bakı kəndləri, Abşeron ərazisi, Xırdalan, Masazır və digər yeni salınmış həyət evləri olan ərazilərin də böyük əksəriyyətində çıxarış yoxdur. Çıxarış almaq mümkün olsaydı, vətəndaşlar hansısa formada bunu alardılar. Bu ərazilərdə də problem ondadır ki, torpaqlar təyinatı üzrə deyil. Yəni fərdi həyət evləri, yaşayış massivləri tikiblər, amma onların təyinatı fərqlidir. Tutaq ki, burada olmalıdır əkin-biçin sahəsi, maldarlıq, heyvandarlıq və s. Hansı ki, hazırda bu təyinatla istifadə mümkün də deyil. Bu ilin oktyabr ayının 1-dən isə artıq tikilməkdə olan fərdi həyət evlərinə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olundu. Əmlak bazarında ən ucuz əmlaklar çıxarışı olmayan fərdi evləri idi ki, onların satış qiymətləri ortala hesabla minimum 30 mindən başlayaraq təqribən 100 min manata qədər dəyişirdi. Çıxarışlı evlərin satış qiymətləri isə daha bahadır. Bu baxımdan mənzil alan aztəminatlı ailələr daha çox çıxarışı olmayan həmin fərdi yaşayış evlərinə üz tuturdular”.
Ekspert qeyd edib ki, sənədsiz evlərlə bağlı təkcə vətəndaş deyil, həm də dövlət itirir: "Təbii ki, burada vətəndaşın itkisindən qat-qat çox, dövlət itkiləri var. Bu itkilərin qarşısının alınması üçün düşünürəm ki, həmin sənədsiz həyət evlərinə mütləq şəkildə sənədlər verilməlidir. Sənədlərin verilməsi üçün müəyyən prosedur qaydaları tələb olunur. Qeyd etdiyim kimi, həmin ərazilərə sənədlərin çıxarışların verilməməsinə bir səbəb də onların torpaqlarının təyinatı üzrə istifadə olunmamasıdır. Bununla bağlı da hansısa addımlar atılıb, təyinat dəyişikliyi baş verə bilər. Həmin evlərə çıxarışlar verilərsə, bu həm vətəndaş məmnuniyyətinə gətirib çıxarar, başqa bir tərəfdən isə dövlətimiz üçün qeyri-neft sektorundan, yəni daşınmaz əmlakdan daha böyük gəlirlərin gəlməsinə səbəb ola bilər”.
E.Fərzəliyev yeni dəyişikliyin həyət evlərinin qiymətinə təsir göstərdiyini də vurğulayıb: “Biz bunu gözləyirdik. Birmənalı olaraq əmlak bazarında çıxarışlı torpaqların və fərdi evlərin qiymətlərinin artması qaçılmaz idi. Başqa bir tərəfdən isə bu tip çıxarışsız torpaqlara və fərdi həyət evlərinə olan maraq azalıb ki, bu da öz növbəsində həmin əmlakların bazar dəyərinin aşağı enməsinə gətirib çıxarıb. Düşünürəm ki, yaxın zamanlarda çıxarışsız fərdi evlərinin və torpaq sahələrinin çıxarışlarla təmin olunmasına start verilməlidir. Çünki bu, həm vətəndaş məmnuniyyətinə gətirib çıxara bilər, həm də vurğuladığım kimi dövlətin bu sahədə müəyyən qədər gəlirlər əldə etməsinə səbəb ola bilər”.
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı da deyib ki, torpaq bazarında qiymət artımı davam edəcək, hətta bir az da bahalaşacaq: “Təbii ki, burada söhbət sənədləri qaydasında olan torpaq sahələrindən gedir. Biz bilirik ki, artıq tikinti şərtləri ağırlaşdırılıb, o cümlədən, fərdi yaşayış evlərinin tikintisi ilə bağlı şərtlər sərtləşdirilib. Oktyabr ayının 1-dən kommunal istiqamətdə qanunvericiliklə bağlı ciddi dəyişiklik oldu. Misal üçün, işıq, qaz, su şəbəkələrinə qoşulmaq yalnız sənədləri qanunvericiliyin tələbinə tam olaraq uyğun olan tikililər üçün mümkündür. Hansı tikililərin, fərdi yaşayış evlərinin sənədləri qaydasında deyilsə, onlar işıq, qaz, su şəbəkələrinə qoşula bilmirlər. Yəni belə qaydalar vətəndaşları tədricən sövq edəcək ki, sənədli torpaq sahələrində ev tiksinlər. Bu isə, təbii ki, qiymətin artımına təsir göstərən amildir. Yəni sənədli torpaq sahələrinə tələb artdığından nəticə etibarilə torpaq sahələrinin qiyməti bahalaşır. Bu, eyni zamanda, sənədləri qaydasında olan fərdi yaşayış evlərinin də qiymətini artırır”.