Artıq Azərbaycanın rəsmi qurumlarının da təsdiqlədiyi kimi, 10 noyabr 2020-ci il razılaşmasına əsasən növbəti 3 il ərzində tərəflərin razılığı əsasında Yuxarı Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizinə alternativ olaraq yeni hərəkət marşrutunun inşasına başlanılıb. Məlumata görə, alternativ yol Ermənistanın Qərbi Zəngəzurdakı Sünik rayonunun Gorunzur kəndindən başlayacaq, Laçın rayonunun Zabux kəndi yaxınlığındakı Qayğı qəsəbəsindən, Şuşa rayonunun Aşağı və Yuxarı Qaladərəsi kəndlərindən keçərək dağların arasından Xankəndinə çatacaq...
Artıq erməni mediası da bəhs edilən yolun Azərbaycan inşaat şirkətləri tərəfindən tikintisi ilə bağlı reportajlar hazırlamağa başlayıb.
Hafta.az Xankəndində yaşayan erməni bloger David Simonyanın alternativ yolun keçdiyi Şuşa rayonunun Böyük və Kiçik Qaladərəsi kəndlərindən hazırladığı obyektivliyə yaxın olduğu hiss edilən reportajının tərcüməsini qısa ixtisarla təqdim edir.
Öncədən qeyd edək ki, erməni blogerin yazısındakı “Artsax” sözünü Qarabağ, “Mets Şen” sözünü “Böyük Qaladərəsi” və “Hin Şen” sözünü isə "Kiçik Qaladərəsi” toponimi ilə əvəzləmişik.
"Berdadzora(ermənilər Şuşa rayonunun Sarıbaba, Göytala, Onverst, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi kəndlərinin əhatə etdiyi ərazini belə adlandırır-S.L.)yollandım, dedilər ki, orada Ermənistanı Qarabağla birləşdirəcək yeni yolun genişmiqyaslı tikintisi gedir. Azərbaycanlılar tikir. Deyirlər ki, bizim üçün, Qarabağ erməniləri üçün tikirlər...
Bizim üçün çəkilən yeni yol Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinin yanından keçir. Şuşadan gələn magistral yol ilə Tasi Verst(Onverst-S.L.) kəndini keçib sola dönür və meşə yolu ilə dağlara doğru getməkdə davam edirsən. Yolda Kiçik Qaladərəsinə çatmamış erməni kəndliləri gördüm, onlar su borularını qazıb çıxarırlar.
Ağır texnika ilə yol genişləndirilir, onsuz da borular xarab ediləcək, ona görə də qazılıb çıxarılır. Meşə də yolun eni boyu qırıldığı üçün kənd camaatı məhv olmuş ağacları odun üçün kəsir ki, heyif olmasın.
Kəndlilərdən soruşuram: “Azərbaycan fəhlələri ilə ünsiyyət saxlayırsınız?” Deyirlər: “Çox deyil, amma bir-birimizlə salamlaşırıq”...
- Aranızda problem olubmu?
- Hələ ki, yox...”
Məcburi barışmanın mahiyyəti ondan ibarətdir ki, Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinin sakinləri hər gün bu yoldan keçirlər və yol inşaatçılar tərəfindən texnika bağlanır. Ya çox uzun müddət gözləməlisən, ya da azərbaycanlılara yaxınlaşıb hərəkət etmək üçün bir dəqiqəlik yolu açmağı xahiş etməlisən…
Ədalət naminə demək lazımdır ki, azərbaycanlı inşaatçılar ermənilərin keçməsi üçün heç bir xüsusi maneə törətmirlər. Hətta dedilər, elə hallar olub ki, ermənilərin maşını yolda xarab olub qalanda azərbaycanlılar gəlib kömək ediblər...
İrəlidə yolu qazma maşını bağladı- mən onları dəfələrlə görmüşəm: qayada dərin çuxur açırlar, oraya partlayıcı qoyub dağı uçururlar. Daha sonra texnika dağıdılmış daşları götürür və yol genişləndirilir. Məni başqa şey təəccübləndirdi, azərbaycanlılar mühafizəsiz işləyirdilər… Amma aydın oldu ki, onların mühafizəsi var, dağın başında Azərbaycan postu qurulub, görünür, orada yola nəzarət edən kameralar da var...
Yarım saat gözlədik, işlərini qurtardılar və yolumuzu açdılar. Yolda onların ağır texnikası çox işləyirdi, ekskavatorlar yoldan daşları çıxarırdı, işçilər də yaxınlıqda idi. Biz yaxınlaşanda yan tərəfə çəkilib yolumuzu açdılar… Siqnal verib təşəkkür etdim, hər şey adi insanlar arasında olduğu kimi, mədəni idi. Baxmayaraq ki, mən Qarabağda bir erməni və azərbaycanlının bu qədər yaxın dayandığını uzun illərdir ilk dəfə görürdüm…
...Kiçik Qaladərəsi kəndinin girişi "qardaşlıq məzarlığın"dan, Rusiya blok-postunun yanından başlayır, yan tərəfdə isə bulaq var. Avtomobilimizi saxladıq, bu vaxt azərbaycanlıların olduğu maşın yaxınlaşdı, bulaqdan butulkalarla su götürürdülər. Onlara yaxınlaşıb salam verdim və soruşdum: “Rus dilində danışan varmı?..”
Azərbaycanlılardan biri könülsüz cavab verdi. Ondan soruşdum:“
“Ermənilərlə probleminiz varmı?”
Dedi:
"Yox, salamlaşırıq - vəssəlam".
Yeni yolun xəritəsini göstərməsini xahiş etdim, cavab verdi ki, onda yoxdur.
Bir Rusiya əsgəri yaxınlaşdı və bloger olduğumu biləndən sonra onu videoya çəkməməyimi xahiş etdi... Sonra kəndə düşdük. Həmin vaxt işıq, qaz yox idi. Elektrik dirəyin üzərində işləyirdi, işıq xəttini birləşdirirdi. Amma qazla bağlı nə baş verdiyini və niyə olmadığını başa düşmədik.
Yaxınlıqda ekskavatorlar guruldayırdı. Onlar yalnız kəndin yanında deyil, yaxınlıqda da işlər aparır. Bundan sonra yolların hissələri birləşdiriləcək...
Məni bulaqdan aydın şəkildə görünən ermənicə yazısı olan və 1941-1945-ci illərin yadda qalan tarixi olan daş maraqlandırırdı. Məlum oldu ki, yolu genişləndirəndə yenidən hara qoyacaqlarına qərar verənə qədər onu götürüb bura köçürüblər...
Kəndlilərdən azərbaycanlılarla münasibətlərinin necə olduqlarını soruşdum. Cavabında indiyə qədər hər şeyin qaydasında olduğunu deyirlər, amma bildirirlər ki, əksəriyyəti onlarla aqressiv davranır. Hamısı yox, çoxu... Bununla belə, axşamlar bir-birinə qonaq gedənlər də var. Əsas odur ki, heç bir qarşlıqlı hücum hadisəsi baş verməyib...
Bəs yeni yol, onun kəndlilərə xeyri varmı? Deyirlər ki, müharibədən sonra onsuz da azalmış otlaqların 30-40 faizi yolun altına düşüb - azərbaycanlı inşaatçılar- kimindir, yaxud icarədədir- soruşmurlar. Amma sakinlər yaxınlıqdakı yeni yolun da faydalı olacağı ilə razılaşırlar...
Arada bir-birə etibarsızlıq var və bu başa düşüləndir. Sabah nə olacağını heç kim bilmir, yalnız hər şeyin qaydasında olduğuna inandıran Rusiya sülhməramlısı nikbinlik yayırdı: "Amma başqa cür ola bilməz" - rus hərbçi belə deyirdi.
Geri qayıdanda ekskavatorlar kolonuna rast gəldim, iş günü artıq bitmişdi. Bir-birinə yol verərərək dar dağ yolunda sürürdülər. Böyük Qaladərəsi kəndində Suren dayı ilə söhbət etdim. Onun tezliklə 90 yaşı tamam olacaq. Çox maraqlı şeylər danışdı... Çoxuşaqlı bir ailə üçün ev tikildiyini gördüm...”
Erməni blogerin reportajından belə anlaşılır ki, artıq Qarabağda azərbaycanlılar və ermənilər arasında qeyri-iradi ünsiyyət yaranmaqdadır. Xaricdən Rusiya və ya Qərbdən müxtəlif güclər müdaxilə etməsə, bəlkə də yaxın gələcəkdə iki millətin nümayəndələri yanaşı yaşamağın yolunu tapar. Azərbaycan torpağındakı ermənilər ya sakitcə vətəndaşlığı, qanunlarımızı qəbul edib, bütün revanşist, irqçi duyğuları unudub Qarabağda dinc yaşamaqda davam etməlidirlər, ya da kirimişcə Ermənistana köçməlidirlər. Məsələyə qlobal çərçivədə yanaşdıqda zatən başqa yol da yoxdur. Əks halda bu qarşıdurma sonsuza qədər davam etməlidir: ya biz onların sonuna çıxmalıyıq, ya da onlar bizim...
Laçın dəhlizinə ermənilərin məskunlaşdığı kəndlərdən keçən alternativ yolu tikən azərbaycanlı mühəndis və fəhlələri isə əsl qəhrəman adlandırmaq olar. Onlar həyatlarını ruskə atıb Qarabağlı(!), Laçınlı(!) dinc gələcəyimizə yol çəkirlər...