Ermənilər Kəlbəcərdə 45 ton qızıl çıxarıb... - Azər Şükürov

14:58 17.11.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) nəzdindəki Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi İdarə Heyətinin sədr müavini Azər Şükürov hafta.az əməkdaşı ilə söhbətində işğal dövründə və son illər Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonundakı faydalı qazıntılar, xüsusən neft-qaz və nadir, əlvan metala  yataqları  barədəki məlumatları təhlil etdi və onların bir çoxunun elmi cəhətdən əsaslandırılmamış olduğuna dəlillər gətirdi.

- 2013-cü ildə Rusiya mediasına əsasən  belə bir diqqətçəkən məlumat ələ etmişdik. Məlumatdan bəlli olurdu  ki, 1930-cu illərdən bəri SSRİ hökumətinin kobalt filizinin və nadir torpaq elementlərinin axtarışı üçün xüsusi tapşırıqlarını yerinə yetirən  və 1970-1980-ci illərdə  Azərbaycan SSR Geologiya Nazirliyində işləyən təcrübəli filizçi-geoloq, Azərbaycan SSR-in əməkdar geoloqu və geologiya-minerologiya elmləri üzrə namizəd Arsen Arşakoviç Saturov 1988-ci ilin dekabrında Azərbaycanı tərk edib və özü ilə oğurladığı qiymətli sənəd və nümunələri aparıb.  Həmin materillar müxtəlif illərdə müxtəlif geoloji ekspedisiyalar tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və ətraf Daşkəsən, Şaumyan (indiki Gülüstan), Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarında aparılmış geoloji axtarış işlərinin nəticələrinə aid olub... Erməni geoloqun oğurladığı sənədlərə əsasən Qarabağ ərazisində neft yataqları da mövcuddur. Bu ərazilərdə 250-300 mln. ton civarında neft ehtiyatları olduğu ehtimal edilir... Sizin Qarabağda neft ehtiyatları olması barədə məlumatınız olubmu?..

– Bəli, sovet dövründə Azərbaycan geologiyasında ermənilər işləyib... Amma Qarabağda neft yataqları olması barədə heç bir rəsmi fakt və ya sənəd yoxdur. Düzdür, Hadrutda daş kömür yatağı var və neftlə kömür qohum olduğu üçün ermənilər belə bir iddia irəli sürə bilərlər...

– Bəhs edilən materialda deyilir ki, guya  sovet dövründə bir neçə il Yuxarı Araz ekspedisiyasına rəhbərlik etmiş təcrübəli erməni geoloqu Harri Akopoviç Osipovun şahidliyinə görə, Cəbrayıl rayon mərkəzindən 5 km cənub-qərbdə yerləşən 2 nömrəli kəşfiyyat quyusunda yüksək təzyiqli və normal parametrli neft aşkar edilmişdir...

- Bu deyilənlərin heç bir rəsmi əsası yoxdur.  Ermənilər Qarabağı özününküləşdirmək, xaricdən dəstək almaq üçün, xarici investorları şirnikləndirmək üçün belə şayiələr yaya bilərlər... 

- O da diqqəti cəlb edir ki, materialda Qərbin də bu məsələ ilə maraqlandığı bildirilir. Sözügedən sənədlər 1988-ci ildə Bakını tərk edən qoca erməni geoloq Saturov tərəfindən elə həmin günlərdə də düşmən ölkənin Geologiya İdarəsinin fonduna təhvil verilmişdir. 1992-1993-cü ilin qışında isə bu məxfi sənəd Ermənistan hökumətinin məsul vəzifəli bir məmuru tərəfindən cəmi 2000 dollara bir ABŞ vətəndaşına satılmışdır... Nəticədə SSRİ-nin süqutundan sonra, xüsusən 2000-ci illərdə  ABŞ-dakı Con Hopkins adına universitetində Azərbaycanın Qarabağ və Naxçıvan əraziləri üzrə xüsusi geoloji tədqiqatlar aparılmış və belə nəticəyə gəlinmişdir ki, bu yerlərdə qiymətli yeraltı sərvətlərin dairəsi və həcmi daha böyükdür. Araz vadisində 145-200 mln. ton neft və 250 mlrd. kub m qaz ehtiyatı olan 3 yataq mövcuddur. Bundan əlavə, hər birində 7-8 mln. ton neft və 10-20 mlrd kubmetr qaz olan 15-20 kiçik yataqlar olduğu da ehtimal olunur...

- Ermənilər hər cür cəfəng məlumat uydurmaqda ustadırlar... Onu da deyim ki, Azərbaycan neft mütəxəssisləri dünyada birincidir. Ola bilməz ki, azərbaycanlı geoloqlar Qarabağda neft yatağı olduğunu bilməsin,  ancaq bir erməni bilsin...

-  Erməni geoloqun oğurladığı sənədlərə əsasən, 1945-ci ildə sovet hökumətinin xüsusi tapşırığı ilə Sevan (Göyçə)-Murovdağ silsiləsində nadir torpaq elementlərinin axtarılmasına başlanılıb. Nəticədə həmin ərazidə bir sıra qiymətli, əlvan və aşqarlanmış metalların təzahürləri tapılıb. Kəlbəcər, Laçın və Qubadlı rayonlarında 500-550 ton qızıl, 2700 ton gümüş, Kəlbəcərdə təxminən 875 min ton, Qubadlıda 450 min ton, Laçında 300 min ton mis ehtiyatı olduğunu təsdiqləyən nümunələr də aşkarlanıb...

- Əlimizdə olan rəsmi məlumatlarda işğaldan azad rayonlarımızdan yalnız Kəlbəcər və Zəngilanda qızıl yataqları olduğu barədə artıq hamıya bəlli olan məlumatlar var. Laçın rayonu ərazisində qızıl olması haqqında məlumat təsdiqini tapmayıb... 

- Bu günlərdə Ermənistanın “Hraparak” qəzeti bir erməni jurnalistin çıxışına istinadla yazıb ki, guya Laçında(erməni nəşri konkret olaraq “Berdzor ərazisində” yazır, yəni bilavasitə Laçın şəhəri yaxınlığında) 50 milyard dollarlıqdan çox qızıl ehtiyatı olan nəhəng qızıl mədəni var... Erməni jurnalistin sözlərinə görə, guya həmin yatağı Laçın rayonu işğaldan azad olunduqdan sonra Azərbaycan hökuməti aşkarlayıb...

– Bilirsiniz, erməni mənbələri müxtəlif məqsədlərlə hər cür dezinformasiya yaya bilər.  Əlimizdə olan rəsmi məlumat isə ondan ibarətdir ki, sovet dövründə, yəni 1990-1991-ci ilədək Laçın rayonu ərazisində rəsmən cəmi 40 adda yataq kəşf olunub. Onlar arasında qızıl yatağı yoxdur. Amma təzahürlər var ki, onlar da hələ tam təsdiqini  tapmayıb. Təzahür nə deməkdir? Tutaq ki, hansısa dağın bir hissəsindən qızılın əmələgəlmə nümunələri götürülür və ehtimal olunur ki, həmin yerdə qızıl ola bilər… 

44 günlük müzəffər savaşımız nəticəsində işğal altındakı torpaqlarımızın, o cümlədən Laçın rayonunun əksər ərazisinin azad olunmasından sonra,  2020-ci ilin sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları işğaldan azad ərazilərdə montorinq apardı. Həmin monitorinq də mən də iştirak etdim. Monitorinq zamanı müəyyən olundu ki, işğal dövründə ermənilər tərəfindən  Zəngilan rayonundakı Vejnəli qızıl yatağında qanunsuz istismar aparılıb və 2,1 tona yaxın, Kəlbəcərdəki qızıl yataqlarında isə təxminən 45 ton qızıl hasil edilib. Laçın rayonu ərazisində işğalçılar yalnız bir qum-çınqıl yatağını istismar ediblər. Rayondakı digər hansısa yataqda iş aparılması müəyyən olunmayıb. Ancaq öncə dediyim kimi, Laçın rayonu ərazisində qızıl yatağı olması ehtimalları var. Hələlik isə bu ərazidə rəsmən qızıl yatağı qeydə alınmayıb. Yəqin ki, rayon ərazisi minalardan tam təmizləndikdən sonra orada təkrar olaraq  geoloji kəşfiyyat işləri aparılacaq. Allah eləsin, ermənilərin dedikləri təsdiq olunsun...

- Erməni mənbələri  Laçın rayonu ərazisində hətta uran yataqları olduğunu deyirlər... 

- Laçın rayonu ərazisində qızıl yataqları kimi, uran yataqlarının olması haqda da heç bir rəsmi sənəd yoxdur. Buna da ehtimallar ola bilər. Sovet dövründə də geoloji kəşfiyyat işləri aparıldıqdan sonra hansısa ərazidə hər hansı bir yataq olması tam elmi təsdiqini tapandan sonra o haqda informasiya həm Azərbaycandakı geoloji fondda, həm də Moskvadakı ittifaq geoloji fondda saxlanılırdı.  Müstəqillik illərində də isə həmin fond geoloji informasiya və arxiv fondu adlanmaqla  ETSN nəzdinə daxil edilib. Həmin fondda da belə bir məlumat yoxdur...

- II Qarabağ savaşından sonra apardığınız monitorinqlər zamanı hələki Rusiya “sülhməramlı” kontingentinin nəzarətində qalan “Laçın dəhlizi” deyilən əraziyə baxış apara bilməyibsiniz?

- O ərazilərdə hələ ki ciddi monitorinq aparılmayıb. Yalnız Laçın şəhəri yaxınlığında, Həkəri çayı dərəsində ermənilərin işğal dövründə qum-çınqıl yatağını istismar etdiyi müəyyən olunub...

- Bildiyimizə görə, siz özünüz Laçın rayonunda anadan olmusunuz?

- Laçın rayonunun Bülöylük kəndində doğulub boya-başa çatmışam. 1980-ci illərdə də elə məhz Laçın rayonu ərazisində geoloqlarla işləmişəm. Bu sahəyə böyük həvəsim olduğu üçün Moskva Dağ-Mədən İnstitutuna daxil olmağa hazırlaşırdım. Ona görə də Laçın rayonu ərazisindəki geoloji ekspedisiyaya rəhbərlik edən və əsasən qiymətli və əlvan daş təzahürləri ilə maraqlanan  tanınmış geoloq Müzəffər Cümşüdovdan məni fəhlə kimi işə götürmələrini xahiş etdim.  O da razılıq verdi və mən bir müddət geoloqlarla birgə Laçın rayonunun əksər kəndlərindəki geoloji kəşfiyyat işlərində iştirak etdim.  Yadımdadır ki, həmin ekspedisiya zamanı Laçının Vağazin kəndi yaxınlığında qızıl təzahürləri aşkarlanmışdı... Ancaq bu ərazidə yataq olması faktı aşkarlanmayıb və rəsmi təsdiqini tapmayıb...

Moskva Dağ-Mədən İnstitutunu bitirdikdən sonra 1992-ci ilin mayınadək,  yəni Laçın ərazisinin işğalınadək Hoçaz dağında mərmər karxanasının direktoru kimi çalışmışam. İnşallah, dediyim kimi, yəqin ki, tezliklə Laçın rayonu ərazisində də geoloji kəşfiyyat işləri bərpa olunacaq və yeni yataqlar da kəşf ediləcək. Və təbii ki, həmin yeniliklər də mətbuatdan gizlin saxlanmayacaq...

- 1981-1982-ci illərdə, mənim hələ hazırda “dəhliz” deyilən ərazidə olan Laçın rayonunun Ağanus kənd orta məktəbində oxuduğum dövrdə bir dəfə kənd ərazisinə geoloqların gəlməsi xəbərləri yayıldı. Həmin vaxt onlar kəndimizdəki Turşsu mineral bulağı yaxınlığında, eləcə də, Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə yaxın ərazilərdə də kəşfiyyat işləri aparmışdılar. Və Turşsu yaxınlığındakı dərələrdən birində qazdıqları kəşfiyyat quyusunu bağlayıb, möhürləyib getmişdilər. Həmin vaxt şayiə yayıldı ki, guya kəndin şimal hissəsində qızıl,cənub, hissəsində isə uran yatağı aşkar edilib və buna görə yaxın müddətdə ətraf kəndlərdəki əhali köçürülməlidir... Siz həmin vaxtlar geoloqlarla birgə Ağanus kəndi ərazisində də olmuşdunuz?

- Həmin ərazidə də olmuşam. Yadımdadır ki, orada üzlük daşlar aşkarlanmışdı. Ancaq metal əlamətlərinə rast gəlinməsini xatırlamıram. Bilirsiniz, hər hansı ərazidə istər qızıl, istərsə də uran yataqlarının yerüstü əlamətlərdən bəlli olmur... Təzahürlərdən söhbət gedirsə, Laçın ərazisində indiyədək 200-ə yaxın müxtəlif faydalı qazıntının təzahürləri aşkarlanıb. Bəlkə də indi yeni geoloji tədqiqatlar aparılsa, aşkarlanmış belə təzahürlərin sayı 300-ə çata bilər... Fakt odur ki, işğaldan azad olunmuş bölgələr arasında Laçın yataqların sayına görə birinci yerdədir: 40 yataq rəsmən qeydə alınıb...

- Konkret olaraq Laçın rayonundakı Turşsu mineral bulağının yaxınlığındakı qazıntılarda iştirak etmisiniz?

- O vaxt Laçının demək olar ki, hər yerində oldum. Fingə kəndindən başlamış Əhmədli kəndinədək. Narzan deyilən Kalafalıq kəndində də olmuşdum. Orada civə yatağı aşkarlanmışdı və xeyli müddət kəşfiyyat işləri getdi... Civə olan yerdə uranın da olması ehtimal oluna bilər. Onlar qohum elementlərdir. Laçında belə bir hal təsdiqlənməmişdi...

- O da yadımdadır ki, Laçın rayonunun Ağanus kəndi ətrafına geoloqlar gəldikdən sonra, demək olar ki, bu kənddəki dağın əks tərəfində Şuşa rayonunun qonşu Kiçik Qaladərəsi kəndinə yaxın ərazidə qazıntılar aparılmış, tunel vurulmuşdu. Orada  bizim kəndin gənclərindən də fəhlə kimi işləyənlər vardı. Dəqiq bilmirdilər ki, oradan nə çıxır, deyirdilər ki, nəsə parıltılı filizlər görünür, onları tuneldən toplayıb naməlum istiqamətə daşıyırlar. Qarabağda separatçı erməni hərəkatı başlanana yaxın, təxminən 1987-ci ildə işlər dayandırılmış və həmin tunelin ağzı bağlanıb möhürlənmişdi... Bəlkə erməni mənbələri “Berdzorda qızıl var” deyəndə Laçına yaxın olduğu üçün elə həmin məkanı nəzərdə tuturlar...  Sizcə, sovet dövründə Şuşa rayonu ərazisində hansısa filiz, metal yatağı qeydə alınmışdımı?

- Xeyr. Rəsmi məlumatlara görə, Şuşa rayonunda belə yataq, mədən yoxdur. Şuşada əsasən üzlük daş əhəng, sement xammalı, gil yataqları var, Turşsu da daxil olmaqla bir neçə mineral bulaq mənbəyi mövcuddur. Ümumilikdə, rəsmən rayon ərazisində 8 yataq qeydə alınıb... Yəni mən rəsmi məlumatı deyirəm. İnşallah, Laçın, Kəlbəcər kimi, Şuşada da təkrar geoloji kəşfiyyat işləri aparılar və yeni yataqlar da kəşf edilər...

Oxunma sayı 2204