“Ermənilərdən ən təhlükəlisi onlara vəd verənlərdir” - Elman Məmmədov

14:00 30.07.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir. Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı, eləcə də erməni quldurlarının rayonu tərk edərkən silahlarını qoyub qaçmaları ilə bağlı yayılan rəsmi məlumatlar Azərbaycan ictimaiyyətində böyük həyəcan yaşatmaqla yanaşı, azad olunmuş torpaqların tam olaraq dövlətin nəzarətinə keçməsi ilə bağlı perspektivin yaxında olduğunu bir daha ortaya qoydu.

Bu və digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən Milli Məclisin deputatı Elman Məmmədov bir çox nüanslara diqqət çəkib.

-Elman müəllim, ilk növbədə istərdim Xocalıda Azərbaycanın yeni hərbi hissələrinin yaradılması və bu hadisənin perspektivdə ölkəmiz, işğaldan azad edilən rayonlarımızda hansı üstünlüklərdən xəbər verməsi ilə bağlı gözləntilərinizi bildirəsiniz.

-Xocalı rayonunun ərazisi çox böyükdür. Xocalının bir neçə kəndi 44 günlük müharibə zamanı düşmən işğalından azad olunub. Bu kəndlər Xocalı rayon mərkəzindən təxminən 20 kilometr məsafədə, Şuşa şəhəri yaxınlığında yerləşir. Təsəvvür edin, Şuşa şəhəri, Cıdır düzü, ortada böyük yarğan - dərədir, dərənin o biri üzü Topxana meşəsidir və Topxana meşəsindən o tərəfdə həmin o kəndlərdir. Orda ermənilər də yaşayırlar. Həmin dediyiniz hərbi məntəqələr, postlar da o ərazilərdə yaradılıb. Eyni zamanda, hələ müharibə yenicə qurtaran dövrdən də  Xocalı Polis Şöbəsinin əməkdaşları növbə ilə qruplarla həmin kəndlərdə xidmət aparırlar. Hal-hazırda da oradadırlar. Bizim hərbçilərimiz həmin kəndlərdə, həmin ərazilərdədir. Ermənilərin qoyub qaçdığı silah-sursat da orda vaxtaşırı tapılır, götürülür. Bunu Xocalı ilə bağlı ümumi təsəvvürün yaranması üçün qeyd etdim. Amma inanıram ki, bu xəbərlər Xocalının bütövlükdə Azərbaycanın nəzarətinə keçməsinin çox da uzaqda olmadığını göstərir. Xəritəyə də baxanda görürük ki, Xocalıya ən yaxın yol Ağdamdan keçir. Ağdamdan Xocalıya 16 kilometr məsafədir. Xocalıda soyqırım törədiləndə biz oradan Ağdama gəlmişik. İnşaallah yaxın vaxtlarda Ağdamdan da düşməndən azad olunmuş Xocalımıza qayıdacağıq.

-Ermənilər öz köhnə havasındadır və yenə də atəşkəsi tez-tez pozur, dinc dövrdə də yaralı və şəhidlərimiz var. Bütün bunlar hansı ehtimalı önə çıxarır? Ermənistanın müharibə ritorikası bitmirsə, regionun III savaşa hazırlandığını söyləmək olar?

-Hər şey ola bilər. Ermənilərdən ən təhlükəlisi onlara vəd verənlərdir. Erməniləri arxayın eləyənlərdir, erməniləri bu təxribatlara şirnikləndirənlərdir, onların havadarlarıdır.  Ermənilər tarix böyu bu havadarlara arxayın olub axmaq xəyallara düşüblər. Tarix bunu 20-ci əsrin əvvəllərində də sübut elədi. Bu gün də belə oldu və 44 günlük müharibə onların mənfur istəklərinə nöqtə qoydu. Yenə də bunlar özlərinin o mürdar niyyətlərindən, xam xəyallarından əl çəkmirlər. Ona görə də hesab edirəm ki, erməni işğalçılarına vurulan zərbələrin yarımçığı qalıb, tamamlamaq lazımdır. Dəmir Yumruq yenidən işə düşməli və məkirli erməninin başı tam əzilməlidir. Başqa bir çıxış yolu qalmır. Çünki bunlar  başlarına gələnlərdən nəticə çıxartmağı bacarmırlar, çıxartmaq da istəmirlər. Yenidən o düşmənçilik, işğalçılıq, o ərazi iddialarında, niyyətlərindədirlər və onu həyata keçirmək üçün yenidən müxtəlif yaramaz hərəkətlərə əl atırlar. Bir daha təkrara edirəm ki, bunların özlərindən daha çox təhlükəli, bunları belə təxribatlara həvəsləndirən qüvvələrdir. Bu qüvvələr də hamıya məlumdur.

-Elə həmin qüvvələrdir ki, biz onların ABŞ Konqresində Azərbaycanın ziddinə olan 907-ci düzəlişlə bağlı qətnamə qəbul etmək niyyəti ilə çıxış etdiklərini görürük.

-Amerika Birləşmiş Ştatlarının erməni məsələsində mövqeyi 100 ildən çox bir müddətdə, hələ 19-cu əsrin sonlarında 20-ci əsrin əvvəllərində də məlum idi. Fransa, Rusiya da onun kimi.  Ancaq sonda nöqtəni Azərbaycan əsgəri, Azərbaycan ordusu qoydu.

O cümlədən, yaxın tariximizə nəzər salaq: 907-ci düzəliş nə vaxt Azərbaycana tətbiq olunmuşdu - ermənilər tərəfindən 1992-ci ildə Xocalı soyqırımı törədiləndən sonra... ABŞ-ın ədaləti, demokratiyası budurmu?!

Bu gün Azərbaycan iqtisadi cəhətdən kifayət qədər güclənib.  Görün Avropa İttifaqı nə etdi; 30 il zərər çəkmiş, işğala məruz qalmış, ərazisi darmadağın edilmiş, 1 milyondan artıq insanı qaçqın-köçkün salınmış dövlət Azərbaycan ola-ola Ermənistana 2.6 milyarddan çox yardım ayırdı. Bu nə demokratiyadır?! Azərbaycanla bağlı sözdə yüngülvari səsləndirdilər ki, 150 milyon ayıracaqlar. Təpələrinə dəysin onların bu yardımı!  Azərbaycanın onların puluna ehtiyacı yoxdur. Azərbaycan özü özünü təmin edib dolandırır.

-Son vaxtlar Paşinyan manevr edir və ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpasını və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  hərbi qoşunlarının Azərbaycanla sərhəddə dayanmasını təklif edir. Bununla Ermənistan rəsmiləri kimə və hansı mesajlarını verirlər?

- Ermənilər bütün tarix boyu bu məsələlərdə mahir oyunçu kimi çıxış ediblər. Onlar bu gün də bir tərəfə yox, iki tərəfə oynayan oyunçulardır. Bir tərəfdən rusa yalvarır ki, mənim təhlükəsizliyimi, sərhədlərimi qoru, ordunu Azərbaycan sərhədlərinə yerit. Bir tərəfdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı gəlib sərhəddə sülhməramlı rolunu oynamalıdır. Digər tərəfdən ATƏT-in Minsk Qrupunun digər həmsədr dövlətini - Amerika ilə Fransanı da regiona çağırır. Yəni kimdən pul alacaq, kimdən silah alacaqlar erməniləri qızışdırırlar ki, vaxtaşırı bu təxribatları, terorları törət, biz də sənə siyasi dəstək verəcəyik ki, sən haqlısan. Ancaq Azərbaycan sözünü deyib, öz ərazi bütövlüyünü təmin eləyib. Azərbaycan öz sərhədlərinin təhlükəsizliyini təmin eləməyə qadirdir, heç kimə də ehtiyacı yoxdur.

Oxunma sayı 3031