Ermənilərlə heç vaxt birgə yaşamaram... - Seyran Səxavət

11:17 21.10.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Həftə içi” qəzetinin və hafta.az saytının müsahibi yazıçı, dramaturq Seyran Səxavətdir. Onunla zəfərimizin ildönümündən, ədəbiyyatdan, aktual məsələlərdən danışdıq:

- Seyran müəllim, bu gün Azərbaycan Ordusunun Qarabağda dastan yazdığı tarixi günlərin qürurunu yaşayırıq. Ötən ilin bu günləri doğulub, boya-başa çatdığınız Füzulinin azadlığı uğrunda şiddətli döyüşlər gedirdi və oktyabrın 17-də Füzuli şəhəri azadlığına qovuşdu. Təxminən bir il əvvəllə qayıtsaq, 44 günlük Vətən Müharibəsi Seyran Səxavət yaddaşında hansı izləri buraxdı?

- Əslində, bu bərədə çox danışmışam. Mən bu gün də sevinməklə məşğulam. Məhz 44 günlük Vətən Müharibəsi dövründə 30 il yol gələn xoş xəbərləri almışıq.

 30 il o torpaqların həsrətində olmuşuq. 10-12 il bundan əvvəl saytlar, qəzetlər deyirdilər ki, Azərbaycan yazıçıları Qarabağdan az yazırlar. Hələ o vaxt  demişdim ki, Qarabağ haqqında ən yaxşı əsəri Ali Baş Komandan və Azərbaycan Ordusu yazmalıdır. Şeir, poema, romanla Qarabağı almaq olmaz. Ali Baş Komandan, Azərbaycan Ordusu da sağ olsun, möhtəşəm bir əsər yazdılar. Özü də son 200 ilin ən vacib əsərini qələmə aldılar. Hesab edirəm ki, bütün müsabiqələrin də qalibi oldular. Biz birliyimiz sayəsində o torpaqlara qayıtdıq. Bilirsiniz, 30 ilin həsrətin, dərdin bir ilə sevinib qurtarmaq olmur. Gərginlik çox yüksəkdir, ona görə, adam o sevinci yavaş-yavaş yaşayır.

- Bu gün Azərbaycanın Qarabağda əldə etdiyi qələbəsini həzm edə bilməyən, bu qələbəyə qısqanclıqla yanaşan kifayət qədər qüvvələr var. Cənub qonşumuz İran isə öz davranışlarında bunu açıq şəkildə nümayiş etdirir. Sizcə, İran Azərbaycanın Qarabağ zəfərini niyə həzm edə bilmir?

- Belə bir müqayisə edək. Adam bir az çox yeyəndə, yaxud orqanizminə uyğun olmayan qida qəbul edəndə onu həzm edə və səhərə kimi yata bilmir. Bu, hamının başına gələn bir şeydir. Axırda o adam əlini soxur xirtdəyinə qaytarır, ondan sonra rahatlaşır. Qaytara bilməyəndə də gecə səhərə kimi o tərəf-bu tərəfə çevrilir. İndi bizim Cənub qonşumuz İran o gündədir. Qələbəmiz onun mənəvi mədəsi üçün deyil. Ona görə də həzm edə bilmir, İranın mədəsi qıcqırır, ödü ağzına gəlir. Onu həzm eləsə də, artıq yeyib, bu böyük qələbə olub. İran bu qələbəni həzm etsə də, etməsə də özü bilər. Onlar bir qonşu kimi, İslam dövləti kimi heç vaxt Azərbaycanın qələbəsinə sevinməyəcək. Hər şeyi öz adı ilə demək lazımdır. Səbəb də bəllidir. O da ondan ibarətdir ki, Azərbaycan gücləndikcə, Azərbaycanın beynəlxalq miqyasda nüfuzu artdıqca, var qüvvəsi ilə ayaq üstündə durduqca İran elə başa düşür ki, onlara təhlükədir. Təhlükə də nədən ibarətdir? Orada 40 milyondan artıq azərbaycanlı yaşayır. Düzdür, İran 20 milyon deyir, amma gözlərinin içinə qədər yalan deyir. Sabah Cənubi Azərbaycanla şimal Azərbaycan haqq olaraq birləşmək istəyərlər. İranın bütün qarnının ağrısı, azar-bezarı hamısı bundan ibarətdir. Biz bunların hamısını bilə-bilə, tariximizi bilə-bilə durub onlardan kişilik, mərdlik, mərdanəlik gözləyirik ki, bizi qələbə münasibətilə ürəkdən təbrik eləsinlər. Müharibə vaxtı onlar ermənilərə mənəvi, iqtisadi, hərbi hər cür yardımı göstərdi. Ermənilərin işğal etdiyi rayonların, kəndlərin çoxunu onlar söküb dağıdıblar, aparıb özlərinə ev tikiblər, nə bilim nə qələt ediblər. Yəni, İranın mövqeyi belədir, biz bunu birdəfəlik bilməliyik. Biz qonşularımızdan yarımadıq. Bir tərəfdən Cənub qonşular, digər tərəfdən o biriləri-bu biriləri, ermənilər və s. Qonşu baxımından uğursuz olmuşuq. Bütün bunların da acığına, hətta İrandan da başqa dövlətlər də var ki, Azərbaycanın qələbəsini həzm edə bilmirlər. Sanki bir ovuc mıx udub hamısı qarınağrısına düşüblər. Bütün bunların da yeganə bir cavabı var: hamımız yumruq kimi birləşib bir olmalıyıq.Yumruğun da tərkibi elə dəmir olaraq qalmalıdır. Vəssalam.

- Bu günlərdə Moskvada Bütün Rusiyanın Patriarxı Kirillin iştirakı ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin və bütün ermənilərin Katolikosu 2-ci Qaregin üçtərəfli görüşü keçirildi. Həmin görüşdə Kirill bildirib ki, Azərbaycan və Ermənistan xalqları üçün birlikdə yaşamaqdan başqa gələcək yoxdur. Seyran Səxavət ermənilərlə birgə yaşamağa hazırdırmı?

- Xeyr, gərək düzünü deyəsən – heç vaxt. İndi bu fikri çox insanlar, müəyyən millət vəkilləri, dövlət məmurları da dillərinə gətirirlər, Kirillin dediklərini təkrar edirlər. Bunların hamısı boğazdanyuxarı deyilən sözlərdir.

Bilirsiniz, təkcə son 120 ili götürsək, onlar bu xalqa qarşı nələr ediblər. Mən həmişə deyirəm ki, bizim xalq böyük xalqdır, amma yaddaşında problem var. Kütləvi informasiya vasitələrimizin, siyasilərimizin, ziyalılarımızın bir borcu da uzaqbaşı hər 20-30 ildən bir bu xalqın yadına salmaq lazımdır ki, sən böyük bir xalqsan, özünü böyük xalq kimi apar. Müstəqillik dövrünə qədər ən çox oxuduğumuz mahnı bilirsiniz nə idi? Bilmirsinizsə, mən sizin yadınıza sala bilərəm.

Kür-Araz- Ararat,

Gözəldir bu həyat.

Qardaş olub

Hayastan, Azərbaycan

Ağıllı adamların bir misalı var. Mən başqa cür deyəcəm sizə. “Filankəslə qonşu ol, amma dəyənəyini əldən yerə qoyma”, yəni, bunlar kimi etibarsız, şərəfsiz, alçaq, mənəviyyatsız, yaltaq toplum yer üzündə yoxdur. Sizə bir məqamı da xatırladım. Bu hadisələr təzə başlayanda bir avropalı gəlmişdi, Xankəndidəydi. Bir erməni dizini qoydu yerə ki, həmin avropalının çəkməsinin bağını düzəltsin. Təsəvvür edirsinizmi, bunlar qadınlarından da, uşaqlarından da hər cür istifadə edirlər. Onlar üçün şərəf adlı şey yoxdur. Ona görə də Kirill özü üçün deyir. Elə təkcə Krasnodar vilayətində 1 milyona yaxın erməni var, getsinlər onlara muxtariyyət versinlər. Kirill kimdir ki, mənə yol göstərir?

Bizdə də Kirillə bənzər adamlar var, amma dediklərinin hamısı yalandır. Xocalı faciəsini kim unuda bilər? Elə çox uzağa getməyək, ermənilər keçən il Gəncəni bombaladılar. O hadisədə bir uşağın baxışları var, həmin baxışları unudub erməni ilə bir yerdə yaşayan Azərbaycan türkü mənim üçün elə ermənidən də pisdir. Evim ayrı, qəmim ayrı, dəyənəyim həmişə əlimdə hazır, yumruğum da dəmir yumruq. Yolun azan kimi təpəsinə tarap bir yumruq. Yəni, bizim taleyimiz budur. Yoxsa mən təzədən onlarla qardaş ola, “Hayastan, Azərbaycan” mahnısını oxuya bilmərəm. O dövr getdi...

- Bir neçə gün öncə Milli Məclisin Xankəndi seçki dairəsindən seçilmiş deputatı Tural Gəncəliyevin erməniəsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə reinteqrasiyasına töhfə vermək üçün erməni dili kursları təşkil edilməsi ilə bağlı tviti sosial şəbəkələrdə müzakirələrə səbəb  olub. Gəncəliyevin paylaşımında “Biz erməni dilini öyrənirik, biz erməni dilində danışırıq, biz erməni dilini öyrədirik”, - deyə cümlə də qeyd olunub. Müzakirələrdə iştirak edənlər deputatın fikirlərini birmənalı qarşılamayıb. Bildirilib ki, erməniəsilli Azərbaycan vətəndaşları bizim cəmiyyətimizə inteqrasiya olunduğu üçün onların Azərbaycan dilini öyrənmələrinə ehtiyac var. Bu bərədə sizin düşüncələriniz nədən ibarətdir?

- Bu məsələdən xəbərim yoxdur. Əgər Tural Gəncəliyev doğrudan da bu fikirləri işlədibsə, günü bu gün deputatlıqdan istefa versin. Bu hələ başa düşmür ki, ümumiyyətlə, erməni dili deyilən şey yoxdur. Nə mənada yoxdur? O mənada ki, onların yeganə dili zordur, güclü olmaqdır, onların təpələrinə dəmir yumruq vurmaqdır. Digər  tərəfdən, mən erməni ilə niyə dil tapmalıyam ki? Bir deputat bu yanlışı edib belə bir fikir söyləyibsə, o parlametdəki 100-dən çox deputat buna cavab verməyibmi? Cavab verən yoxdursa, deməli, onlar da hamısı onun tayıdır.

Oxunma sayı 746