“Brüsseldə müzakirə olunan məsələləri və əldə olunan bəzi konkret razılaşmaları nəzərə alsaq yeni mərhələnin başlandığını söyləmək olar. Müəyyən müddətdən sonra əldə olunmuş razılaşmalar istiqamətində hər kəsin üzərinə düşən öhdəliyi necə icra edəcəyini gələcək göstərəcək”.
Bu fikirləri hafta.az-a siyasi ekspert Aydın Quliyev Brüssel görüşünə münasibət bidirərkən deyib.
A.Quliyev bildirib ki, yeni mərhələnin başlanğıcının şahidi olsaq da, bu, heç də əvvəlki mərhələdə əldə olunmuş razılaşmalarda qarşı tərəfin öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi demək deyil. Onun sözlərinə görə, Brüsseldə əvvəlki danışıqların gedişində müəyyən tərəqqilərin olduğu birgə bəyanatda qeyd olunsa da, əslində bundan söhbət gedə bilməz.
“Çünki həm noyabrın 10-da, həm yanvarın 11-də imzalanmış sənədlərdə, həm noyabrın 26-dakı Soçi bəyannaməsi, həm dekabrın 21-də 2021-ci ildə Brüsseldə belə formatda əldə olunmuş razılaşmaların bir çoxunun həyata keçirilməsi yönümündə heç bir addım atılmayıb. Məsələn, 10 noyabr razılaşmasında erməni silahlıların Qarabağdan tam çıxarılması nəzərdə tutulsa da, təəssüf ki, bu baş verməyib. Yanvarın 11-də əldə olunmuş razılaşmada kommunikasiyaların, iqtisadi əlaqələrin bərpası nəzərdə tutulsa da, bu da baş vermədi. Noyabrın 26-da Soçidə əldə olunmuş razılaşmada humanitar məsələlərin həlli, kommunikasiyaların bərpası, delimitasiya yönümündə müəyyənləşdirilmiş məsələlər icra olunmadı.
Soçi bəyannaməsində ilin sonuna qədər, yəni 2021-ci ilin axırına qədər sərhədlərin delimitasiyası üzrə işçi komissiyalarının yaradılması bir məqsəd kimi müəyyənləşdirilmişdi. Amma Ermənistan bu yönümdə heç bir addım atmadı. Soçi bəyannaməsində humanitar məsələlərin həlli yönümündə əldə olunmuş razılaşma, 3 razılaşmanın içərisində xüsusilə seçilirdi. Soçi bəyannaməsində ilin sonuna qədər delimittasiya ilə bağlı kommisiyanın yaradılmasına konkret bir çağırış olsa da bunu da görmədik. Təəssüf ki, nə minalanmış ərazilərin xəritələrin verilməsi, nə də digər humanitar xarakterli məsələlərin, xüsusilə Qarabağ müharibəsində itkin düşmüş şəxslərin mübadiləsi yönündə Ermənistan tərəfdən bir hərəkət görmədik.
Bu il fevralın əvvəlində Mişel, Makron və Azərbaycan rəhbərlərinin iştirakı ilə keçirilən videoformatda YUNESKO missiyasının bölgəyə gəlməsi üçün şərait yaradılsa da, bu yönümdə də biz Ermənistandan bir hərəkət görmədik. Yəni ötən mərhələdə əldə olunmuş razılaşmaların həyata keçirilməsində real addımlar müşahidə olunmadı”.
A.Quliyev buna baxmayaraq pessimist düşüncədə olmadığını deyib. Onun fikrincə, artıq bu gün əldə olunmuş razılaşmalar yeni tərəqqi imkanlarının açılmasından xəbər verir.
“Məsələn, sülh sazişinin hazırlanması üçün xarici işlər nazirlərinə verilən tapşırıqla bağlı razılaşma əhəmiyyətlidir, Azərbaycanın indiyə qədər apardığı xəttə, iradəyə tam uyğundur. Çünki biz bu istiqamətdə özümüzdən asılı olanı edirik. Ermənistan isə müəyyən sapıntılara yol verirdi. Aprelin sonuna qədər delimitasiya komissiyasının çağrılması barədə əldə olunmuş razılaşma da əhəmiyyətlidir. Arzu edək ki, bu əvvəlki delimitasiya komissiyasının taleyi kimi olmasın. Çünki Soçi bəyannaməsində bu komissiyanın yaradılması nəzərdə tutulsa da, 6 ay keçməsinə baxmayaraq yaradılmadı”.
A.Quliyev vurğulayıb ki, budəfəki razılaşmaların həyata keçirilməsində Avropa İttifaqı prezidentinin də moderator olaraq ardıcıl mövqe tutması olduqca vacibdir. Onun fikrincə, Aİ bu razılaşmalara nə qədər ciddi nəzarət edəcəksə, bir o qədər müsbət nəticələrdən danışmaq mümkündür”.
A.Quliyev Avropa İtifaqı sədrinin bəyanatında xoşagəlməyən məqamlara da toxunub. Onun sözlərinə görə, bəyanatda “qüvvələrin müəyyən distansiyaya çəkilməsi” ilə bağlı fikir mübahisəlidir. Çünki bu, ermənilərin indiyə qədər post-Qarabağ reallıqlarına mövqeyini ifadə edir.
“Ermənilər həmişə deyirlər ki, Azərbaycan öz qoşunlarını sərhədlərdən və təmas xətlərindən geri çəkməlidir. Əgər Mişelin bəyanatındakı həmin fikir –“qüvvələrin müəyyən məsafəyə çəkilməsi” Ermənistanın dediyi tezisə uyğundursa, bu qəbulolunmazdır.