Ermənistanda baş nazir Nikol Paşinyanın yerli mətbuata açıqlamasında Konstitusiya və Müstəqillik Bəyannaməsinin sülhə əngəl olması ilə bağlı çağırışları İrəvanda yeni siyasi gərginliyin əsasını qoyub. İrəvanın məlum bəyanatlarda nə dərəcədə obyektiv olub-olmadığını, təbii ki, zaman göstərəcək. Bəs bu addımın atılması bölgədə sülh istiqamətində atılan addımları müsbət məcraya yönləndirə bilərmi?
Türkiyə Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Hasan Oqtay bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan konstitusiyada dəyişiklik etməklə daşnak siyasətindən uzaqlaşıb dünyaya inteqrasiya etmək, rus boyunduruğundan xilas olmaq istəyir. Ona görə də Ermənistan 44 günlük müharibədən sonra Rusiya vasitəsilə həyata keçirilən işğal siyasətindən üz çevirir: “Rusiya Cənubi Qafqazı əlində saxlamaqla bütün türk dövlətlərini öz nəzarətində saxlamaq istəyib. SSRİ dağılsa da, Rusiya çar dövrünün Qafqaz siyasətini dəyişmədi. Bu səbəbdən də Ermənistan vasitəsilə 30 il işğal siyasətini davam etdirdi. “Dağlıq Qarabağ”ın, sonra isə 7 rayonun Ermənistan vasitəsilə işğalı Rusiya üçün son dərəcə strateji məqsəd daşıyırdı. Rusiya erməni “romantizmi”ndən istifadə etdiyi halda, Avropa bunu xristianlığın həyəcanı ilə qarşıladı və yeni bir dövlətin doğulduğunu bildirdi”.
Politoloq hesab edir ki, “Dağlıq Qarabağ” və 7 rayonun işğalı uzunmüddətli perspektivdə həm Avropaya, həm də Ermənistana böyük ziyan vurub.
Siyasi şərhçi Məhəmməd Əsədullazadənin qənaətincə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında əsas problemlərdən biri Ermənistan “Müstəqillik Bəyannaməsi” və ona əsaslanan konstitusiyadır. Ermənistanin “Müstəqillik Bəyannaməsi”nin preampulasında Qarabağın Ermənistana birləşdirilməsi və Türkiyəyə qarşı ərazi iddiaları əks olunub: “Nikol Paşinyan konstitusiyanı dəyişmək fikrində deyildi. Prezident İlham Əliyev Ermənistanı nasist ideologiyasından xilas etdikcə, fikirlər dəyişir. Azərbaycan tərəfi Ermənistana konstitusiyanı dəyişmək təklifini verib. Bu, Ermənistana sülh müqaviləsi üzrə əsas şərtdir. Bu şərt yerinə yetirilməsə, Ermənistanla sülh müqaviləsinin hüquqi bazası olmayacaq”.
Onun fikrincə, Ermənistanda hakimiyyətə gələn yeni qüvvə Azərbaycanla sülh müqaviləsini Konstitusiya zidd elan edib, müqavilədən imtina edə bilər: “Ona görə də Azərbaycan məhz “Ermənistana yeni konstitusiya qəbul etmədən sülh bağlanmayacaq” mesajını açıq verməlidir. Qeyd edim ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi yalnız Ermənistanda yeni konstitusiya qəbul edildikdən sonra mümkün ola bilər. Ermənistan Azərbaycan təkliflərini qəbul etdikcə, normal dövlət müstəvisinə keçir”.
Siyasi şərhçi Vüqar Dadaşov bildirir ki, Nikol Paşinyanın bu açıqlaması Azərbaycanın 30 il sübut etmək istədiyi Ermənistanın Azərbaycana, Türkiyəyə qarşı ərazi iddiasının, işğalçılıq mahiyyətinin etirafı idi. O qeyd edib ki, Ermənistan eyni zamanda Gürcüstana, İrana və hətta Rusiyanın cənubuna qarşı planlarını gizlətməyib. Onun fikrincə, xüsusən Qərbin hakim olduğu təşkilatların, eləcə də Fransanın Azərbaycana qarşı xüsusi düşmənçilik, təzyiq cəhdlərinin gücləndiyi bir dövrdə Paşinyanın məlum açıqlaması əhəmiyyətlidir.
“Paşinyanın bu açıqlaması həm də onu sübut edir ki, Fransa ABŞ-ın timsalında Qərb Ermənistan Azərbaycan və Türkiyə arasında münasibətlərin normallaşmasının qəti əleyhinədir. Ermənistanın indiki iqtidarı, sözün əsl mənasında, Ermənistanı bir dövlət kimi qoruyub saxlamaq üçün çarpışır”.
V.Dadaşov qeyd edir ki, Paşinyanın Müstəqillik Bəyannaməsinə köklənərək qonşu dövlətlərə ərazi iddialarından imtinası və məlum bəyannaməni dəyişdirmək istəyi bir dövlət olaraq Ermənistanın regionda mövcudluğunu təmin edəcək imkanlar yaradır. “Əgər bu baş verərsə, Ermənistanla Azərbaycanın çərçivə sülh müqaviləsi imzalayacağına ümid böyüyür. Ermənistanın müstəqillik bəyannaməsini tez bir zamanda dəyişdirməsinə inamım azdır. Bu, Paşinyan iqtidarının ölkədəki dayaqlarına söykənən amildir”.
“Ermənistanın hər addımında alt məna var. Paşinyan Azərbaycanın tələbi ilə etdiyi konstitusiya dəyişikliyi çağırışını prosesi uzadıb vəziyyəti yenidən təhlil etmək imkanı qazanmaq üçün də hesablaya bilər. Yəni proseslər Ermənistanın xeyrinə cərəyan edərsə sülh müqaviləsindən yayınar, ziyanına işləyərsə imzalamağı düşünə bilər. Paşinyan onu da başa düşür ki, Rusiyanın boyunduruğundan çıxmaq istəyirsə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır”. Bunu isə hafta.az-a politoloq Rəşad Bayramov bildirib.
Politoloq qeyd edir ki, Ermənistanın konstitusiya və Müstəqillik Bəyannaməsində Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var. Eləcə də Ermənistanın digər normativ hüquqi sənədlərində də Azərbaycana qarşı ərazi iddiaları, eləcə də Ermənistanın qoşulduğu bir çox konvensiyalarda Azərbaycanın suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur.
“Azərbaycan tərəfi Ermənistana bu iddialardan əl çəkməsi üçün konkret tələb qoyub. Onlardan biri də Ermənistanın Konstitusiyası ilə bağlıdır. Artıq bir müddətdir ki, Ermənistanın ayrı-ayrı fərdlərinin Paşinyanın ölkənin konstitusiyasını dəyişdirilməsi üçün müəyyən çağırışlarını eşidirk. İlk baxışdan belə bir fikir yarana bilər ki, Paşinyan sülh müqaviləsinin bağlanması üçün minbit şəraitin yaradılmasının konstitusiya dəyişikliklərindən keçdiyini dərk edir. Söhbət erməni xisləti, erməni toplumundan gedirsə, konstitusiyanın dəyişdirilməsi istiqamətində edilən çağırışlarda digər məqsədlər də güdülə bilər. Bu da ondan ibarətdir ki, Paşinyan müxtəlif bəhanələrdan istifadə edərək sülh prosesindən yayına, yaxud bu prosesin uzadılmasına addımar ata bilər. Belə ki, Paşinyan sülh müqaviləsinin yalnız konstitusiya dəyişikliyindən sonra imzalana biləcəyini əsas gətirə bilərlər. Yaxud deyə bilər ki, referendumda dəyişikliklər edilmədən sənəd imzalana bilməz. Paşinyan referendumun nəticələri mənfi olmaqla sülh müqaviləsinin bağlanılmasından imtina edə bilər”.