Ermənistanın “Minsk Qrupu” istəyi – NƏ DƏRƏCƏDƏ REALDIR?

19:32 14.03.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistan cəfəng iddialarından əl çəkmir. Ermənistanın bəyanat verərək  Azərbaycanla sülh sazişi bağlamaq üçün danışıqlara ATƏT-in Minsk Qrupunun cəlb olunmasını istəyir.

İndiki reallıqda Ukrayna məsələsinə görə az qala bir-biri ilə üçüncü dünya savaşına çıxacaq ABŞ, Fransa, Rusiyanın məhz Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh danışıqlarına cəlb edilməsi kimə, nəyə lazımdır və nəyə xidmət edə bilər?

“Atlas” Araşdırmaları Mərkəsinin sədri, politoloq Elxan Şahinoğlu hafta.az-a bildirib ki, Indiki mərhələdə bir-biri ilə münasibətləri gərgin olan Fransa, ABŞ və Rusiyanın gəlib Qarabağda sülhyaratma danışıqları ilə məşğul olması inandırıcı görünmür. Onun fikrincə, Ermənistan-Qarabağ məsələsində son əsas oyunçular Rusiya ilə Türkiyədir.  Ermənistan guya ABŞ və Fransanı da prosesə cəlb etmək istəsə də, yanlışdır.

“Çünki inanmıram ki, ABŞ-la Fransa Ukrayna hadisələri fonunda oturub Rusiya ilə Qarabağda sülh sazişini müzakirə etsinlər. Ermənistan özü də etiraf edir ki, Minsk Qrupunun Qarabağdakı imkanları tükənib. Ona gərə də  onları Azərbaycan – Ermənistan danışıqlarına cəlb etmək istəyirlər. Halbu ki, Minsk Qrupunun belə bir mandatı da yoxdur. 44 günlük Qarabağ müharibəsindən sonra bizim bu qurupa ehtiyacımız yoxdur. Yaxud, Ermənistan sülh imzalamaq üçün niyə vasitəçi axtarmalıdır. Biz birbaşa danışıqlara  hazırıq. Antaliyada bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da erməni həmkarına dedi”. 

E.Şahinoğlu qeyd edib ki, Ermənistan Minsk Qrupunu danışıqlara cəlb etmək istəsə də, Qarabağ münaqişəsi bizim üçün bitib. 

“Regionda qalan problemləri özümüz həll etməliyik və buna görə də Ermənistanla danışıqlar aparmağımıza ehtiyac yoxdur. Ermənistan ancaq sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşməsi, “Zəngəzur dəhlizi” mövzusunu gündəmdə saxlaya bilər.  Çünki dəhlizin açılmasını o qədər uzatdılar ki, məcbur qalıb məsələni İranla həll etdik. Amma yenə də Mehri üzərindən dəhlizin keçməsi mövzusu gündəmdə qalır.

Ermənilər öz düşüncələrinə görə guya hiyləgər gediş ediblər.  Ukrayna ilə müharibənin getdiyi bir dövrdə, qərb ölkələrinin Rusiyaya qarşı səırt sanksiyaları olduğu bir vaxtda  Minsk Qrupunu prosesə cəlb etmək istəyirlər.  Amma artıq ABŞ, Fransanın Minsk Qrupu çərçivəsində birgə  fəalliyəti mümkün deyil”.

Politoloq Natiq Cəfərli hafta.az-a bildirib ki, Ermənistanın rəsmi nümayəndəsinin Qarabağla bağlı nə deməsi o dərəcədə vacib deyil.

“Çünki  ATƏT-in Mİnsk Qrupu formatı çoxdan bitib. ATƏT-in Minsk Qrupunun mandatı münaqişənin həll yolları ilə bağlı müxtəlif formatların təqdimatı idi.  O sülh müqavilələri ilə bağlı deyildi.  Orda söhbət “Kazan, Madrid Prinsipləri”ndən gedirdi.  Masada bunların heç biri yoxdursa, Minsk Qrupunun mandatı bitib. Yəni o qurum danışıqlar aparmaq mandatına malik deyil”.

N.Cəfərli hesab edir ki, Ermənistan tərəfdən belə açıqlamaların verilməsi bəzi Qərb dairələrinin xoşuna gəlmək üçündür.

 “ İndi Rusiyanın Ukraynada işğalçı müharibəsi uzandıqca, Rusiyanın yanında duranlar da ondan aralanmağa başlayacaq. Ona görə də  bu məsələnin siyasi piar tərəfi də var. Amma praktik tərəfi görünmür. Müqavilə iki tərəf arasında olacaq və bu da ikitərəfli danışıqların nəticəsində olacaq”.