“Qəzzada dəhşətli hadisələr bir aydan artıqdır davam edir. Minlərlə insanın, xüsusilə uşaq, qadın və qocanın ölümünə səbəb olan bu hadisələrə heç bir şəkildə haqq qazandıra bilmərik”.
Hafta.az-ın yazdığına görə, Özbəkistan Rəyasət Heyətinin Mətbuat Xidmətindən verilən açıqlamaya əsasən Özbəkistan prezidentinin xanımı Ziroat Mirziyoyeva Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın təşəbbüsü ilə İstanbulda keçirilən “Fələstin bir ürək” adlı tədbirdə deyib.
Qəzzadakı faciənin bütün beynəlxalq çağırışlara baxmayaraq davam etdiyinə diqqət çəkərək, “Təəssüf ki, beynəlxalq ictimaiyyətin dərin narahatlıq və təzyiqlərinə baxmayaraq, bölgədəki faciə və dağıntılar görünməmiş həddə çatır və fəlakətin sonu hələ də görünmür. Nəticədə bölgədə yeni güclərin silahlı münaqişəyə cəlb olunma ehtimalı da artır" deyə bildirib.
Özbək xalqının Fələstində dinc xalqın ağrısını hiss etdiyini deyən Mirziyoyeva bildirib ki, Özbəkistan olaraq onlar münaqişənin yalnız sülh və diplomatik yollarla, “iki xalq üçün iki dövlət” prinsipi əsasında həllini dəstəkləyirlər.