Qərbin, Avropanın regionda vəziyyəti gərginləşdirmək ehtirası səngimir. BMT TŞ-nın 5 daimi üzvündən biri olan Fransanın Azərbaycana qarşı qərəzli çıxışları, Ermənistanı ölkəmizə qarşı hücuma təhrik etməsi Avropanın iç üzünü bir daha ortaya qoyur. Fransanın planlarına görə, hərbi hücumun Kəlbəcər–İstisu (Cermux) istiqamətindən baş verəcəyi qeyd olunur. Ermənistanın Azərbaycana qarşı növbəti hərbi əməliyyatları realdır, məqsəd nədir? Vəziyyəti “Həftə içi”nə təhlil edən politoloq və hərbi ekspertlər bir məqamı xüsusilə qeyd ediblər.
Hərbi ekspert Şair Ramaldanov Fransanın Ermənistanı müharibəyə təhrik etməsinin mümkünlüyünə bir neçə aspektdən yanaşıb. Bildirib ki, Ermənistan sülh müqaviləsi bağlamayıb və sərhədlər müəyyənləşmədiyi üçün müharibə riski qalır. Ekspert hesab edir ki, hazırkı vəziyyəti, sadəcə, müvəqqəti atəşkəs rejimi kimi qəbul edən başıpozuq ermənilərdən Azərbaycana qarşı təxribatlar, qarşıdurma yaratmaq ehtimalını gözləmək mümkündür.
“Ermənistan öz havadarları tərəfindən bir alət kimi istifadə olunur. Fransa Ermənistanı müharibəyə əl atmağa təhrik edə bilər. Bu addım Azərbaycana nəsə etməkdən çox siyasi məqsədlərlə həyata keçirilir. Fransa Cənubi Qafqazda qəbul olunan 3+3 layihəsində yoxdur. Fransa özünün maraqlarını həmin layihədə təmin etmək üçün vəziyyəti gərginləşdirərək, Ermənistanı Azərbaycana qarşı hücum etməyə təhrik edir. Ermənistan Fransa tərəfindən yaradılan tələyə düşə bilər. Fransanın, ABŞ-ın məqsədi budur ki, münaqişə ocağı alovlansın, hansısa institutların vasitəsilə regiona daxil ola bilsinlər. Bunun nəticəsinin nə olacağını heç kəs bilmir. Ermənistan birtərəfli olaraq Avropa missiyasını bölgədə yerləşdirdi və artıqqalma müddətləri də uzadılır, üzvlərinin sayı çoxaldılır. Fransadan bölgəyə generallar gəlir. Bütün bunlar onu göstərir ki, Ermənistan regiona əlavə oyunçular gətirmək üçün şərait yaradır. Vəziyyət, həmçinin Ermənistanın xarici, daxili təhlükəsizliyini təmin edən Rusiyanı sıradan çıxarmağa yönəlib. “Rusiya təhlükəsizliklə bağlı öz öhdəliklərini yerinə yetirmir”, -deyərək Fransaya bölgədə yol açırlar. Üç ildir Ermənistan gündə bir bəhanə gətirərək, qəbulolunmaz şərtlərlə sülh müqaviləsinin bağlanmasını uzadır. Bütün bunlar hərbi əməliyyatların başlanması üçün “qapını” açıq saxlayr. Azərbaycan Ordusu bundan irəli gələn tədbirləri görüb, bundan sonra da görəcək. Ermənistan təxribatlar törətsə, hərbi addımlara başlasa, Azərbaycan adekvat cavab verərək həmin qüvvəllərin başını əzəcək”.
Hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Azərbaycana qarşı əks-fəaliyyətlər Ermənistan üçün ağrılı nəticələrə gətirib-çıxaracaq. Azərbaycan heç vaxt öz tarixi ərazilərində, şərti sərhəddə yerləşən qüvvələr tərəfindən vətəndaşının, əsgərinin həyat və sağlamlığına təhdidlər yaranmasına icazə verməyəcək. Azərbaycan Ordusu bu təhdidləri aradan qaldırmaq üçün daim qətiyyətli addımlar atmağa hazırdır.
“Fransa generalının Avropa İttifaqının şərti sərhəddə yerləşən missiyasını təftiş etməsi, orada Azərbaycana qarşı kəşfiyyat xarakterli fəaliyyətlərin həyata keçirilməsi bir daha Fransanın Azərbaycana qarşı çirkin hazırlıqlarından xəbər verir. Fransa birmənalı olaraq Ermənistanı Azərbaycana qarşı müharibəyə təhrik edir və bu istiqamətdə silahlanma da daxil olmaqla bir çox addımlar atır”.
Politoloq Tofiq Abbasov hesab edir ki, regiondakı mövcud sabit vəziyyət anti-Azərbaycan qüvvələrinin ürəyincə deyil. Bu şərait həmin qüvvələri qayğılandırdığı üçün Cənubi Qafqazda yenidən gərginlik, qarşıdurma, toqquşmalar yaratmaq üçün çabalayırlar.
“Bu qüvvələr yeni müharibəyə hazırlıq görürlər. Təsadüfi deyil ki, erməniləri silahlandırır, dünya mediasında Azərbaycana qarşı hədyanlar yağdırır, bizi etmədiyimiz cinayətlərdə günahlandırırlar”.
Politoloq bu cür məkirli, təxribatyönlü yanaşmanın arxasında Cənubi Qafqazda eskalasiyanın gündəmə gətirilməsi və bölgəyə yerləşmək istəklərinin dayandığını deyir:
“Burada ABŞ, Fransa, Avropa Birliyinin istəyi ilə Rusiya ilə İranı bölgədən sıxışdırıb-çıxarmaq, Rusiyanı bir vasitəçi kimi sıfırlandırmaq niyyəti güdülür. Bu qüvvələr başıpozuq erməni elitasını müharibəyə həvəsləndirə bilərlər. Bununla heç nəyə nail olmayacaqlar. Azərbaycan güclüdür, vəziyyətə nəzarət edir, onların istənilən manevrlərini diqqətdə saxlayır. Əgər növbəti səhvə yol versələr, cavablarını alacaqlar. Sərhəddə guya sülhməramlı kimi yerləşən Avropa Biriyinin missiyası, qüvvələri heç nə edə bilməyəcəklər. Qarışıqlıq yaratmağa çalışsalar da, Azərbaycan o dərəcədə səlist, diqqətli hərəkət edir ki, belə pozuntulara yol verməyəcək. Azərbaycan regionda yaratdığı status-kvonun arxasında duracaq. Ölkəmiz müharibə istəmədiyini bütün beynəlxalq platformalara bəyan edib və bunu qorumağa çalışacağıq”.
T.Abbasov qeyd edir ki, Azərbaycan ərazi bütövlüyünü təmin edəndən sonra mülki ermənilərə burada qalıb-yaşamalarını təklif etdi. Ermənilər ərazilərimizdən Qərb, Fransanın təzyiqi ilə zorla çıxarıldı. Həmin xarici qüvvələr qıcıqlanıb, toqquşma yaratrmaq üçün bəhanə axtarırlar.
“Azərbaycan onlara bu şansı verməyəcək. Əgər belə avantüralara gedəcəklərsə, bunun nə Ermənistana, nə də Avropaya heç bir səmərəsi olmayacaq”.
Ekspert Ramin Məmmədov bildirir ki, artıq 1 ilə yaxındır ki, Ermənistan Azərbaycanla şərti sərhəd bölgəsində vəziyyəti gərginləşdirməyə yönələn addımlar atır. Onun fikrincə, bugünkü vəziyyət Ermənistanın sərhəd bölgəsində üstünlüyü ələ keçirmək niyyətində olduğunu deməyə əsas verir.
“2020-ci il müharibəsindən sonra yaranan qarşıdurmalardan sonra Azərbaycan Ordusu Ermənistanla sərhəddə mövqelərini daha da gücləndirib, daha strateji yerlərdə mövqe tutub. Bu da Ermənistanda narahatlıq yaradıb. Xüsuilə də ermənilərin Cermux dediyi, əslində, Dərələyəz bölgəsində olan İstisu istiqamətində ciddi üstünlüyə malikdir. Ermənistan bununla bağlı bir sıra addımlar atmağa cəhd edir. ABŞ-ın Avropadakı jandarm rolunu oynayan Fransanın niyyəti isə münaqişənin qısa zamanda həll edilməsinə, sülh müqaviləsinin imzalanmasına maneə olmaqdır”.
Ekspert eyni zamanda bildirir ki, sülhün əldə olunması bölgədə sabitliyi təmin edəcək və Zəngəzur dəhlizi ilə bağlı olan iqtisadi layihələrin həyata keçirilməsini daha da sürətləndirəcək. Bu, həmçinin Azərbaycan üzərindən Rusiyaya yönələn Avropa, Qərb məhsullarının daşınmasını təmin edəcək. Bu, Amerikanın Rusiyanı blokadada saxlamaq cəhdinin qarşısının alınması deməkdir”.
R.Məmmədov hesab edir ki, bu durum Qərbi qane etmədiyindən vəziyyəti gərginləşdirmək üçün müəyyən addımlar atılır.
“Ermənistanın hazırkı vəziyyətdə Azərbaycana qarşı irimiqyaslı əməliyyatları gözlənilən deyil. Hərbi təxribatlar törətmək ehtimalı var. Bu təxribatlar Ermənistana üstünlük qazandırmayacaq. Azərbaycan da təbii ki, sərt addımlar atmaq məcburiyyətində qalacaq”.
Hərbi ekspert Emin Həsənli bildirir ki, Azərbaycan özünün ərazi bütövlüyünü təmin edib Qarabağ məsələsini həll etdikdən sonra, bir sıra beynəlxalq qurumlar bununla barışmaq istəmir.
“BMT-nin 5 üzvündən biri olan Fransa Ermənistanın işğal siyasəti ilə bağlı qəbul etdiyi qətnamələrin Azərbaycan tərəfindən həllinə sevinməli, beynəlxalq hüququ bərpa etməsinə dəstək verməli idi. Biz əks yanaşmanı görürük. i Azərbaycanın öz ərazilərini bərpa etməsi bu qüvvələri Ermənistandan daha çox narahat edir. Bu da onların çirkin niyyətindən xəbər verir. Çalışırlar ki, sülh müqaviləsi bağlanmasın, gərginlik yaransın. Ermənistan ağlını başına yığmalıdır. Bilməlidir ki, son 30 ildə Qarabağı işğal edib, öz əraziləri kimi tanıtdıra bilmədilərsə, bundan sonra da mümkün olmayacaq. Bölgədə yeni münaqişə güclənərsə, bu, Ermənistan üçün pis nəticələnə bilər”.