Gələcəyə baxış konsepsiyası

10:38 22.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidentinin inaqurasiya mərasimindəki  çıxışı dünyaya mühüm mesajlar verməklə yanaşı, dövlətin cəmiyyət, xalq qarşısında, xalqın, cəmiyyətin dövlət qarşısında olan  vəzifələrini bir daha xatırlatmış oldu.  

Milli Məclisin deputatı Elşad Mirbəşir hafta.az-a müsahibəsində Prezident İlham Əliyevin andiçmə mərasimində proqram xarakterli çıxış etdiyini bildirdi. Qeyd etdi ki, dövlət başçısı ölkədə bütün sahələr üzrə mövcud vəziyyəti qiymətləndirdi və hər sahə üzrə görülməsi vacib olan işlərdən danışdı. O, hesab edir ki, aidiyyəti üzrə bütün sahələrin inkişafı ilə bağlı ölkə Prezidentinin səsləndirdiyi fikirlər hərəkətverici və yönləndirici element rolunda çıxış edəcəkdir.

E.Mirbəşir qeyd edib ki, cənab Prezidentin səsləndirdiyi fikirlər bizim gələcəyə baxışımızdır:

“Hələ Prezident seçkilərindən öncə cənab İlham Əliyev vurğulamışdı ki, növbədənkənar prezident seçkiləri həm də milli tariximizin yeni mərhələsinin başlanğıcıdır. Prezident seçkilərinin əhəmiyyətinə dəlalət edən məqamlardan biri də bundan ibarətdir. Azərbaycan tarixinin mühüm bir mərhələsi artıq geridə qaldı. Öncəki mərhələdə bizim milli hədəfimiz ərazi bütövlüyümüzün təmin olunmasından və digər istiqamətlərdə addımların atılmasından ibarət idi. Ölkə Prezidenti vurğuladı ki, biz əvvəlki mərhələdə qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq. Həqiqətən də 2003-cü  ildə Azərbaycan Respublikasının Prezidenti seçiləndə İlham Əliyev xalqa bir sıra məqamlarla bağlı vədlər vermişdi. Xüsusi olaraq dövlətimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində çalışacağını və nəticələr əldə edəcəyini bildirmişdi. Bu ali məqsədə xalqımız, dövlətimiz cənab İlham Əliyevin rəhbərliyi, liderliyi altında uğurla çatdı. Eləcə də həyat fəaliyyətinin bütün istiqamətlərində olduqca səmərəli, uğurlu nəticələr ortaya qoydu. Tariximizin yeni mərhələsində xalqımız növbədənkənar seçkilər vasitəsilə ölkə rəhbərinə yaxından dəstək olduğunu nümayiş etdirdi, yeni mərhələnin başlanğıcını da İlham Əliyevə həvalə etdi.  Beləliklə, bu mərhələdə qarşımıza qoyduğu hədəflərə cənab İlham Əliyevin rəhbərliyi altında uğurla çatacağımıza xalqımız öz inamını ifadə etmiş oldu. Ölkə rəhbəri buna xüsusi diqqət çəkdi”.

E.Mirbəşir prezidentin çıxışı kontestində qeyd edib ki, Azərbaycan xalqının həmrəyliyi, birliyi bizim bütün ali məqsədlərimizə çatmağımızı, milli ideyalarımızı həyata keçirməyimizi şərtləndirib. O, bəyan edib ki, hərəkətverici əsas qüvvəmiz də həmrəyliyimiz, milli birliyimizdir:

“Azərbaycan xalqı İlham Əliyevin ətrafında sıx birləşib. Bu, həm daxildə, həm də beynəlxalq müstəvidə bizim uğurlarımızın qarantı rolunda çıxış edir. Ölkə Prezidenti milli birliyin daha da möhkəm olması, ayrıca gənc nəslin mənəvi dəyərlərimizə, milli maraqlarımıza uyğun şəkildə tərbiyə olunmasının vacibliyini vurğuladı.  Bu, həm də ölkə Prezidentinin gələcəkdə diqqət yetirəcəyi mühüm istiqamətlərdən biri haqqında təsəvvür yaratdı”.

Deputat bildirib ki, Prezident İlham Əliyev rəhbərlik etdiyi dövrdə Azərbaycan gəncliyini milli-vətənpərvərlik ruhunda yetişdirilməsi məsələsini yaxından diqqətdə saxlayıb. Bunun nəticəsi idi ki, biz 44 günlük Vətən müharibəsində tarixi zəfər qazandıq və yeni tarixi mərhələdə də bu istiqamətdə işlərin daha da genişləndirilməsinin vacibliyi ilə bağlı ölkə Prezidenti tərəfindən fikirlər səsləndirdi. E.Mirbəşir milli ideologiya, Azərbaycançılıq ideologiyasının təsirlərindən danışan Prezidentin qələbələrimizin, uğurlarımızın əsasında milli ideologiyanın təsirinin olduğunu vurğuladığını önə çəkdi: “Ölkə Prezidenti, həmçinin Azərbaycan xarici siyasətinin yeni istiqamətlərinin müəyyənləşdirilməsinin  vacibliyini səsləndirdi. İslamafobiyaya, neokolonializmə qarşı mübarizə istiqamətində daha ciddi fəallıq göstəriləcəyini vurğuladı. Bundan sonra da islamafobiya və neokolonializmə qarşı mübarizə aparan dövlətlərin yanında olacağımızı və neokolonializmin tamam sıradan çıxarılmasında ölkəmizin ciddi töhfələr verəcəyini bildirdi. Düşünürəm ki, bundan sonrakı mərhələdə bizim xarici siyasətimizin əsas trendlərinin nədən ibarət olacağı ilə bağlı təsəvvürlər formalşdırdı. Təbii ki, neokolonializmə qarşı  Azərbaycanın fəal mübarizə aparması bütövlükdə qlobal rifaqa, qlobal təhlükəsziliyə xidmət edir. Bunun üçün dövlətimizin güclü resurslarının polması vacibdir. Azərbaycan beynəlxalq aləmdə təsir imkanlarını genişlləndirməklə sözügedən və digər istiqamətlərdə daha səmərəli fəaliyyət göstərəcəkdir”.

E.Mirbəşir qeyd edib ki, qlobal proseslərə təsir etmək üçün bütün mənalarda ciddi resurslara sahib olmaq lazımdır ki, Azərbaycanın bu resursları mövcuddur, Onun sözlərinə görə, Azərbaycan çox böyük nüfuza sahibdir və ölkə Prezidenti çıxışında bu məqamlara da işarə etdi:

“155 dövlətin dəstəyi ilə Azərbaycan BMT TŞ-nın qeyri-daimi üzvü seçildi.  Azərbaycana Qoşulmama Hərəkatı çərçivəsində çox böyük dəstək mövcuddur, Türk Dövlətləri Təşkilatı çərçivəsində  Azərbaycanın mövqeyi təyinedici, müəyyənləşdirici təsirə malikdir. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycan yüksək nüfuza sahibdir. Ölkə Prezidenti bu məqamları qeyd etməklə bir daha xatırlatmış oldu ki, Azərbaycan kifayət qədər ciddi mövqelərə malikdir. Ayrıca o, COP29 konfransının Azərbaycanda keçirilməsinə beynəlxalq dəstəyin olmasına da diqqət çəkdi və bununla mühüm mesajlar ötürmüş oldu.  O dedi ki, 20-30 ölkə beynəlxalq ictimaiyyət deyil, hər hansı bir ölkənin öz mövqeyini beynəlxlq ictimai mövqe kimi təqdim etməsi qəbuledilməzdir. Bununla bərabər Prezident vurğuladı ki, Azərbaycana dünya səviyyəsində kifayət qədər ciddi dəstək mövcuddur.  Və sadalanan fikirləri xatırlatmaqla fikirlərini əsaslandırmış oldu”.

Deputat hesab edir ki, Prezident bu çıxışında beynəlxalq dairələrə ciddi mesajlar ötürmüş oldu. Onun fikrincə, bu, mövqelərimizin dünyada möhkəmləndirilməsi baxımından çox ciddi rol oynayacaq: “Ölkə Prezidenti açıq mətnlə Azərbaycana qarşı çıxanlara, çıxmaq istəyənlərə xəbərdarlıq etdi. Azərbaycanın bu cür neqativ davranışlara adekvat addımlar atmaq gücündə olduğunu xatırlatdı. O bildirdi ki, Cənubi Qafqazda vəziyyəti Azərbaycan dəyişdi və bəlli dairələr bunu bizə bağışlamayacaq. O, bununla Azərbaycana qarşı siyasi  hücumların olacağına işarə etdi. Lakin eyni zamanda bəyan etdi ki, bütün bunların qarşısını almaq üçün, cavab reaksiyası nümayiş etdirmək üçün Azərbayaanın gücü, iradəsi kifayət qədərdir. Hesab edirəm ki, Azərbayacan Prezidentinin Milli Məclisdə tribunadan söylədiyi bu fikirlər Azərbaycana qarşı çıxmaq istəyən qüvvəri dərindən düşündürəcəkdir və neokolonializmə qarşı Azərbaycanın mübarizə aparmaq iradəsinin ölkə Prezidenti tərəfindən səsləndirilməsi başda Fransa olmaqla, bunu dövlət siyasətinə çevirənlərə də bir xəbərdarlıqdır. Bu, eyni zamanda, neokolonializmə qarşı mübarizə aparan dövlətlər üçün də bir çağırışdır, stimuldur”.

Deputat qeyd edib ki, ölkə Prezidentinin səsləndirdiyi mühüm məqamlardan birinin Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılmasının beynəlxalq proses  kimi nəzərədən keçirilməsinin lazım olmadığını deməsidir. Onun fikrincə, bu ona işarə edir ki,  Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması Azərbaycan üçün həyati vacib məsələ deyil. Yəni biz öz ərazilərimizi işğaldan azad etmişik, ərazilərimiz boyunca suverenliyimizi etibarlı və dönməz şəkildə təmin etmişik. Ona görə də artıq sülh haqqında Ermənistan fikirləşməlidir. Yəni Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması üzərindən Azərbaycana qarşı manipulyativ davranışlar heç bir nəticə verməz. Azərbaycan indiki şərtlər daxilində və şəraitdə özünü çox rahat hiss edir. Ona görə də münasibətlərin normallaşdırılmasını Azərbaycan üçün əlahiddə bir məsələ kimi gündəmdə saxlanılmasının vacib olmadığını dedi: “Biz öz yolumuzla gedirik, regionda ümumi təhlükəsizliyin və sülhün təmin olunması istiqamətində addımlar atmaq gücündəyik. Beynəlxalq ortruşmuş obrazımız sülhsevər, əməkdaşlığı dəstəkləyən bir dövlətdir. Azərbaycanın əməkdaşlıq üçün cəlbediciliyi hər zaman artmaqdadır. Həqiqətən də İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin arealı genişlənib və bundan sonrakı mərhəldə də bu istək qalacaqdır”.

E.Mirbəşir Prezidentin işğaldan azad olunmuş ərazilərlə bağlı ölkəmizin strategiyası ilə bağlı dediyi fikirlərə diqqət çəkib. O, bu ilin sonuna qədər  20 min nəfərin öz doğma yurd-yuvalarına köçürüləcəyini hədəfləyəcəyimizi vurğuladı. Bildirdi ki, orada böyük miqyasda keyfiyyətli işlərin həyata keçirildiyini deyən ölkə başçısı həmin ərazilərə səfər edən qərəzsiz insanların görülən işlərdən heyrətə gəldiyini qeyd edib: “Həmin ərazilərin təhlükəsizliyi ilə bağlı vurğuladı ki, 2020-ci ildən sonra da atdığımız addımların hansı nəticəyə gətirəcəyini öncədən dəqiqliklə bilirdik. Laçın–Xankəndi yolu ilə bağlı ölkəmizin sərgilədiyi mövqe, atdığı addımlar da dəqiq müəyyənləşdirilmiş xətt üzrə həyata keçirilirdi. Ölkə Prezidenti bununla bir daha vurğulamış oldu ki, o, qarşıya qoyulan istənilən məqsədə dəqiq konsepsiya ilə yanaşır və uğurlu nəticələrinə əmin olaraq bu və ya digər istiqamətdə addımlar atılır. Ölkə Prezidenti, həm də ona işarə etdi ki, biz 2020-ci ildə ərazilərimiz üzərində suverenliyimizin təmin olunması üçün də müəyyən dəqiq strategiyaya uyğun kompleks addımlar həyata keçirdik. Burada müxtəlif komponentlərə söykənildi və bütün bunlar uğurlu nəticələrə gətirib çıxardı”.

E.Mirbəşir bildirib ki, bütün bunları Azərbaycan xalqı görür. Azərbaycan Prezidentinin parlament tribunasından andiçmə mərasimində səsləndirməsi beynəlxalq dairələrə bu mesajı verdi ki, Azərbaycana qarşı məkrli planlara zaman, digər resurslar ayırmasınlar, Azərbaycan bütün bunların qarşısını lap başlanğıcdan almaq gücündədir: “Ölkə Prezidenti geniş nitqlə çıxış etdi və ölkəmizdə həyat fəaliyyətlərinin bütün istiqamətlərini ifadə etdi. İnanırıq ki, müxtəlif istiqamətlərdə hədəfə yönəlik addımların atılması zamanı ölkə prezidentinin parlament tribunasından səsləndirdiyi fikirlərə, müəyyənləşdirdiyi yola istinad olunacaq”.

Siyasət rubrikasından digər xəbərlər