Gələn ay bal yarmarkası başlayır - Bədrəddin Həsrətov

11:27 22.09.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər Azərbaycanda arıçılıqla məşğul olan insanların sayı artıb. Hazırda ölkəmizdə 620 min arı ailəsi, 25 min nəfər arıçı qeydiyyatdadır. Mütəxəssislər hesab edirlər ki, ölkəmizdə arıçılığın inkişaf etdirilməsi üçün kifayət qədər əlverişli iqlim şəraitinin mövcudluğu və işğaldan azad olunan ərazilərdə arı ailələrinin yerləşdirilməsinə imkan yaradılması gələcəkdə arı ailəsinin sayının daha da artmasına şərait yaradacaq. “Həftə içi” qəzeti olaraq Azərbaycan Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətovla ölkəmizdə arıçılığın mövcud vəziyyəti, problemləri, gələcək perspektivləri və digər məsələlər ətrafında söhbət aparmışıq.

- Bədrəddin müəllim, bildiyimiz kimi, bu yaxınlarda ermənilər tərəfindən Kəlbəcər, Laçın, Zəngilan istiqamətində sərhədboyu geniş miqyaslı təxribatlar törədildi. Baş verən hadisə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən arı təsərrüfatlarının işinə təsir göstəribmi? Ümumiyyətlə həmin ərazilərdə arıçılığın hazırki durumunu necə dəyərləndirirsiniz?

- Baş verən hadisələrdən biz də çox narahat idik. Hadisə baş verməmişdən əvvəl bizim arıçıların 90 faizi dağda bal toplayıb arılarını artıq aran zonasına gətirmişdilər. Hazırda həmin ərazilərdə çox az arı təsərrüfatımız var, onlar da təhlükəsiz yerdədirlər. Ümumiyyətlə, işğaldan azad olunan ərazilər arıçılıq üçün olduqca əlverişlidir. Biz də bunu nəzərə alaraq Qarabağ bölgəsinə təxminən 20 minə yaxın arı ailəsi yola salmışdıq. Bu layihədə təxminən 300 arıçı iştirak edirdi. Həmin arıçıların da təqribən 250-si məhsulu toplayaraq aran zonasına qayıdıblar. Hazırda 50-yə qədər arıçı Qarabağ bölgəsindədir. Onlar üçün də heç bir təhlükə yoxdur, tam təhlükəsiz ərazidədirlər. Əslində onların yerləşdirilməsində əvvəlcədən baş verəcək bütün nüanslar nəzərə alınmışdı. Onlar sərhədə yaxın əraziyə, minalı sahələrə buraxılmayıblar. Həmin şəxslərə ANAMA tərəfindən təlimlər keçirilib və hazırda da fəaliyyətlərini minasız, təhlükəsiz ərazidə davam etdirirlər. Demək olar ki, işğaldan azad olunmuş ərazilərə ilk cığır açan arıçılıq təsərrüfatları olub. Düzdür, müəyyən qədən heyvandarlıq təsərrüfatları da var. Amma onların sayı arı təsərrüfatları qədər deyil. Məsələn, keçən il ora iki min arı ailəsi köçürülmüşdüsə, bu il iyirmi mindən çox arı ailəsi köçürülüb. Gələcək üçün işğaldan azad olunan ərazilərdə 300 min arı ailəsini yerləşdirməyi planlaşdırırıq. Bu, kiçik bir rəqəm deyil. Gələcək üçün 4-5 min ton əlavə bal deməkdir. Gələcəkdə biz balımızın yarısını ixrac edəcəyik.  Çünki indi biz daxili tələbatı artıqlaması ilə ödəyirik. Qarabağda, Şərqi Zərgəzurda istehsal olunan bal istehlakdan artıq olacaq ki, bunun da ixraca yönəldilməsi ölkəyə əlavə valyuta axını deməkdir. Bir şeyi də deyim ki, Sovetlər dönəmində Laçın, Kəlbəcər balı çox məşhur olub. Bu gün də həmin ərazi arıçılıq üçün əlverişlidir. Ümumilikdə isə Azərbaycanın bütün əraziləri arıçılıq üçün əlverişlidir.

- Artıq arıçılıqda məhsul yığımı başa çatıb. Bu il məhsuldarlıq necədir?

- Deməzdim ki, ili yüksək səviyyədə başa çatdırdıq. Ötən illə müqayisədə məhsuldarlıq müəyyən qədər aşağı oldu. Məhsuldarlığın aşağı olması bu yazın daha çox yağmurlu olması, soyuq keçməsi ilə əlaqədar idi. Arıların yaz inkişafı ləng getdi. Amma sonra temperatur düzəldi və arılarda inkişaf sürətləndi, müəyyən qədər bal toplandı. Amma ümumilikdə elə bölgələr var ki, onlarda məhsuldarlıq yüksək olub, elə bölgələr də var ki, aşağı olub. Hər bölgənin özünə məxsus bitki örtüyü olduğundan məhsulu da fəqrlidir. Məsələn, biz əvvəl elə bilirdik ki, aran zonasında yaxşı bal əldə etmək olmaz. Amma sonradan gördük ki, bu zonanın da biyan balı, dəvətikanı balı və s. kimi özünəməxsus faydalı balı var. Yəni, Azərbaycanın hər bir zonası arıçılıq təsərrüfatını inkişaf etdirmək üçün əlverişli iqlimə, bitki örtüyünə malikdir. Ümimilikdə isə ölkə üzrə orta məhsuldarlıq bu il 10-15 kq civarındadır. Amma ötən illərdə bu heç 10 kq-ya çatmırdı. Təqribi hesablamalarımıza görə, Azərbaycanın hazırda 5 min ton bala ehtiyacı var. Söhbət istehlakçı tələbindən gedir.

- Ənənəvi bal yarmarkası bu il nə vaxta planlaşdırılır?

- Bu il Respublika Arıçılarının sərgi-satış yarmarkası oktyabrın 1-dən 20-dək Gənclik metrostansiyasının çıxışında təşkil olunacaq. Demək olar ki, Azərbaycanın bütün bölgələrindən olan arıçılar bu yarmarkada təmsil olunacaqlar. Və məhsullar Qida Təhlükəsizliyi Agentliyində laborator müayinələrdən keçdikdən sonra yarmarkada satışına icazə veriləcək. Müvafiq standartlara uyğun gəlməyən heç bir məhsul bazara buraxılmayacaq. Belə götürsək, ildə bir dəfə respublikanın bütün bölgələrinin arıçılarının balı nümayiş olunacaq. Bu da bir şansdır ki, Azərbaycan alıcısı, əsasən də Bakı şəhərində yaşayanlar bütün bölgələrin ballarını bir arada görə biləcək. Yarmarkada 250 arıçı iştirak edəcək və bazara təxminən 100 ton bal çıxarılacaq.

 - Qiymətlər neçə olacaq? Artım varmı?

- Bəli, müəyyən qədər bahalaşıb. Çünki bütün digər qiymətlərdə də artım var. Hazırda balın maya dəyəri daha baha başa gəlir. Arıçılıqda istifadə olunan alətlər, dərmanlar xaricdən gəlir. Bütün ölkələrdə qiymət artımı gedir.  Son on ilin statistikasına baxıram, bütün qiymətlər dəfələrlə qalxdığı halda balın qiyməti demək olar ki, qalxmamışdı. İndi isə müəyyən qədər balın satışında artım müşahidə olunur və olunacaq. Bu, ümumi qiymətlərin artımına bağlıdır, arıçıya bağlı deyil. Deməzdim ki, bahalaşma dəfələrlə olacaq. Ötən il 1 kiloqramın qiyməti 25-30 manat idisə, bu il 30-35 manat olacaq. Bu qiymət yəqin ki, yarmarkanın ilk günlərində olacaq. Yarmarkanın ortalarına doğru qiymətlərdə müəyyən qədər endirimlər ola bilər.

- Xarici bazarlara çıxış imkanlarının hansı səviyyədədir? Dünya bazarlarında Azərbaycan balına təlabat varmı?

- Azərbaycan balına dünyada da maraq artmağa başlayıb. Son illər az miqdarda da olsa, ərəb ölkələrinə göndərilir, bir az da Yaponiyaya gedir. Avropa ölkələrinə isə hələ ki, çıxış imkanımız yoxdur.  Azərbaycandan heyvan mənşəli qidalar almırlar. Buna qadağa var. Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə danışıqlar aparır. Güman edirik ki, həmin danışıqlar uğurla nəticələnəcək və qadağa aradan götürüləcək. Biz yavaş-yavaş ixraca doğru getməliyik. Bazar araşdırmaları davam edir. Bir çox ərəb ölkələrində, Avropa ölkələrində bazar araşdırmaları aparırıq. İsrailə nümunələr göndərilib. Bəzi arıçılarımız ABŞ-dakı alıcılarla danışıqlar aparırlar. Çünki artıq tələbatdan artıq məhsul istehsal etdiyimizdən bizə yeni bazarlar lazımdır. Məsələn, bu günə olan rəqəmlərə görə, 7 min tondan artıq məhsul istehsal olunub. Ötən il isə bu rəqəm 6 min tondan bir az artıq idi.

- Assosiasiya son dövrlərdə hansı işlərlə məşğuldur? Hansı yeniliklərin var?

- Bu il avqustun 24-dən 27-nə qədər İstanbul şəhərində Dünya Arıçılarının Simpoziumu keçirildi. Tədbirdə biz də iştirak edib, bal yarışmalarına qatıldıq. Azərbaycan balı 141 ölkə içində bürünc medal alaraq üçüncü oldu. İlk dəfə idi ki, biz belə bir müsabiqəyə qatılırdıq. Mən ilk onluğa düşsək belə, yetər deyə düşünürdüm. Amma bizim adımız medallar sırasında səslənəndə qulağımıza inanmadıq. Çünki daha çox iddialı, güclü ölkələr var idi. Türkiyə, İran kimi milyonlarla arı ailəsi olan ölkələr, Çin kimi dünyanın arıçılıq nəhəngi... - bütün bunlara baxmayaraq biz ilk üçlüyə düşdük. Azərbaycan balı ilk yarışmada bu uğuru qazandı. Düşünürəm ki, növbəti il hətta qızıl medal ala bilərik.

Oxunma sayı 1000