“Gənclər siyasəti haqqında” qanunda nələr dəyişəcək? - MÜSAHİBƏ

11:56 23.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin payız sessiyasında “Gənclər siyasəti haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaq. Belə ki, qanun layihəsi Milli Məclisin Gənclər və idman komitəsinin 2021-ci il payız sessiyası üçün İş planına daxil edilib. Qeyd edək ki, hazırda qüvvədə olan “Gənclər siyasəti haqqında” qanun 2002-ci ildə qəbul edilib. Maraqlıdır, görəsən, yeni qanun layihəsi hazırda qüvvədə olan qanundan hansı dəyişikliklərlə fərqlənəcək? Bununla bağlı məsələlərə Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, millət vəkili Müşfiq Cəfərov hafta.az-a açıqlamasında aydınlıq gətirib.

- Müşfiq müəllim, Milli Məclisin payız sessiyasında "Gənclər siyasəti haqqında" yeni qanun layihəsinin müzakirəsi planlaşdırılıb. Yeni layihənin hazırlanması hansı zərurətdən yaranıb və sənəddə hansı mühüm yeniliklər nəzərdə tutulub?

- Bildirim ki, gənclər siyasəti ilə bağlı Milli Məclisin payız sessiyasında  müzakirəyə çıxarılacaq layihənin parlamentin Gənclər və idman komitəsində ilkin olaraq müzakirələri keçirilib, müvafiq təkliflər də verilib. Bu qanun layihəsində əsasən, texniki və uzlaşdırma xarakterli dəyişikliklərdə söhbət gedir. Yəni, ciddi dəyişiklik nəzərdə tutulmayıb.

- Bəs, Azərbaycanda gənclərin yaş həddinin dəyişdirilməsi planlaşdırılırmı? Ümumiyyətlə, yeni sənəddə yaş senzi ilə bağlı məsələlərə toxunulubmu?

- Bu layihədə gənclərin yaş həddinin dəyişdirilməsi ilə bağlı elə bir plan yoxdur. Gənclər üçün yaş həddi olaraq yenə də 14-29 yaş həddi qalacaq.

- Hazırda ölkə əhalisiniz neçə faizi gənclərdən ibarətdir və onların əsas problemləri hansı məsələlərlə bağlıdır?

- Hazırda ölkəmizdə 2 milyon 240 min civarında gənc var. Onların əsas problemi məşğulluqla, asudə vaxtlarının səmərəli təşkili ilə bağlıdır. Pandemiya dövründə demək olar ki, bir çox dərnəklər, idman qurğuları qapalı oldu. Bu da təbii ki, asudə vaxtın səmərəli təşkil olunmasına çox böyük fəsadlar yaratdı. Qeyd etdiyim kimi, ən önəmli məsələlərdən biri də məşğulluq məsələsidir. Xüsusilə təcrübəsi olmayan gənclər, hansı ki, ilk dəfə iş axtarışındadırlar, onlar üçün iş tapmaq çətindir. Bu problem regionlarda özünü daha qabarıq göstərir. Yəni, paytaxtla müqayisədə regionlarda iş tapmaq daha çətindir. Təbii ki, pandemiya dönəmində gənclər üçün təhsil sahəsində də bir sıra çətinliklər oldu. Ənənəvi təhsildən uzaqlaşdılar və bir çox ənənələri yadırğadılar. Bu səbəbdən gənclərin təkrar ənənəvi təhsilə qayıtması və onu bərpa etməsi müəyyən vaxt alacaq. Bu işdə valideynlər, müəllimlər və uşaqlar birgə iş aparmalıdırlar ki, ənənəvi təhsili tam olaraq bərpa etsinlər.

Oxunma sayı 131