Hava proqnozlarımızın 95 faizi özünü doğruldur - Gülşad Məmmədova

13:11 01.05.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hava proqnozu hazırlanarkən səhvə yol verməmək mümkün deyil

Hava şəraitinin necə keçəcəyi barədə məlumatlar peşəsindən, fəaliyyətindən asılı olmayaraq hər kəsin maraq dairəsindədir. Azərbaycanda ilkin hidrometeoroloji müşahidələrin tarixi 1800-cü illərə dayanır.

Belə ki, ilk müşahidələr 1830-cu ildə Xəzər dənizinin səviyyəsi üzərində, ilk meteoroloji müşahidələr 1843-cü ildə Naxçıvanda başlanıb və sonradan müşahidə şəbəkəsi genişlənərək 1847-ci ildə Lənkəranda, 1848-ci ildə Bakıda və və Şuşada, 1871-ci ildə Gəncədə, 1872-ci ildə Zaqatalada və Şəkidə, 1879-cu ildə Göytəpədə aparılıb. Bu gün isə hava proqnozlarının hazırlanması üçün ən müasir avadanlıqlardan istifadə olunur və hər gün sutkalıq, ikisutkalıq, həftəlik və on günlük proqnozlar hazırlanır.

Mövzu ətrafında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Həftə içi” qəzetinə müsahibə verib.

- Gülşad xanım, bu gün hava proqnozunun hazırlanması üçün ölkə üzrə neçə nəfərlik heyət çalışır və əsasən, məlumatlar hansı stansiyalardan əldə edilir?

- Hazırda Hidrometeorloji proqnozlar bürosunun  işçi heyəti 52 nəfərdən ibarətdir. Respublikanı əhatə edən hirdometeoroloji müşahidə şəbəkəsinə daxil olan 73 hidrometeoroloji stansiya və məntəqədən sutka ərzində 8 dəfə hər 3 saatdan bir olmaqla informasiya əldə olunur. Həmçinin avtomat stansiyalardan da fasiləsiz, birbaşa məlumat əldə olunur. 

- Hava proqnozlarının daha dəqiq və operativ təqdim olunması istiqamətində hansı işlər görülür?  Hazırda ölkə ərazisində neçə dopler radar fəaliyyət göstərir və radarlar hansı rayonların ərazisində yerləşdirilib?

- Gözlənilən hava şəraitini daha dəqiq proqnozlaşdırmaq üçün biz dünya praktikasında sınanmış daha müasir proqnoz üsullarından istifadə edirik. Həmçinin faktiki hava şəraitinin dəqiq analizi proqnoz üçün vacib amillərdəndir. Bunu nəzərə alaraq ölkə ərazisində erkən xəbərdarlıq sisteminin qurulmasında böyük addımlar atılıb. Belə ki, faktiki hava şəraitinin müşahidəsi, bulud sistemlərinin izlənilməsi, yağıntı sahələrinin, ildırım-dolu ocaqlarının aşkar edilməsi üçün Göygöl və Şamaxı rayonlarında Baron Dopler meteoroloji radiolokatorı qurulmuşdur.

- Hava şəraitinin hansı müddət ərzində dəqiq proqnozlaşdırılması mümkündür?

- Hava proqnozu qisamüddətli və uzunmüddətli proqnozlara bölünür. Qisamüddətli proqnozlar qısa müddəti əhatə edir və dəqiqliyi yüksəkdir. Uzunmüddətli proqnozlar isə daha uzun zaman periodu üçün hazırlanır və nisbətən dəqiqliyi az olur. Hidrometeoroloji proqnozlar bürosunda hər gün sutkalıq, ikisutkalıq, həftəlik və on günlük proqnozlar hazırlanır.

- Müasir avadanlıqlar uzunmüddətli dəqiq proqnozlaşdırmaya imkan verirmi? Məsələn, bu ilin yayında hava şəraitinin necə olacağını indidən  proqnozlaşdırmaq mümkündürmü?

- Hazırda hava şəraitinin proqnozlaşdırılması zamanı riyazi proqnoz modellərindən, peyk məlumatlarından, radar məlumatlarından istifadə olunur. Müasir proqnoz usullarından istifadə uzunmüddətli proqnozların hazırlanmasına imkan verir. Lakin müddət uzandıqca proqnozun dəqiqliyi bir qədər azalır. Ona görə də yayda hava şəraitinin necə olacağını indidən dəqiq proqnozlaşdırmaq qeyri-mümkündür. Yaxın vaxtlarda bununla bağlı daha dəqiq proqnozu açıqlayacağıq.

- Son illər hava şəraiti ilə bağlı verilən proqnozların əksəriyyəti özünü doğrultsa da, bəzi günlərdə verilən proqnozlarda qeyri-dəqiqlik müşahidə edilir. Bunun səbəbi nədir?

- Bu ərazimizin rəngarəng relyef quruluşu ilə əlaqədar olaraq iqlim componentlərinin mürəkkəb olması ilə bağlıdır. Proqnozların özünü doğrultması hər gün hesablanır və məlumat üçün qeyd edək ki, verdiyimiz proqnozların özünü doğrultması 90-95 faiz təşkil edir. Hava proqnozu barədə dəqiqiliklə məlumat verilməsi kifayət qədər mürəkkəb məsələdir. Belə ki, elə ərazilər mövcuddur ki, bu prosesə nəzərə alınması mümkün olmayan gözlənilməz müdaxilələr ola bilər. Hər bir proqnoz üzrə bu və ya digər dərəcədə ehtimal mövcuddur. Son onilliklərdə dünya meteorologiya elmi hava proqnozu üzrə rəqəmsal texnologiyaların inkişafı sahəsində nəzərəçarpacaq dərəcədə uğurlar əldə etmişdir. Buna baxmayaraq, hava proqnozu hazırlanarkən səhvə yol verməmək mümkün deyil. Nə üçün? İlk növbədə, atmosferin mövcud vəziyyəti barədə bizim biliklərimizin dəqiq və kifayət qədər olmaması ilə izah edilir. Havanı proqnozlaşdırmaq üçün ilk növbədə həmin vaxtda atmosferdə hansı proseslərin baş verdiyini bilmək lazımdır. İki günlük hava proqnozunun verilməsi üçün isə bir neçə min kilometrlik məsafələrdə olan ərazilərdəki faktiki hava şəraiti haqqında məlumat olmalıdır. Bir həftəlik hava proqnozunun hazırlanması üçün isə bütün Yer kürəsində, o cümlədən quru və okean sahələrinin üzərindəki müxtəlif iqlim qurşaqlarında faktiki hava şəraiti barədə məlumatlar olmalıdır. İkincisi isə, proqnozların hazırlanması üçün  istifadədə olan metod və modellərin tam mükəmməl olduğunu hesab etmək olmaz. Bu da proqnozun doğrultma faizində özünü göstərmiş olur.

Oxunma sayı 686