Türkiyədə Sivas şəhərinin lap yaxınlığında yerləşən Kolluca kəndində doğulan Cahit Gümüşər 44 il əvvəl anasının istəyi ilə tibb təhsili alaraq kənddən köçən ilk sakin olub. Bundan sonra kənddəki digər valedeynlər də, "mənim övladımın ondan nəyi əskikdir" deyərək uşaqlarını ali təhsil almağa təşviq ediblər.
Hafta.az-ın yazdığına görə, Cahitdən sonra qısa vaxtda kənddən daha 4 gənc sakin oxuyub həkim olur və beləliklə, ailələr sanki yarışa girirmiş kimi, bir-birinin bəhsinə övladlarının həkim olmasına çalışırlar. Beləliklə, cəmi 350 nəfər əhalisi olan kənddən indiyədək 120 nəfər ali tibb təhsili alaraq həkim olub. Üstəlik, 100-dən çox Kolluca kənd sakini də hazırda tibb təhsili almaqdadır.

İlk 5 həkimin kəndin bütün uşaqlarına örnək olduğunu deyən Kolluca kəndinin muxtarı Mustafa Polat bildirib ki, sitat: kənddə hər ailədə 3-5 həkim var. Məsələn, qonşumuzun 4 oğlundan 3-ü həkimdir. Hardasa həkim yetişdirməyən ailəmiz qalmayıb. Bu da uşaqların özlərindən əvvəlkini örnək alması və valideynlərinin təşviqi ilə baş verib. Elə ki yay gəldi, kəndimiz "həkim avtomobilləri" ilə dolub-daşır. Bu da bizi çox qürurlandırır. Amma bir mənfi cəhət var ki, hazırda kənddə cəmi 92 sakin qalıb. Çünki oxuyub təhsil alan hamı burdan köçüb şəhərə gedir.
Bu arada qeyd edək ki, kənddən ilk çıxan və sonradan uşaqların örnək götürdüyü beş həkimin hər biri professordur. Onlar Cahit Gümüşər, İbrahim Gül, İsmail Polat, Məlih Akyol və Abdulkadir Hasbekdir.