İqtisadi rayonların yeni bölgüsü - Qarabağın təhlükəsizliyi birdəfəlik həll ediləcək

17:43 09.07.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Prezidentin sərəncamı ilə “Şərqi Zəngəzur” və “Qarabağ” iqtisadi rayonlarının yaranması müxtəlif aspektlərdə müzakirə olunmaqdadır. Bu iqtisadi rayonların yaradılması nəyə xidmət edir və hansı siyasi əhəmiyyəti var?

Politoloq Natiq Miri hafta.az-a şərhində bildirib ki, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların yaradılması ilə bağlı imzaladığı sərəncam regionda iqtisadi ixtisaslaşmanın təməlini qoyacaq və bu, həmin rayonlarda ərazilərin çox sürətli inkişafını təmin edəcək. Politoloq hesab edir ki, məsələ ciddi şəkildə araşdırılıb, məhz iqtisadi ixtisaslaşmaya uyğun aparılacaq. Bundan sonra daxili və xarici investisiyaların cəlbi dövriyyəyə girəcək.

N.Miri məsələnin çox ciddi bir siyasi tərəfinin olduğunu önə çəkib. Onun sözlərinə görə, artıq Qarabağ iqtisadi zonasının tərkibinə Azərbaycan əsgərinin daxil ola bilmədiyi və ermənilərin yaşadığı Qarabağ rayonları da daxil edilib. Bu onu göstərir ki, bu ərazilər Azərbaycanın tərkib hissəsidir və çox yaxın perspektivdə Azərbaycanın idarəetməsi altında olacaq.  Bütün iqtisadi inkişaf, perspektiv planları da Azərbaycan dövləti tərəfindən hazırlanacaq. Bununla da Qarabağın təhlükəsizlik məsələsi birdəfəlik həll olunmuş olacaq.

“Bu regiona və Qarabağa özlərinin geosiyasi təzyiq aləti kimi baxan regional və qlobal güclərə də bir mesajdır. Şuşa Bəyannaməsindən dərhal sonra belə bir iqtisadi zonaların yaradılması ardıcıl, bir-birini şərtləndirən addımlardır. Şuşa Bəyanaməsi bilavasitə bu ərazilərin təhlükəsizliyini təmin edən siyasi-hərbi sənəddir. Bundan sonra həmin ərazilərin iqtisadi inkişafını təmin etmək üçün belə bir sərəncam verilir”.

Politoloq eyni zamanda hesab edir ki, Şərqi Zəngəzur iqtisadi zonasının yaradılmasında fundamental əhəmiyyətli məqam “Zəngəzur” temininin legitimləşdirilməsidir.

“Bilirik ki, keçmiş Azərbaycan ərazisi olan Zəngəzura Ermənistanda “Sünik” deyirlər. Lakin 44 günlük vətən müharibəsindən sonra atəşkəsin təmin olunması və sülhün bərqərar olunması ilə  bağlı imzalanan üçtərəfli bəyannamə sənədindən sonra “Zəngəzur” termini qeyri-rəsmi dövriyyəyə girdi. Və bu günə qədər də Naxçıvanı ana Azərbaycanla birləşdirəcək “Zəngəzur dəhlizi”, terminini təkcə Azərbaycan ictimaiyyəti deyil, artıq bir çox bölgələrdə işlətməyə başlayıblar. Ən nəhayət, Prezidentin sərəncamı ilə Zəngəzur özü bir ad olaraq artıq legitimləşdirildi. Bu çox uzağa gedən siyasi gedişdir. Şərqi Zəngəzurun elan olunması o deməkdir ki, Zəngəzur tam olaraq bu iqtisadi zonaya daxil olmayıb. Zəngəzurun şərqi hissəsi mövcuddursa, deməli qərbi hissəsi də mövcuddur. Bu da onu gəstərir ki, Zəngəzur bütövlükdə Azərbaycana məxsus olan torpaqlardır və bu, gələcək perspektivdə bu ərazilərə Azərbaycanın iddia edə biləcəyini ortaya qoyur. Bu çox önəmli faktordur. Əslində bunun üçün Azərbaycanın hüqqi zəminləri də var.  Çünki bildiyiniz kimi Azərbaycan 1991-ci ildə Konstitusiya aktını qəbul edəndə, 1918-ci ildə müstəqil Azərbaycanın  ərziləri çərçivəsində bərpa olunub. Ancaq fakt ondan ibarətdir ki, 88-ci ildən başlayaraq üzü vəri davam edən Qarabağ işğalına qədər Azərbaycanın əraziləri 86,6 min  kvadrat kilometrdən ibarətdir. Ancaq 1918-ci ildə Azərbaycanın müstəqil dövlət subyekti kimi tanınanda ərazilər bunun iki misli qədər idi. Bu sənəd imkan yaradır ki, Azərbayacan gələcəkdə Zəngəzura bir ərazi kimi iddia etsin. İnşaallah gələcəkdə biz bunu da görəcəyik”.