Qərbi Azərbaycan vilayətində dünyanın ən böyük duz göllərindən biri olan Urmiya gölünün qurudulmasında səhlənkarlıq olması səbəbi ilə İranda araşdırma başlanıldığı bildirilib.
Hafta.az-ın yazdığına görə, “Asriran” xəbər saytına danışan Qərbi Azərbaycan Dövlət Prokuroru Nasir Atbati mövzu ilə bağlı məlumat verib. O bildirib ki, Urmiya gölünü ikiyə bölən və Urmiya-Təbriz şəhərlərini birləşdirən bu göldə baş verənlər insan müdaxilələrinin nəticəsidir.
Yanlış əkinçilik siyasətinin gölün qurudulmasında da təsirli olduğunu dilə gətirən İran rəsmisi, "Su qənaət edən məhsulların istehsalına xüsusi diqqət yetirilməlidir. Kənd təsərrüfatı siyasətlərində və dərin quyu lisenziyalarında sual işarələri var" deyib.
Ədliyyə orqanlarının gölün qurumasını araşdırmaq qərarına gəldiyini bildirən Atbati bildirib ki, son 15-20 ildə Urmiya gölünün vəziyyəti daha da pisləşib.
2003-cü ildə quraqlıq səbəbindən suyun səviyyəsi azalmağa başlayan Urmiya gölü 2013-cü ildə tamamilə qurumaq təhlükəsi ilə üzləşmişdi. İranın şimal-qərbində yerləşən gölün 95 faizinin hazırda quruduğu bildirilir.
Dünyanın ən böyük duz göllərindən olan Urmiya gölünün quruması dolanışığını əkinçilik və heyvandarlıqla təmin edən bölgə əhalisinin həyatına da mənfi təsir göstərir.
Ölkədə zaman-zaman gölün fəaliyyətinin bərpası tələbi ilə nümayişlər keçirilir.
Urmiya gölü 1976-cı ildə UNESCO-nun Ümumdünya Biosfer Qoruğu Şəbəkəsinə daxil edilib.