İsrailin "Haaretz" qəzeti dünən dərc etdiyi xəbərdə təhlükəsizlik qüvvələrinin jurnalistlərə münasibətini müzakirə edib.
Hafta.az-ın adıçəkilən qəzetə istinadən yazdığına görə, jurnalistin "Niyə mənə hücum edirsiniz?" sualına İsrail polisi “Çünki ərəbcə danışırsan” deyə cavab verib. Bu xəbəri manşetə daşıyan qəzet yazır ki, ərəb jurnalistlər hətta İsrail vətəndaşı olsalar belə, təhlükəsizlik qüvvələri tərəfindən ciddi təzyiqlərə məruz qalırlar.
Xatırladaq ki, Həmas-ın oktyabrın 7-də başlatdığı “Əqsa tufanı” əməliyyatından sonra, bölgədə çalışan BBC müxbirləri Təl-Əvivdəki otellərinə gedərkən maşından çıxarılaraq silahla təhdid ediliblər. Buna səbəb isə onların ərəbcə danışması olub.
Ərazidəki mənbələr bildiriblər ki, kameralar və ştativlər də daxil olmaqla avadanlıqlar yerə atılıb və qırılıb. Xəbərdə hadisəni lentə almağa çalışan şəxsin boynuna zərbə vurulub.
Nadin Əbu Laban tərəfindən imzalanan xəbərdə ərəbcə danışdıqları üçün hücuma məruz qalan jurnalistlərin təkcə BBC komandası olmadığı vurğulanıb.
Şərqi Qüdsdə bir İsrail şirkətində çalışan jurnalist polisin ona hücum etdiyini deyib: "Ayağa dur demədən məni vəhşicəsinə kənara itələdilər. Hansı cinayəti törətdiyim barədə heç bir fikrim yox idi. Nə baş verdiyini anlamaq üçün ərazidəki polis sözçüsü ilə danışmaq istədim. Bu vaxt iki polis əməkdaşı ilə daha bir zabit gəlib mənə qışqırdı və nə baş verdiyini kimsəyə bildirməməyimi istədi. Onlar qışqırarkən başqa bir məmur gəlib məni apardı. Sordum ki, məni niyə vurdular, dedilər ki, ərəbcəyə danışdığına görə. Biz təkcə raketlərdən deyil, həm də ərəb dilində veriliş apardığımız üçün bizə hücum edən polislərdən və başqalarından qorxuruq”.