İstanbula xoş xəbər: güclü yağış bəndlərdə suyun səviyyəsini yüksəltdi

10:00 21.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbul Böyükşəhər Bələdiyyəsinin verdiyi açıqlamada yağışlı hava dalğası səbəbindən şəhərə, Mərmərə bölgəsinə və ümumilikdə Türkiyəyə aramsız yağışlar yağdığı bildirilib.

Hafta.az-ın yazdığına görə, açıqlamada yağışların son illərin ən quraq dövrünü yaşayan İstanbulun bəndlərinə bolluq gətirdiyi vurğulanıb. Qeyd olunub ki, şəhəri su ilə təmin edən bəndlər ən son göstəriciyə əsasən 22,63 faiz doluluq dərəcəsinə çatıb.

Açıqlamada, yağışlarla Ömərli anbarı 44,75 faiz, Əlmalı anbarı 43,25 faiz, Darlık anbarı 36,25 faiz, Əlibəy anbarı 23,85 faiz, İstrancalar anbarı 21,31 faiz, Terkos anbarı 11,41 faiz, Böyükçəkməcə anbarının 7,40 faiz, Sazlıdərə anbarı 7,31 faiz, Kazandərə anbarı 5,87 faiz, Pabuçdərə anbarı 2,85 faiz doluluq həddinə çatdığı bildirilib.

Meteoroloji məlumatlara görə yağışlı dövrün davam edəcəyi bildirilən şərhdə, suyun qənaətli istifadəsinin əhəmiyyətinə diqqət çəkilib.