Kirayə evlərin alışı ilə bağlı yeni mexanizm hazırlanır - Rəsmi açıqlama

11:41 06.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

İpoteka və kredit Zəmanət Fondu “Asan xidmət" mərkəzləri ilə razılaşma əldə edib. Vətəndaşlarının işinin asanlaşdırlması və şəffaflaşdırılması məqsədi ilə “Asan“  kirayə mənzillər təklif olunacaq. 

Proses nə zaman işə düşəcək və hansı mexanizmlər tətbiq olunacaq?

Bununla bağlı hafta.az.az-a İpoteka və kredit Zəmanət Fondundan bildirilib ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu hazırlıqlarla əlaqədar olaraq yeni mexanizmin tətbiqinə bir müddət sonra başlayacaqdır:

"Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilmişdir.

Təsdiq edilmiş Qayda Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə bağlı müvafiq mexanizmin yaradılmasını nəzərdə tutur. Mexanizm çərçivəsində Fond tərəfindən müvafiq yaşayış sahələrinin ölkə vətəndaşlarına satmaq öhdəliyi ilə uzunmüddətli kirayəyə verilməsi həyata keçiriləcəkdir. Kirayə müddətində vətəndaşın mənzil üzərində kirayə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınacaq və mənzildən istifadə ilə bağlı aylıq ödənişlər tam ödənildikdən sonra mənzil kirayəçinin mülkiyyətinə keçəcəkdir.

Fond tərəfindən vətəndaşlara mənzillər tam təmirli, elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş, istifadə üçün yararlı vəziyyətdə kirayəyə veriləcəkdir.

Qaydanın tələblərinə əsasən kirayə müqaviləsi bağlanıldıqdan sonra alış qiymətinin tam ödənişi 3 ildən tez həyata keçirilməməlidir. Lakin, sonrakı dövrdə mənzilin alış qiymətini vaxtından qabaq ödəyən vətəndaşlar üçün Fond tərəfindən alış qiymətinin məbləğində güzəştlərin tətbiqi nəzərdə tutulur.

Mexanizm çərçivəsində müəyyən müddət kirayədə qalıb, sonradan yaşayış yerini dəyişən vətəndaşların hüquqlarının müdafiəsi də nəzərdə tutulmuşdur. Belə ki, Qaydaya əsasən Fondun yazılı razılığı ilə kirayə müddətində (kirayə müqaviləsi bağlanan gündən 3 ildən tez olmayaraq) vətəndaşın kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilməsi mümkündür. Kirayə müddəti ərzində kirayəçi vəfat etdikdə isə kirayə müqaviləsi üzrə hüquqlar kirayəçinin vərəsələrinə keçir.

Mexanizm çərçivəsində müraciətlərin növbəlilik əsasında elektron sistem vasitəsilə qəbulu nəzərdə tutulur".