Kirilo Budanov Rusiyanın “gizli planını” açıqladı

09:26 23.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (GUR) rəisi Kirilo Budanov Rusiyanın tanınmış ukraynalı şəxsləri öldürməyə hazırlaşdığını iddia edib.

Hafta.az-ın yazdığına görə, Budanov “Wall Street Journal”a müsahibəsində Moskvanın sosial xaos yaratmaq üçün dezinformasiya və sui-qəsd planları hazırladığını iddia edib.

Budanov bu gün dərc olunan müsahibəsində Kremlin son vaxtlar başladığını iddia etdiyi bu plan çərçivəsində ölkənin hərbi əzmkarlığını zəiflətməyi hədəflədiyini deyib. O, bildiirb ki, Rusiyanın ölkə daxilində nifaq və parçalanma yaradaraq Kiyev administrasiyasını zəiflətmək planı xüsusilə yazda pik nöqtəsinə çatacaq.

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko ötən həftəsonu Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsizlik konfransında iştirak etmək planını “sui-qəsd təhlükəsi” səbəbindən ləğv etdiyini açıqlayıb. Poroşenko bildirib ki, xəbərdarlıq Budanovdan gəlib. Hərbi kəşfiyyatın rəisi müsahibəsində bu barədə açıqlama verməyib.

GUR prezidenti rusiyalı bloggerlərin dezinformasiya fəaliyyətinə də toxunub. Bəzi bloqçular fevralın 14-də Telegram-dakı paylaşımlarında iddia ediblər ki, Fransa prezidenti Emmanuel Makron sui-qəsd təhlükəsi səbəbindən Ukraynaya səfərini ləğv etməli olub.

Sui-qəsd əmrinin guya Ukrayna lideri Vladimir Zelenski tərəfindən verildiyi iddia edilib və bunlar Fransanın ictimai yayımı olan France 24-ün xəbər bülletenində “Deepfake” texnologiyası ilə hazırlanmış video vasitəsilə göstərilib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də Twitter hesabında bu iddiaları paylaşıb.

Budanov qarşıdakı aylarda Rusiyanın dezinformasiya kampaniyasının artacağını iddia etsə də, kimə sui-qəsd planı hazırlandığı barədə məlumat paylaşmayıb.