Kreml Qarabağdakı separatçılardan istifadə edəcək - Ərəstun Oruclu

10:32 19.01.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu  “Həftə içi”nə budəfəki müsahibəsində Ermənistan baş naziri N.Paşinyanın Rusiyaya qarşı son bəyanat və addımlarını, Kremlin onun üçün “Saakaşvili” taleyi yaratmaq imkanlarını təhlil etdi. Gürcüstanın hazırda Tiflisdə ağır xəstə halda həbs həyatı yaşayan islahatçı eks-prezidenti Mixail Saakaşvilinin siyasi baxımdam belə bir duruma düşməsinin səbəblərindən danışdı, Moskvanın Qarabağda bundan sonra Putinin milyarder “desant”ı Ruben Vardanyan vasitəsilə həyata keçirmək istədiyi planları haqda proqnozlarını verdi.

- Ermənistan hökumət başçısı Paşinyanın Rusiya və ayrıca KTMT-yə qarşı son bəyanat və addımlarını necə dəyərləndirirsiniz?

- Ermənistan hökumətinin və konkret olaraq şəxsən Paşinyanın  KTMT-yə qarşı verdiyi bəyanatlar Ermənistanın öz siyasətində balans qorumaq istəyindən xəbər verir. Bu ölkədə yaxşı anlayırlar ki, Rusiya bölgədə öz təsir imkanlarını bərpa etmək üçün bütün vasitələrə əl atmağa çalışır. Onlardan biri də KTMT adı altında öz əlavə hərbi qüvvəsini bölgəyə yeritməkdir ki, bununla Moskva  bölgədə güc nümayiş etdirmək niyyətindədir. Ola bilər ki, təlim adı altında yeritdiyi həmin gücü sonradan bölgədə saxlasın. Sözsüz ki, Paşinyan da bunu məqbul hesab etmir. Rusiyanın Ermənistanı  öz hərbi bazası kimi bu cür istismar etməsi və yaxud etmək cəhdi həm Azərbaycanla sülh müqaviləsinin imzalanmasının müddətini uzadır, bunun ehtimallarını azaldır, həm də Paşinyanın xarici siyasətində ayrıca bir bənd olan Türkiyə ilə münasibətləri yaxşılaşdırmasına mane olur...

Eyni zamanda, Paşinyan hakimiyyətə gəldiyi gündən çalışır ki, Ermənistanı mümkün qədər Rusiyadan uzaqlaşdırsın. Bunun əvəzində Rusiya da bu ölkəyə mümkün qədər təsirini artırmağa çalışır. Kremldə yaxşı başa düşürlər ki, Ermənistanın nəzarətdən, onun təsir dairəsindən çıxacağı halda, şübhəsiz ki, Rusiya bütövlükdə bölgəni itirmək təhlükəsiylə üz-üzə qalacaq. Bax, fikrimcə, bütün mübahisə bunun ətrafındadır. Digər tərəfdən, Paşinyan alternativ tapa bilmir. Alternativ məsələsi də belədir: Paşinyan bəlkə də istəyərdi ki, Türkiyə ilə münasibətləri tənzimləsin, eyni zamanda Azərbaycanla sülh müqaviləsi əldə etsin. Ancaq gördüyünüz kimi, buna çox ciddi müqavimət var. Həmin müqavimət yalnız Rusiya tərəfdən deyil, həm Ermənistanın daxilindəki rusiyapərəst müxalifət, həm də Qarabağdakı separatçı qondarma rejim tərəfindən və şübhəsiz ki, həmin rejimi himayə edən “sülhməramlı”lar tərəfindəndir...

- Görəsən,  bütün bunlardan sonra Kreml, Putin Paşinyan üçün də “Saakaşvili taleyi” planlaşdırmayıb ki?

- Paşinyanın əvvəldən və o cümlədən Rusiya və KTMT ilə bağlı son mətbuat konfransında da sərgilədiyi mövqe, şübhəsiz ki, Kremldə razılıqla qarşılana bilməz. Kreml onsuz da  Ermənistan daxilindəki “5-ci kalon”u vasitəsilə daim Paşinyana qarşı siyasət yürüdüb. Düşünürəm, xüsusən KTMT-nin təlimlərinə ev sahibliyi etmək imtinasından sonra Rusiya-Ermənistan münasibətləri özünün yeni bir mərhələsinə keçir. Təbii ki, bu mərhələ münasibətlərin inkişafı baxımından müsbət kimi dəyərləndirilə bilməz. Rusiyanın da buna cavab tədbirləri olacaq. O cavab tədbirlərinin hansı şəkildə olacağını söyləmək çətindir. Daxildən hansısa güclər, təsirlər hesabına Paşinyanı devirmək, ən azı, indiki mərhələdə inandırıcı görünmür. Ermənistana hərbi müdaxilə etmək də qeyri-mümkündür. Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasının bunun üçün gücü yetərincə deyil. Kənardan güc yeritmək üçün isə Moskvanın imkanı çox məhduddur. Ona görə ki, Rusiyanın Ermənistanla birbaşa sərhədi yoxdur. Bu yalnız Gürcüstan və ya Azərbaycan vasitəsilə ola bilər. Rəsmi Tiflis və Bakının buna imkan verəcəyi də sual altındadır...

 Bir sözlə, Rusiyanın Paşinyanın son bəyanatları ilə bağlı mövqeyi bəllidir və görünür ki, Kreml Paşinyandan canını qurtarmağa çalışır. Bu, yeni bir trend deyil.  44 günlük savaşdan sonra Moskva buna cəhd göstərdi. Onadək isə Paşinyana ciddi problemlər yaratmağa çalışırdı. Əgər 2020-ci ilin payızındakı müharibədə Ermənistanın ağır hərbi məğlubiyyətindən sonra Rusiya Paşinyanı devirməyə nail ola bilmədisə, hazırkı durumda onun buna nail olacağı daha az inandırıcı görünür.  Unutmayaq ki, bütün zəifliyinə, Ukrayna müharibəsindəki məğlubiyyətinə və s. məsələlərə baxmayaraq Rusiya hələ də Ermənistanla, Azərbaycanla, digər postsovet ölkələri ilə müqayisədə kifayət qədər gücə və təsirə malikdir. Ən azı, Kremlin  bir çox keçmiş müttəfiq respublika daxilində mövcud olan geniş şaxəli “5-ci kalon”ları bunu deməyə əsas verir. Bəs Moskva Ermənistanın hazırkı baş naziri Nikol Paşinyana Saakaşvilinin taleyini yaşada biləcəkmi? Bunu söyləmək çətindir. Düşünmürəm ki, bunu etmək Rusiya üçün asan olacaq. Ermənistanda Paşinyan hökumətindən narazılıqlar olsa da, hələ onlar özünün, belə deyək, kulminasiya nöqtəsinə çatmayıb. Həm də həmin narazılıq, hökumətdən narazı kütlə kritik çəkiyə malik deyil.  Paşinyana qarşı narazılıq və etirazlar kritik həddə çatarsa, bəlkə də Rusiya üçün ona “Saakaşvili taleyi”ni yaşatmaq imkanı yaranar.  Hazırda bunun əlamətləri görünmür...

- Mixail Saakaşvilidən söz düşmüşkən, hazırda Tiflisdə ağır xəstə durumda həbs həyatı yaşayan, hakimiyyətdə olduğu dövrdə ölkəsində rüşvət və korrupsiyanı minimal həddə endirməyi bacarmış Gürcüstanın eks-prezidentinin, bu populyar siyasi liderin taleyini necə təhlil etmək olar? Nələr onu hazırkı faciəvi duruma gətirib çıxardı; əvvəl dövlət başçısı, sonra siyasətçi kimi öz səhvləri, Qərbin Gürcüstana və ona münasibətdə yanlışları və ya yetərincə dəstək göstərməməsi, yaxud gürcü xalqının xeyli hissəsinin ona qarşı laqeyd münasibəti?

- Əslində, Mixail Saakaşvili postsovet məkanında, sözün əsl mənasında, islahatçı bir lider kimi öz işini görübdür. Onun Gürcüstanda, demək olar ki, “uğursuz bir ölkə” kimi dəyərləndiriləcək bir şərtlər çərçivəsində apardığı istər siyasi, istər iqtisadi, istərsə də hüquqi islahatlar öz bəhrəsini verib və verməkdədir. İslahatın, necə deyərlər, belə bir qəddar qanunu var: islahatçı həmin islahatın qurbanı olmağa hazır olmalı və özü bunu qəbul etməlidir.  Saakaşvilinin sonrakı taleyi, daha dəqiq desək, bugünkü taleyi buna əyani sübutdur... Onun həyata keçirdiyi islahatlar, Gürcüstandakı bəzən sərt, bəzən çox radikal idarəçiliyi,  bəzən də aşırı özgüvən, təbii ki, ona qarşı böyük bir düşmən düşərgəsi formalaşdırdı. Sonda həmin düşmənlər bir oliqarxın qanadı altında birləşərək Saakaşvili ilə mübarziəyə başladılar. Əslində bu, mübarizə deyildi, bunun adı düşmənçilikdir. Həmin düşmənçilik bu gün də özünü açıq şəkildə göstərməkdədir. Saakaşvilinin sonrakı mərhələdəki: istər Ukraynadakı fəaliyyəti, orada yetərincə yüksək vəzifələr tutması və atdığı addımlar da göstərdi ki, o, sözün həqiqi  mənasında liderdir. Təəssüf ki, Gürcüstanın bu islahatçı eks-prezidenti bir yanlışlığa yol verdi: o, ölkəsindəki real vəziyyəti dəyərləndirə bilmədi. İlk növbədə onu nəzərə almadı ki, Gürcüstan cəmiyyəti artıq parçalanıb, əvvəlki cəmiyyət deyil. İndiki hakimiyyətin uzun illər göstərdiyi fəaliyyət öz bəhrəsini veribdir. Digər bir amil isə, dediyim kimi, bu hakimiyyətdə təmsil olunanların Saakaşviliyə düşmən münasibətində olması idi. Bu gün o, özünü açıq-aydın göstərməkdədir. Saakaşvili daim öz rəqib və opponentlərini impulsiv və çılğın addımları ilə məğlub etmişdi. Düşünürdü ki, bu dəfə də elə olacaq. Burada isə səhvə yol verdi. Əslində, onun beynəlxalq dəstəyi də yetərincə deyildi: bu məqamı tam hesablaya bilməmişdi. Təəssüf ki, Saakaşvilı bu gün həmin yanlışlarının qurbanı olmaqdadır. Onun siyasi taleyinin necə olacağını isə söyləmək çox çətindir. İndiki geosiyasi vəzyyətdə, dünyadakı mövcud trendlər fonunda düşünmürəm ki, Saakaşvili və onun taleyi aktual bir müzakirə predmetidir. Elə görünən də budur. Çox təəssüf ki, xalqın böyük bir hissəsinin də onu dəstəkləmədiyi göründü. İllərboyu aparılmış təbliğat, onun hökumətinin üzvləri olmuş şəxslərin təqibi və s. üzərində qurulan informasiya kampaniyası öz bəhrəsini verdi.  Saakaşvili hələlik bu gün üçün məğlubdur. Sonrasının necə olacağını isə dediyim kimi, proqnozlaşdırmaq çox çətindir. Hər bir halda Gürcüstan cəmiyyətində bir dövlətçilik fenomeni var. Düşünürəm ki, Rusiya ilə yaxın olan bugünkü iqtidar öz xarici siyasətində hansısa səhvlərə yol verərsə, məsələn, Kremllə açıq bir sövdələşməyə gedərsə, Gürcüstanda vəziyyət dəyişə və Saakaşvili yenidən bir lider kimi meydana çıxa bilər. Əlbəttə, onun səhhəti ilə bağlı durum buna imkan verərsə...

- Hipotetik olaraq təsəvvür edək ki, hər üç Güney Qafqaz respublikası aralarındakı ziddiyyətləri kənara qoyub Moskvaya qarşı birgə mümkün qədər kəskin demarşlar edirlər, mübarizə aparırlar, Avropa və ABŞ da onlara yetərli dəstək verir – müsbət nəticə alınarmı? Yəni bu minvalla Rusiyanın ayağını  regiondan tam kəsmək olarmı?

- Əgər 3 Qafqaz ölkəsi aralarındakı bütün ziddiyyətləri çözərlərsə, şübhəsiz ki, demokratik dünya onlara dəstək dura bilər və duracaqdı da... Bunun nümunələri var. Məsələn, unutmayaq ki, 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzü elə bir həddə gəlib çatmışdı ki, Rusiya qoşunları faktiki olaraq paytaxt Tbilisinin 40 kilometrliyində idilər. Yəni Qori şəhərinədək gəlib çıxmışdılar. Bundan sonra Qərb ölkələri Fransanın ozamankı prezidenti Nikola Sarkozini danışıqlar aparmaq üçün Putinin yanına göndərdi. Əlbəttə, biz o danışıqların məzmununu bilmirik. Onların arxasında nələrin dayandığını, o cümlədən Qərbdən gələn təkliflərin hansılar olduğunu bilmirik. Şübhəsiz ki, orada sərt xəbərdarlıqlar vardı. Sərt xəbərdarlıqlar olduğundan da Moskva öz qoşunlarını geri çəkməyə məcbur oldu. Mən əminəm ki, Cənubi Qafqazın hər üç ölkəsi arasında heç bir ziddiyyət olmazsa, Qərbin, ABŞ və Avropanın dəstəyini qazanmaq, özü də birlikdə tamamilə mümkündür. Ziddiyyətlərə gəldikdə, düşünürəm, bugünkü mərhələdə onlar faktiki çözülmək üzrədir. Məsələn, Gürcüstanla Azərbaycan arasında heç zaman, heç bir ciddi ziddiyyət olmayıb. Gürcüstan elə 44 günlük savaşda da Azərbaycanın mövqeyindən çıxış edib, öz ərazisindən, o cümlədən də hava məkanından Ermənistana silah-sursat keçirilməsinə qadağa qoysa da, Ermənistan-Gürcüstan münasibətləri də kəskinləşməyib. Ermənistanla münasibətlərimizdə Ermənistanın Azərbaycana ərazi iddiaları var. İrəvandakı hakimiyyət  həmin iddialardan, demək olar ki, imtina edib.

- Bəlkə elə Qarabağ məsələsinin tam yekunlaşmaması, Ermənistanla sülh sazişinin imzalanmamasının əsas səbəbi Ermənistan rəhbərliyinin bacardığı qədər Rusiyadan uzaqlaşmağa çalışması, Azərbaycanda isə ictimaiyyətin kəskin münasibətinə rəğmən hələ də güclü olan “5-ci kalon”mövcudluğudur?

- Bilirsiniz, “5-ci kalon” hər yerdə var: Ermənistanda da, Gürcüstanda da, Azərbaycanda da. Sadəcə olaraq bu gün Gürcüstandakı hakimiyyət, deyərdim ki, haradasa bir balanslı siyasət yürütməyə çalışır. BiGürcüstanın da ərazisində Rusiya tərəfindən de-fakto ilhaq olunmuş və Kremlin formal baxımdan guya “müstəqil” dövlətlər kimi tanıdığı separatçı bölgələr var. Ermənistan da Moskvadan uzaqlaşmağa çalışır. Azərbaycanda isə vəziyyət fərqlidir...

 Azərbaycan istər Gürcüstan, istərsə də Ermənistandan daha əlverişli vəziyyətdə olmasına rəğmən sanki Rusiya ilə hesablaşmağa, onun maraqlarını nəzərə almağa çalışır. Bu, bir az qeyri-adi haldır. Səbəbini söyləmək çətindir, amma şübhəsiz ki, burada həmin “5-ci kalon”un bilavasitə rolu var. Ona görə də həmişə dediyim kimi, ölkələrdə müstəqillik və suverenliyin təmin olunması üçün “5-ci kalon”lar mütləq ləğv edilməlidir. Təbii ki, bizi bu situasiyada daha çox Azərbaycan narahat edir. Və biz “5-ci kalon”un ləğvinə hökmən nail olmalıyıq. Əks təqdirdə həmin “5-ci kalon” Azərbaycanı Rusiyanın orbitindən çıxmağa qoymayacaqdır. O, bütün gücü ilə ölkədə istər destablizə, istər qarşıdurma olsun, istər hansısa digər vasitələrlə Rusiyanın təsir dairəsində qalmağımıza xidmət göstərəcək. Zatən “5-ci kalon”un vəzifəsi budur...

– Əgər belə davam edərsə, Qarabağda bir fiqur kimi meydana çıxmasına vaxtında mane olmadığımız Vardanyan Rusiya hərbi kontingentinin də dəstəyi ilə erməni toplumunu 1988-1991-ci illərdə olduğu kimi, yenidən Azərbaycana qarşı diversiya, təxribat, orduya, mülki əhaliyə qəfil hücumlar, avtomobil yollarının minalanması, atəşə tutulması və s. ilə müşayiət olunan separatçı-terrorçu mübarizəyə qaldırmağa nail ola bilərmi? Nəzərə alsaq ki, o vaxt da dünyada “əzabkeş erməni xalqı” obrazı həm də Laçından, Şuşadan keçən quru yolunun ermənilər üçün 1990-1991-ci illərdə tam bağlanması olmuşdu...

- Bəli, Rusiyanın Qarabağın dağlıq hissəsində “sülhməramlı” adlanan silahlı qüvvələrinin nəzarətində olduğu və ermənilərin kompakt yaşadığı ərazidə can atdığı ssenari məhz budur. Moskva çalışır ki, Azərbaycana təsir, destablizasiya vasitəsi kimi Qarabağdakı separatçılardan istifadə etsin. Elə məhz həmin səbəbdən də Ruben Vardanyanı həmin ərazimizə yerləşdirib və hal-hazırda onun mövqeyini gücləndirməkdədir. Düşünürəm ki, Azərbaycanla Rusiya arasındakı bu və ya digər ziddiyyətlər kəskinləşəcəyi halda  Kreml mütləq bu alətə əl atacaqdır. Və buna hazır olmaq lazımdır, buna imkan vermək lazım deyil. Amma faktiki olaraq 2020-ci ilin 44 günlük savaşının sonunda Rusiyanın hərbi kontingentinin Qarabağın  dağlıq hissəsində yerləşdirilməsinə imkan verməyimiz bizi gətirib həmin bu tələyə salıbdır. Və Kreml də bundan məharətlə istifadə edir.  Bir daha deyirəm ki, Rusiya Qarabağda heç bir sülhməramlı missiya yerinə yetirmir və o, Azərbaycanı, bölgədəki vəziyyəti, Azərbaycan-Ermənistan münasibətlərini de-fakto 1988-ci ilin əvvəllərinə qaytarmış oldu. Hər şey o zaman olduğu kimidir. Qarabağın yuxarı hissəsində separatizm, qalan ərazilər hələlik Azərbaycanın nəzarətində olması və Rusiyanın Xocalıda soyqırım törətmiş 366-cı alayının əvəzinə, sayca ondan daha üstün olan “sülhməramlı” adlanan kontingent... Odur ki, bu saat Moskvanın əlində həmin münaqişənin yeni dalğasını başlatmaq üçün bütün resurslar mövcuddur. Yeganə fərq ondadır ki, hazırda Azərbaycan tək deyil, yanında, arxasında Türkiyə kimi müttəfiqi var, ikincisi Azərbaycanın ordusu var və o illərdəki durumda deyil. Bununla belə, onu da unutmamalıyıq ki, bəli, Qarabağda həmin separatçılıq daha aktiv şəkildə baş qaldıracağı və Azərbaycanın ona qarşı tədbirlər görməyə başlayacağı halda Qərbin ermənipərəst ölkələrində və dairələrində erməni separatçılarına dəstək özünü çox gözlətməyəcəkdir. Bunu da nəzərə alaraq mən hər zaman mümkün qədər “yumşaq güc”dən istifadə olunmasının tərəfdarıyam. Hesab edirəm ki, belə vasitələr var, onlar hələ tükənməyib. Hal-hazırda Laçın-Şuşa-Xankəndi yolunda keçirilən ekofəalların müqaviməti ilə müşayiət olunan aksiya müəyyən mənada effektivdir. Bunun davamı gəlməlidir. Yəni bu, sistemli davamlı prosesə çevrilməldir. Ta o zamana kimi ki, Rusiya qeyd etdiyiniz həmin o təhrikçiliyə keçməyəcəkdir.  Moskva o varianta mütləq keçəcəkdir. Bu, yalnız zaman məsələsidir...

Oxunma sayı 242