“Laçında erməni hərbçiləri qalmamalıdır” - Qabil Hüseynli

13:49 28.11.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı kapitulyasiyaya imza atmağa məcbir etdi. Düşmən hərbi məğlubiyyətə düçar oldu. Hərbi savaşın birinci mərhələsindən sonra torpaqlarımızın suverenliyinin bərpası diplomatik mərhələdə davam edir. Belə bir ərəfədə erməni silahlı qüvvələrinin Qarabağda qalması və sülhməramlıların iştirakı ilə yeni təmas xəttinin  formalaşması erməni terrorunun alovlanması üçün təhlükəli mənbə kimi qeyd olunur.

Regionun geosiyasi mənzərəsində əsas nüansların nədən ibarət olması və digər məqamlarla bağlı hafta.az-a müsahibə verən politoloq Qabil Hüseynli maraqlı məqamlara diqqət çəkib.

 

-Qabil müəllim, Qarabağın işğaldan azad olunması prosesinin son mərhələsini necə təhlil edərdiz. Proseslərin diplomatik müstəvidə uğurla davam etdirilməsi üçün birinci növbədə nələrə diqqət yetirilməlidir?

-Əlbəttə, birinci növbədə arxayınçılığa yol vermək olmaz. Qələbə eyforiyasının doğurduğu sərməstlikdən tez bir zamanda azad olub,  diqqəti ölkənin daha da təkmilləşdirilməsinə, ordu quruculuğunun daha da uğurla davam etdirilməsinə yönləndirməliyik. Görüləcək işlər çoxdur. Bilmək lazımdır ki, düşmən sakit dayanmır, təxribatlardan əl çəkmir, tərəfdarlarına, arxalarında dayanan qüvvələrə yalvar-yaxar edərək onları Azərbaycanın üstünə qaldırır.  Düşmən heç də tam olaraq torpaqlarımızdan əl çəkdiyini düşünmür və yenidən toparlanaraq Azərbaycana qarşı mənfur siyasətini davam etdirməkdə israrlıdır.  Azərbaycan torpaqları müharibə ilə azad olundu və bilirik ki, hələ də ərazilərimizdə erməni silahlıları qalır və bu torpaqlardan çıxmamaq üçün yollar axtarırlar. Belə bir məqamda son dərəcə ehtiyatlı davranmalı və birlik nümayiş etdirməliyik.

Bu günə qədər Azərbaycan bütün məsələlərdə, həm daxili, həm də xarici siyasət məsələlərində daha ayıq olmalı, ehtimal edilən və ermənilərdən gözlənilər hər cür zərbənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyi bacarmalıyıq.

Eləcə də, Prezidentin müharibədən əvvəl başlatdığı siyasi islahatlar xəttinin davam etdirilməsi, rüşvətə, korrupsiyaya qarşı mübarizənin daha ardıcıl, daha prinsipial şəkildə davam etdirilməsi və azad olunmuş rayonların yenidən həyata qaytarılması prosesinə başlanılmalı, ərazilərin minalardan təmizlənməsi və əhalini geriyə qaytarılması üçün lazım olan tədbirlərin hazırlanıb həyata keçirilməsi zərurəti var. Yəni bizi çox böyük işlər gözləyir. 

- Sülhməramlıların olduğu Qarabağda ermənilərin cinayətləri davam edir və hələ ki, ciddi tədbirlər görülmür. Sizcə müharibə bitmədimi?

-Hesab edirəm ki, ermənilərlə yeni toqquşmalar ehtimalı ola bilər, amma müharibə bizim üçün bitib. Biz müharibəni qalibiyyətlə başa vurub erməniləri diz çökdürmüşük. Əgər erməni ordusunun 80 faizi sıradan çıxarılıbsa, hələ özlərinə gəlmələri üçün xeyli vaxt olacaq. Onların törədə biləcəyi bəd əmələrin qarşısını alaq üçün  Azərbycan ordusunun potensialı yetərincədir.

Sülhməramlı qüvvələr məsələsinə gəlincə, əlbəttə işğal olunan torpaqların azad olunmasında onların rolu oldu. Amma Dağlıq Qarabağ probleminin həllini hələ başa çatdırmamışıq, danışıqlar mərhələsi, sülh yaratma prosesi qalır. Möhkəm sülhün təminatçısı olacaq sülh müqaviləsinin yaranması qarşıda durur. Qarşıda sərhədlərin demorkasiyası, delimitasiyası və hüquqi cəhətdən təsdiqi durur. Laçın koridorunda, Mehri dəhlizində həm şose, həm dəmir yolunun açılması məsələsi hələ ki qalır. Bunlar avtomatk həll olunacaq məsələ deyil, bu məsələlərdə ardıcıl işlər aparmaq lazımdır.

-Siyasilər Qarabağda baş verən bütün proseslərə səbrlə yanaşaraq, bütün məsələlərə dekabrdan sonra aydınlıq gətiriləcəyini qeyd edirlər. Dekabrdan sonra nə olacaq?

-Bu gün Kəlbəcər boşaldılır, sadəcə sərhəd məsələlərində müəyyən problemlər qalır. Laçının kəndləri boşaldılır, Laçının Qayğı qəsəbəsində hələ ki, ermənilər qalır.  Amma bəyanatda nəzərdə tutulan koridorun inşası başlamadığından Laçın şəhəri də Azərbaycanın suverenliyi ərazisinə keçməlidir. Laçında erməni hərbçiləri qalmamalıdır. İnanıram ki, bu baş verəcək. 

Dekabrın 1-ə qədər Qazaxın 7 kəndi qaytarılmalıdır. Bu da bir problemdir. Əsas diqqət ona yönləndirilməlidir ki, geriyə qayıdan ermənilərin içərisinə silahlı dəstələr, terrorçu qruplaşmalar qatılmasın. Erməni ordusunun bütün əsgərləri axırıncı nəfərinə qədər Azərbaycan ərazilərini, Qarabağ ərazilərini tərk etsinlər.  Azərbaycanın suverenliyi bütün ərazilərimizə yayılsın və ərazi bütövlüyümüzün tamlığı, təşkil olunsun.

Hələ ki, bizm və ermənilərin, Rusiya hərbi hisslərinin yerləşdiyi yerlər müəyyənləşməyib.  Amma Azərbaycan ordusu tutduğu ərazilərə tam nəzarət edir, həmin ərazilərin geriyə qayıtması haqqında söhbət ola bilməz, həmin ərazilərə erməni əhalisinin qayıtması haqqında söhbət ola bilməz. Mən deyərdim ki, Azərbaycanın suverenliyi yeni-yeni bölgələrə yayılır. Məsələn, Xocavənd rayonunda kəndlərin boşaldılması məsələsi əsgərlərimizin rəşadəti nəticəsində baş verdi. Zənnimcə proseslər gedəcək, bu prseslərin gedişində hamının ayaq-sayaq olmasından çox şeylər asılıdır.

Eləcə də, Sərsəng su anbarı Azərbaycann suverenliyi altındadır. Ambarın canı olan keçmiş Madagiz, Suqovuşan SES tamamilə Azərbaycann nəzarəti altındadır. Daha 2 elektrik stansiyası da Azərbaycanın nəzarəti altındadır. İstilik elektrik stansiyası Dağlıq Qarabağın enerji təhcizatının çox böyük hissəsini həyata keçirir. Suqovuşan da Azərbaycan tərəfindən idarə olunur və düzən Qarabağa çoxdandır ki, su verilməyə başlanıb.  Bunun özü də çox böyük uğur hesab oluna bilər. Sərsəng su anbarı çox böyük strateji əhəmiyyətə malik olan bir ərazidir.  Tərtərin suyunun  Azərbaycanın kənd təsərrüfatı rayonlarında suvarma sisteminə qatılması  çox böyük hadisədir.

Xocalıya təyyarrə meydanına gəldikdə  isə, Azalın verdiyi məlumata görə  Xocalı təyyarə meydanına beynəlxalq status verilməyib.  Ermənilər bunu yalandan yayırlar.  Verilsə də Azərbaycanın təqdimatı əsasında baş verə bilər.  Çünki ora nə Ermənistandır, nə də Dağlıq Qarabağdır. Bizdən isə həmin təyyarə meydanı üçün təqdimat olmayıb. Bu istiqamətdə məlumatlar dezinformasiya xarakteri daşıyır.

-Qabil müəllim, müharibədən sonra Qarabağda rusun, erməninin qalmasından “narahat olanlar” fikrən də olsa “rusundur”, “ermənilərindir”- deyə sərsəm ideyalar ortaya atır. Belə hallar nə ilə bağlıdır?

-Bunlar dezinformasiyaların nəticəsidir. Burda ideoloji təxribatlar ola bilər və görünür. Belə hallara qarşı kəskin tədbirlər görülür. Bu gün bölgədə türk əsgərinin mövcudluğundan da danışmaq olar. Türk ordusunun bölgədə mövcudluğu  təminatlı sülhün atriburtlarından biridir və regionda hər hansı sapıntı, əsas hədəfdən yayınma, ideoloji diversiyalarla heç bir iş görə bilməzlər.  Artıq Azərbaycan dövlətçiliyi möhkəmdir. Türkiyənin bu bölgədə iştirakı proseslərə daha ciddi nəzarət imkanı yaradır. Bu cür dezinformasiyaların ömrü bir neçə gün ola bilər. Türk zabitlərinin regiona gəlişi bu neqativlərin inkişafını azaldan məqam kimi qeyd olunur. Türk nəzarətçilərinin Kəlbəcər və Laçında yerləşdiriləcəyi gözlənir.  Təbii ki, ikinci mərhələdə suverenliyimizin bərpası daha çətin proses olacaq.

Oxunma sayı 2047