“Laçının azadlığı günü həm də dövlət sərhədlərimizin bərpası günüdür...” - Müsahibə

13:54 03.12.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Laçın rayonunun erməni işğalından azad olunmasıyla bağlı “Həftə içi”nə müsahibə verən keçmiş Laçın alayının qərargah rəisi, mayor Rafiq Nağıyev doğma yurdunun azadlığı günü keçirdiyi qeyri-adi duyğulardan, Rusiya sülhməramlılarının ərazidə yerləşməsinin müsbət və mənfi tərəflərindən, erməni ordusunun tör-töküntülərinin bundan sonra hər hansı təxribat törətməsi ehtimalının sıfra bərabər olmasından və s. bəhs edib.

-Rafiq bəy, Laçının azad olunması xəbərini eşidəndə ilk olaraq ağlınıza gələn nə oldu?

-Həqiqətən bu 28 illik  Qarabağsız, Şuşasız, Laçınsız dövrdə heç vaxt ümidimi üzmədim. Daim  deyirdim ki, biz  gec-tez torpaqlarımızı işğaldan azad edəcəyik. Və əlavə edirdim ki, bunun ən şərəfli yolu hərbi yoldur, silahlı savaş yoludur. Amma müzəffər Milli Ordumuzun gözlənilmədən və bu qədər qısa müddətdə  torpaqlarımızın azadlığına nail olacağını təsəvvürümüzə gətirə bilmirdik. Son bir neçə gündə, artıq Laçının da azad olunacağı bəlli olanda  sanki şok vəziyyəti yaşayırdıq...  Elə hisslər var ki, onları sözlə ifadə etmək mümkün deyil. Dekabrın 1-də Şəhidlər Xiyabanında oldum, hamının üzü, gözləri gülürdü. Amma ordakıların hansından soruşsaydın, həmin anlar keçirdiyi duyğuların izahını verə bilməzdi...

Onu deyim ki, Laçının azad olunduğunu eşidəndə ona da sevindim ki, artıq Azərbaycan ermənisiz olacaq. Mən dekabrın 1-ni yalnız Laçının azadlığı günü deyil, həm də dövlət sərhədlərimizin bərpası günü hesab edirəm. Yəni artıq Azərbaycan sərhədləri bütövləşdi və Laçında son nöqtə qoyuldu...

-Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması kadrlarını nümayiş etdirdi. Ancaq  Kəlbəcərdə olduğunun əksinə olaraq  hərbçilərimizin rayon mərkəzinə doğru hansı istiqamətdən gəldiyi deyilmədi. Bu, artıq hərbi sirr deyil – telekanallarda da ekspertlərlə müzakirə olunur. Bəs siz, Laçında böyüyüb boya-başa çatmış, eyni zamanda 1-ci Qarabağ savaşında həm Kəlbəcər, həm Qubadlı, həm Şuşa istiqamətlərində hərbi əməliyyatların fəal iştirakçısı olmus biri kimi ordumuzun doğma şəhərinizə haradan daxil olduğunu müəyyən edə bildinizmi?

-Həmin kadrlar gecə saatlarında çəkildiyindən ərazi aydın görünmür. Lakin bir məqama diqqət edək.  Ordumuzun  hərəkət etdiyi yol asfalt yox, qrunt yollardır. Ermənilər Qubadlı-Laçın, Şuşa-Laçın yollarını da asfalt etmişdilər.  Gorus-Laçın yolu da asfaltdır.  Bu məntiqlə ordumuzun Laçın şəhərinə asfaltlanmamış Kəlbəcər istiqamətindən gələn yolla daxil olduğunu hesab etmək olar. Yəni çox güman ki, hərbçilərimiz  həmin istiqamətdən Ermənistanla sərhədlərimizi bağlaya-bağlaya gəlib çıxıblar Laçına...

- Qeyd etdiyimiz kimi, 1988-1990-cı illərdə bir laçınlı və  sonradan döyüşçü zabit olaraq  o dövrdə də  sülh yaratmaq adı ilə Laçında və digər Qarabağ ərazilərində yerləşdirilmiş Rusiya hərbçiləri ilə dəfələrlə ünsiyyətdə olmusuz. Bu mənada hazırkı Rusiya sülhməramlılarının gəlişinin Azərbaycanın gələcəyi üçün müsbət və mənfi məqamlarını necə dəyərləndirirsiniz?

- Rusiya sülhməramlılarının Laçında olması həm də Azərbaycanın dünyaya,  o cümlədən Ermənistanı dəstəkləyən güclərə deməsidir ki, biz BMT-nin nizamnaməsinə, qətnamələrinə, konvensiyalarına uyğun işləyirik, dinc yanaşı yaşayışı təmin etməyə çalışırıq və s.

Bütün dünyada  sülhməramlılılıq missiyası BMT-nin mandatı əsasənda həyata keçirilir. Bu halda BMT saya salınmadı. Ancaq buna rəğmən Rusiya hərbçiləri Qarabağda elə bir balans, elə bir görkəm yaradırlar ki, BMT-nin bütün qayda-qanunlarının icra olunduğu təsəvvürü canlanır. Yəni  BMT, digər beynəlxalq təşkilat, eləcə də ABŞ, Britaniya, Almaniya kimi böyük dövlətlər  rusların Qarabağda onların maraqlarına zidd qanunsuz bir  iş gördüklərini bilsələr, dərhal müdaxilə edə bilərlər. Bundan əlavə, atəşkəsə nəzarətlə bağlı monitorinq qrupuna Türkiyə hərbçiləri də daxil edilir. Özü də ruslarla eyni sayda... Bildiyimiz kimi, Türkiyə də NATO-nun üzvüdür...

Artıq dünəndən xəbər çıxıb ki, Türkiyənin yeni, daha müasir müşahidə PUA-ları da Azərbaycana daxil olub və həmin  texnikalar Qarabağ ərazisini  ən yüksək səviyyədə nəzarətdə saxlayacaq. Bu PUA-lar yerdəki nəinki hərbi və mülki avtomobillərin, digər texnikaların hansı ölkəyə, qüvvəyə mənsubluğunu, eyni zamanda ərazidə,  dağda, düzdə, meşədə və s. hərəkət edən hər bir insanın sifət cizgiləri əsasında  şəxsiyyətini, kimliyini, vətəndaşlığını da qısa müddətdə müəyyən edir. Yəni burada Rusiya hərbçiləri, yaxud ermənilər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edəcək hansısa qanunsuz davranışa, təxribata-filana yol verə bilməyəcəklər. Hələ bizim bilmədiyimiz bir sıra məsələlər var... Odur ki, hər şeyə təmkinlə yanaşmalıyıq...  Və məndə tam əminlik var ki, hər çey yaxşı olacaq və Azərbaycanın, Qarabağın gələcəyi çox gözəl görünür...

-Sizcə, artıq Laçın rayonu da azad edildikdən sonra erməni hərbi birləşmələrinin tör-töküntüləri Kəlbəcərin, Laçının müxtəlif ucqar kənd və dağ yüksəkliklərində, meşələrində gizlənərək öz aləmlərində partuzanlıq edə,  təxrubatlar törədə bilərlərmi?..

-Xeyr. Bunu heç cür edə bilməzlər. Çünki əvvəla, Ermənistanın ordusu pərən-pərən olub, ölkə vahimə içərisindədir. İkincisi də,  artıq indi 1990-cı illər deyil, öncə dediyimiz kimi, dronlar, PUA-lar yeri qarış-qarış, nöqtəbənöqtə izləyir. Ermənilər harada gizlənə bilərlər ki?..

-Rafiq bəy, yenidən qurulacaq Laçında hansı yenilikləri görmək istərdiniz?

-Laçında əlbəttə, yeni-yeni yaraşıqlı evlər, müxtəlif müəssisələr tikilməlidir. Laçının potensialı çox böyükdür. Orada kifayət qədər yeni iş yerləri də açmaq mümkündür...

Amma mən Laçında ilk olaraq görmək istədiyim yox,  mütləq görünməli olan bəzi məqamları vurğulamaq istəyirəm.  İlk növbədə  Azərbaycan dövləti tərəfindən Ermənistanla sərhəddə dövlət sərhəd-buraxılış məntəqəsi, dövlət gömrük məntəqəsi qurulmalıdır.  Yəni Qarabağdakı vəziyyətə nəzarət etmək üçün bilavasitə Laçındakı sərhəd məntəqələri həlledici rol oynayacaq. Çünki Qarabağda əgər ermənilər bizim vətəndaş kimi qalacaqsa, yalnız buradan Ermənistana gedib-gələcək...

 

Oxunma sayı 3139