Müstəqil Azərbaycan Respublikasının ilk ədliyyə naziri olmuş Əlisaab Orucovla «Həftə içi» üçün budəfəki söhbətimizdə o, Prezidentin keçmiş Dağlıq Qarabağ və Ermənistanla sərhədyanı bölgələr üzrə səlahiyyətli nümayəndəsi kimi 31 il öncə - 1992-ci ilin mayında Şuşa və Laçının işğalı ərəfəsində və həmin günlərdə şahidi olduğu fakt və hadisələr, işğalın qarşısının alınması üçün görə bildiyi tədbirlər, həmçinin sözügedən bölgələrin işğalının səbəbləri barədə danışdı.
-Əlisaab müəllim, artıq Şuşanın işğal edilməsi haqda məlumat tam dəqiqləşdirildikdən sonra bu tarixi, qədim şəhərimizin, Qarabağdakı təbii qalamızın düşməndən azad olunması üçün faktiki dövlətin başçısı olan Yaqub Məmmədov və onun səlahiyyətli nümayəndəsi kimi siz hansısa tədbirlər görə bildinizmi?
-Əvvəla, məlumat üçün bildirim ki, respublika Prezidentinin cəbhə bölgələri üzrə səlahiyyətli nümayəndəsi olduğum dövrdə, yəni 8 aprel 1992-ci ildən 2 iyul 1992-ci ilədək - 2 ay 22 gün ərzində Azərbaycanda 4 dəfə dövlət başçısı- Prezident dəyişdirilib. Bu müddətdə respublikaya başçılıq edənlər Ali Sovetin sədri və Prezident səlahiyyətlərini həyata keçirən Yaqub Məmmədov, ardınca eyni vəzifədə eyni səlahiyyətləri icra etmiş İsa Qəmbərov, prezidentlər Ayaz Mütəllibov və Əbülfəz Elçibəy olmuşlar. Həmin müddətdə faktiki döyüş, hərbi əməliyyat bölgələrində fəaliyyət göstərən vəzifəli şəxs kimi mənə heç bir hərbi səlahiyyət verilmədi. Odur ki, hərbi işlərə, proseslərə birbaşa müdaxilə etməyim də qadağan edildi. Bəzən döyüş bölgələrində yaranmış ekstremal vəziyyətə uyğun olaraq qarışmağa məcbur olduğum hərbi əməliyyatlar isə yarımçıq dayandırılır, pozulurdu. Hətta mənim tövsiyəmlə düşmənin təcavüzünə cavab olaraq müdafiə və ya hücum əməliyyatına başlamış hərbi komandirlər ölkənin siyasi-hərbi komandanlığı tərəfindən cəzalandırılır; onlar bir müddət vəzifələrindən kənarlaşdırılır, yaxud fiziki zorla müşayiət olunan hücumlara, sui-qəsdlərə məruz qoyulurdular...
Məsələn, 27 aprel 1992-ci ildə Ermənistanın Zəngilan rayonuna genişmiqyaslı hücumundan və bir neçə kəndimizi işğal etməsindən sonra mənim tövsiyəmlə həmin rayonun Şayıflı kəndi istiqamətindən Qafan-Meğri istiqamətində qarşı əks-hücuma keçmiş və düşmənin legitim hədəflərini zərərsizləşdirmiş rayonun hərbi komendantı İldırım Məmmədov və onun tabeliyindəki döyüşçülər müdafiə naziri Rəhim Qazıyevin əmri ilə geri çəkilməyə məcbur edilmişlər. Amma Zəngilanın hərbi komendantına qarşı təzyiq və təqiblər bununla bitməmişdir. İldırım Məmmədovun başına gələnlər barədə ətraflı onun öz dilindən “Mübarizəmiz Qarabağdadır” kitabımda da bəhs edilib. Polkovnikin söylədiklərindən belə məlum olur:
“Bəhs edilən hücum əməliyyatından 27 gün sonra – 1992-ci il mayın 24-də Zəngilanda rəhbərlik etdiyim hərbi komendaturanın qərargahında müdafiə nazirliyindən gəlmiş iki zabit və tabeliyimdə olan 4 hərbçinin iştirakıyla rayondakı vəziyyəti və qarşıda duran vəzifələri müzakirə edirdik. Gözlənilmədən bir qrup silahlı şəxs qərargaha hücum etdi. Həmin dəstədən iki nəfər biri əl qumbarası, digəri isə avtomatla müşavirə keçirdiyimiz otağa daxil oldular. Onlar heç bir əsas olmadan bizi tərksilah edərək dedilər ki, aprelin 27-də özbaşına Qafan istiqamətində etdiyiniz hücuma görə hamınızı aparıb Ermənistana təhvil verəcəyik, buna görə özünüz ermənilərə cavab verərsiniz. Sonradan məlum oldu ki, bu xəyanətkar silahlı dəstədən daha 3 nəfər otağın qapısının ağzında dayanıb, digərləri isə binanı mühasirəyə alıbmış. Onların planı bizi binadan düşürərək maşınlara mindirib aparmaq olub”. Bundan sonra əsl peşəkar hərbçi olan İldırım Məmmədov zirehli gödəkçəsinin alt cibində gizlətdiyindən tapa bilmədikləri tapançadan və xüsusi fəndlərdən istifadə edərək içəridəki və qapıda dayanan canilərdən ikisini qətlə yetirib, birini yaralayıb digərlərini isə tərksilah etməyi bacarıb. Lakin otağa daxil olanlardan biri əlindəki qumbaranı partlatdığından onun qəlpələri 5 yerdən komendantın başını yaralayıb, digər hərbçilərdən ikisi də yaralanıb. Kənarda gözləyən canilər isə vəziyyətin belə olduğunu görərək qaçmağa məcbur olublar. Zəngilan rayon prokurorluğu hadisə üzrə cinayət işi qaldırıb. Və polkovnik İldırım Məmmədov iki nəfər canini zəruri özünümüdafiə şəraitində qətlə yetirdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmayıb. Komendantlığa hücum edən dəstə üzvləri cinayət məsuliyyətinə cəlb olunsa da, təəssüf ki, onların bu günədək əmri kimdən aldıqları bizə məlum olmayıb.
-Bəs dediyiniz çətinliklərə rəğmən siz və o dövrdəki dövlət başçısı Şuşanın azad edilməsi və Laçının müdafiəsi üçün konkret hansı tədbirləri görə bildiniz?
- Şuşanın işğalından sonra, mayın 9-da Ağdama gəlmiş Yaqub Məmmədov Ağdamdan Gəncəyə Rəhim Qazıyevin arxasınca yollandıqda mənə hər nə olursa-olsun, Ağdamı tərk etməməyi tapşırmışdı...
Rəhim Qazıyev mayın 9-da Yaqub Məmmədova bildirmədən respublikadan kənarda - əvvəlcə Moskvada, sonra da Daşkənddə olub yalnız mayın 15-də Bakıya qayıtmışdı. Həmin ərəfədə Ağdamda olduqca ağır vəziyyət yaranmışdı... Əsgəranın Naxçıvanlı(“Naxçıvanik”) yüksəkliyindən ermənilər Ağdam şəhərinin mərkəzinə artilleriya zərbələri endirirdilər...
Mayın 10-da Qarabağ rayonlararası prokuroru Şükür Rzayevi yanıma dəvət edib topladığım arayış və izahatların surətlərini ona təqdim etməklə Şuşanın işğalıyla bağlı cinayət işi başlamasını tapşırdım. O da cinayət işini başlatdı... Həmin gün Azərbaycan Xalq Cəbhəsinin Ağdamda olan fəalları rəhbərlik etdiyim səlahiyyətli nümayəndəliyin qərargahı qarşısında, Şuşanın işğalına səbəb olan faktları yoxladığıma və cinayət işi başlatdığıma görə mənə qarşı piket təşkil etmişdilər...
Mayın 12-də axşam nazirlər Kabinetinin sədri Feyruz Mustafayev Ağdama zəng edib Laçına getməyimi və Şuşanın işğalından sonra Laçında yaranmış vəziyyəti öyrənib ona məlumat verməyimi tapşırdı. Aydın Kazımovla birlikdə həmin gün vertolyotla Qubadlıya uçdum. Gec olduğuna görə Qubadlıda gecələməyi qərara aldım... Həmin axşam biz Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Əsədovun kabinetinə getdik. Orada üçümüz Şuşanın vəziyyəti ilə bağlı söhbət edərkən otağa bir nəfər ortaboylu döyüşçü daxil olub bildirdi ki, guya Şuşa hələ özümüzdədir və hazırda şəhərdə möhkəm döyüşlər gedir. Şuşanın müdafiəsini möhkəmlətmək üçün oraya əlavə silahlı qüvvələr cəlb olunur. Halbuki mayın 8-də Şuşanın düşmən tərəfindən işğal olunması mənə məlum idi... İcra başçısıyla həmin adamı başqa otağa keçirib onunla söhbət etdikdə müəyyən etdik ki, o, təxribatçıdır. O, ifşa olunduğunu görüb çıxıb getdi...
Biz Şuşanın geri alınması üçün hücuma hazırlaşan çoxlu sayda canlı qüvvəmiz və hərbi texnikamızın Turşsu yaxınlığında olmasına dair söhbətimizi davam etdirərkən otağa hündür boylu daha bir hərbçi daxil oldu və üzünü Hüseyn Əsədova tutub dedi: “Məni şəxsən sizin yanınıza hazırda Yevlaxda olan respublikanın müdafiə naziri Rəhim Qazıyev göndərib. Rəhim Qazıyevin tələbi bundan ibarətdir ki, o, Şuşa və Laçının lazımi qaydada müdafiəsini təşkil etmək üçün düşmən mövqelərinin “yer-hava” tipli raketlərlə vurulmasını planlaşdırmışdır. Odur ki, Qubadlı camaatının təhıükəsizliyini təmin etmək məqsədilə əhali üç günlük rayondan çıxarılmalıdır...
Hüseyn Əsədov ona rədd cavabı verdi. Hərbçi isə ona bildirdi ki, Rəhim Qazıyev həmin əməliyyatın keçirilməsini sabah səhər tezdənə nəzərdə tutub. Buna görə də o, təcili Yevlağa qayıdıb naziri xəbərdar etməlidir ki, razılıq əldə olunmadı və nəzərdə tutulan əməliyyat keçirilməsin. Nəticədə bu xəbərin R.Qazıyevə çatdırılmasından ötrü həmin hərbçi Əsədovun ona ayırdığı avtomaşınla Yevlağa yola düşdü...
Hesab edirəm ki, Rəhim Qazıyevin Qubadlının boşaldılmasıyla bağlı icra başçısı Hüseyn Əsədova göndərdiyi sifariş Şuşa və Laçının müdafiəsinin təşkil edilməsi məqsədi ilə deyil, yalnız onun yeri gəldikdə: “Əgər o vaxtlar sözümə əməl olunsaydı, həmin rayonların müdafiəsini təşkil edə bilərdim”,- deyib özünə xalq qarşısında bəraət qazandırmaq istəyi idi. Qazıyev yaxşı bilirdi ki, Qubadlı camaatı heç zaman könüllü qaydada öz doğma yurd-yuvasını tərk etməyəcək...
-Bəs o zaman Azərbaycan ordusunda doğrudanmı belə “yer-hava” tipli raketlər var idi?
-Bəli, tam məsuliyyətlə deyirəm, 1992-ci ilin yazında Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında belə raketlər olmuşdu. 1992-ci ilin fevralında Kürdəmir rayon prokuroru Ramiz Cəfərov mənə məlumat verdi ki, rayon ərazisində yerləşən hərbi hissədə sovet ordusundan qalmış 32 ədəd “yer-hava” tipli raketin nəzarətsiz olduğunu Müdafiə nazirinin müavini Baba Nəzərliyə bildirmişdir. Lakin o, həmin raketlərin hərbi hissədən götürülməsinə dair heç bir tədbir görməmişdir. Bu məlumatdan sonra mən dərhal Baba Nəzərliyə telefonla müraciət edib o raketlərin hərbi hissədən götürülməsini tələb etdim. 3 gün sonra raketlər oradan götürüldü. Elə həmin vaxtdan da bu raketlər Rəhim Qazıyevin sərəncamında idi... Lakin nədənsə o, belə dağıdıcı raketlərdən düşmənə qarşı heç vaxt istifadə etmədi...
-Daha sonra Qubadlıdan Laçına yollandınızmı?
-Bəli. Mayın 13-də səhər tezdən maşınla Laçına yollandıq. Yol boyu Laçın camaatının yük avtomobilləri ilə rayonu tərk etməsinin şahidi olduq... Biz oraya çatanda Laçının mərkəzinə Ermənistanın Gorus rayonu istiqamətindən güclü və aramsız artilleriya zərbələri endirilirdi. Şuşada olduğu kimi, Laçında da briqada komandiri Elbrus Orucovu axtarıb tapa bilmədim... Turşsu qəsəbəsinə getdiyini söylədilər... Lakin orada da tapılmadı.
Mayın 13-ü axşam Qubadlıya qayıdıb icra başçısının kabinetindən baş nazir Feyruz Mustafayevə zəng vurdum və Laçının acınacaqlı vəziyyətdə olduğunu bildirdim... Ağdamın Abdal-Gülablı kəndində də vəziyyətin ağır olmasını bildirən baş nazir tez Ağdama qayıtmağımı tapşırdı. Gecə saat 12 radələrində Qubadlını tərk etdim...
-Mayın 14-də sabiq prezident Ayaz Mütəllibovun yenidən hakimiyyətə qayıtması haqda sizin məlumatınız oldumu? Oldusa, Şuşa və Laçın ətrafındakı durum barədə ona məlumat verə bildinizmi?
-Bəli, mayın 14-də Ağdamdakı qərargaha qayıdıb Feyruz Mustafayevlə danışmaq istədim, lakin onun telefonları cavab vermədi. Bir azdan Prezident Aparatı Mətbuat Xidmətindən zəng edərək cəbhədəki vəziyyətlə maraqlanan əməkdaş mənə məlumat verdi ki, Ayaz Mütəllibov yenidən vəzifəsinə qayıdıb. Zəng edib onunla danışdım. Ağdam və Laçın ətrafındakı ağır vəziyyəti ona bildirdim və dövlət başçısı kimi Laçının müdafiəsi ilə bağlı tədbir görməsini ondan xahiş etdim. Mütəllibov məsələ ilə bağlı Rəhim Qazıyevə müraciət etməyimi məsləhət gördü...
Mayın 15-16-17-də ardıcıl olaraq dəfələrlə müdafiə naziri Qazıyevlə əlaqə yaratmaq istəsəm də, onu heç yerdə tapa bilmədim...
Bu arada o da məlum oldu ki, Mütəllibov bir günlük hakimiyyətə qayıtdıqda Nazirlər Kabinetinin sədri Feyruz Mustafayevin yerinə Rəhim Hüseynovu təyin edib...
Mayın 15-də Xalq Cəbhəsi silahlı qüvvələrin gücü hesabına Prezident Ayaz Mütəllibovu devirdi. Yaqub Məmmədovu isə Ali Sovetin sədri vəzifəsindən kənarlaşdırdılar... Mayın 16-da Rəhim Hüseynova zəng edib Laçındakı vəziyyətlə onu da tanış etdim və tədbir görməsini xahiş etdim...
Həmin gün saat 13:30 radələrinə Laçın icra başçısının müavini Səlim Səlimov Laçından zəng edib düşmən qüvvələrinin Gorus və Şuşa istiqamətlərindən Laçına hücumlarını gücləndirdiklərini bildirdi. Yevlağa zəng edib Baş Qərargah rəisi Şahin Musayevlə danışdım. O, cavab verdi ki, Laçındakı durumdan xəbərdardır. 300 əsgərin, bir neçə tank, PDM və s. hərbi texnikanın Laçına qayıtması üçün tədbir görür...
Saat 14:30-da təkrarən Yevlağa zəng edib Şahin Musayevlə danışmaq istədikdə podpolkovnik rütbəli Cəfərov adlı bir zabit cavab verdi ki, cənab general nahar edir, 20 dəqiqə sonra yerində olacaq...
Saat 15:10-da Qubadlının Muradxanlı kəndindən Laçının icra başçısı Xanlar Məmmədov zəng edib Bakıdan heç bir kömək olmadığını, əksinə, hərbi qüvvələrin mayın 14-15-də Bakıdan verilən əmrə əsasən paytaxta qayıtdığını, müdafiəsiz vəziyyətdə qalan Laçına doğru düşmən qüvvələrinin irəlilədiyini, 25 mindən artıq Laçın əhalisinin Laçın və Kəlbəcər rayonları arasında köməksiz vəziyyətdə qaldığını bildirdi... Yevlağa zəng edib təcili tədbir görülməsi üçün bu məlumatları Şahin Musayevə çatdırdım... O bildirdi ki, düşmən hücumunun qarşısını yalnız havadan almaq mümkündür, ona da imkan yoxdur... Bundan sonra baş nazir Rəhim Hüseynova da vəziyyət barədə məlumat çatdırdım. Mayın 17-də dəfələrlə Rəhim Hüseynovla, Şahin Musayevlə və Laçın icra başçısı Xanlar Məmmədovla telefon danışıqlarımız oldu...
-Əlisab müəllim, Laçın işğal edilən günlərdə faktiki olaraq hakimiyyət başında olan AXC rəhbərləri Əbülfəz Elçibəy, İsa Qəmbər və digərləri heç sizinlə əlaqə yaradıb cəbhədəki vəziyyətlə maraqlandılarmı?
-Xeyr, AXC rəhbərlərindən heç kəs mənə zəng vurmadı. Belə anlayırdım ki, onları Laçının taleyi maraqlandırmır. Belə ki, mayın 17-də axşam saat 19 radələrində mən növbəti dəfə baş nazir Rəhim Hüseynova zəng edib erməni ordusunun artıq Laçının mərkəzinə girməyə cəhd etdiyini söylədikdə o mənə bildirdi: “Laçının müdafiəsi ilə bağlı bütün günü “bəy”lərlə telefon danışıqları aparmışam. Lakin onlar Nazirlər Kabinetinə gəlməkdən imtina edirlər. Saat 21-ə iclas təyin etmişəm. İclasa AXC liderləri Əbülfəz Əliyevi, İsa Qəmbəri və özü də AXC fəallarından olan müdafiə naziri Rəhim Qazıyevi dəvət etmişəm, gözləyin”...
Baş nazirlə danışıqdan sonra Qubadlının Muradxanlı kəndinə zəng vurub Xanlar Məmmədovla danışdım. O bildirdi ki, Laçına heç bir köməklik göstərilmir. Laçının sonu yaxınlaşmaqdadır...
Həmin gün saat 21:00-da vəzifəsindən kənarlaşdırılmış Yaqub Məmmədovun evinə zəng etdim. Laçının vəziyyətini ona da dedim. Fikirləşdim ki, bəlkə bir köməklik göstərə bilər. Cavab verdi ki, mayın 15-dən onu vəzifəsindən kənarlaşdıran Xalq Cəbhəsi fəalları tərəfindən faktiki ev dustağı edilib və mənzilindən kənara çıxmağa icazə verilmir... Saat 23-də yenidən iki dəfə baş nazir Rəhim Hüseynovla danışdım. O bildirdi ki, axşam saat 21-də “bəy”lər iclasa gəlmədilər və Laçına köməklik göstərməkdən imtina etdilər...
Bu minvalla ermənilərin “Qarabağın qara qapısı” adlandırdığı Laçın da hakimiyyət davası burulğanında işğal edildi...