Lavrovdan ermənilərə "hədiyyə" -"ŞUŞA, HADRUT, BÜTÜN QARABAĞ..."

18:07 09.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Xocalı rayonunun Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı İrəvandakı yersiz bəyanatı erməniləri "ümidləndirib".

Hafta.az bildirir ki, artıq İrəvanda revanşist qüvvələr Şuşanın, Hadrutun "geri alınacağından", "keçmiş Dağlıq Qarabağın sərhədlərinin tam bərpa ediləcəyindən" dəm vurmağa başlayıblar.

"Çox maraqlı və gözlənilməz bir vəziyyət yaranır". Bu barədə “Ermənistan” blokundan deputat Artur Kazinyan “Facebook” səhifəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvanda Qarabağın Fərrux kəndi ilə bağlı bugünkü bəyanatını şərh edərkən yazıb.

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün deyib ki, Qarabağın Fərrux kəndi ilə bağlı məsələ DELİMETASİYA nəticəsində öz həllini tapacaq.

Əgər bu, yaşayış məntəqələri ilə bağlı rezervasiya və ya çaşqınlıq deyilsə, o zaman çox maraqlı və gözlənilməz vəziyyət yaranır.

Fərrux kəndinin Qarabağda yerləşdiyini nəzərə alsaq, Azərbaycanla dövlət sərhədinin delimitasiyasını təkcə Ermənistan deyil, həm də DQR (separatçı rejim) həyata keçirəcəyini ehtimal etmək olar. Bu isə o deməkdir ki, Lavrovun fikrincə, Qarabağın Azərbaycanla delimitasiya olunmuş sərhədi olmalıdır, bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin təkcə Paruxdan (Fərrux - red.) deyil, Şuşadan, Hadrutdan və digər erməni yaşayış məntəqələrindən çıxarılması məsələsi həll olunacaq. Gəlin gələcək inkişafı gözləyək...”.

Lavrovun sərsəm bəyanatına Azərbaycanın rəsmi cavabı özünü çox gözlətməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Rusiya Federasiyasının xarici işlər nazirinin Ermənistana səfəri çərçivəsində keçirilən mətbuat konfransında Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikrini şərh edib.

Leyla Abdullayeva qeyd edib ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi, məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür.

“Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur”, - XİN rəsmisi vurğulayıb.