Ölkədə maaş və təqaüdlərin artımı yenidən bahalaşma mövzusunu gündəmə gətirib. İnsanlar düşünür ki, ənənəvi qayda olaraq yendən maaş artımı bazarlarda ərzaq məhsullarına da təsir edəcək və qiymətlər artacaqdır.
Mövzu ilə bağlı keçmiş maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov hafta.az-a açıqlamasında dedi ki, əmək haqlarının, təqaüdlərin artırılması və əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində hökumətin atdığı addımlar bütün hallarda təqdirə layiqdir:
"Lakin son illər bu artımlarla bağlı Azərbaycanda çox qəribə bir ənənə formalaşmağa başlayıb. Əmək haqlarının və təqaüdlərin artırılacağına dair səsləndirilmiş hər hansı bir bəyanat belə bazarda bəzi işbazları dərhal hərəkətə keçməsinə gətirib çıxarır. Əmək haqlarının, təqaüdlərin artımı baş verməmiş bu işbazlar satdıqları məhsulların qiymətlərinə qaldırmağa başlayırlar. Dövlət başçısının bir qədər öncə əmək haqqı və təqaüdlərin artırılmasına dair imzaladığı sərəncamlardan sonra da eyni vəziyyət təkrar olundu. Bazar dövriyyəyə daxil olacaq yeni pul kütləsinə “münasibət” bildirdi. Əslində bu münasibətin heç bir əsası yoxdur. Mal və məhsulların qiymətləri o vaxt bahalaşa bilər ki, milli valyuta ucuzlaşsın, ölkə daxilində enerjidaşıyıcıların qiymətləri yüksəlsin və s. Əgər bunlar baş vermirsə və heç bir əsas olmadan qiymətlər qaldırılırsa, bu möhtəkirlikdir. Dövlətin aidiyyatı qurumları bu möhtəkirlərə qarşı mübarizəni olduqca sərtləşdirməyə borcludurlar".