Könüllü miqrasiya proqramı çərçivəsində Rusiyaya köçmək istəyən etnik rusların sayı son 10 ilin ən aşağı səviyyəsinə düşüb. Daxili İşlər və Xarici İşlər nazirliklərinin açıqladığı məlumatları təqdim edən “Kommersant” qəzeti 2023-cü ildə proqrama 63 min nəfərin müraciət etdiyini yazır.
Hafta.az-ın yazdığına görə, prosedurları tamamlayıb Rusiyaya gələnlərin sayı 45100 olaraq açıqlanıb. Bu rəqəm 2022-ci ildə 64800, 2021-ci ildə isə 78500 olub. Qəzet bu rəqəmin pandemiyadan əvvəl 2019-cu ildə 108600 olduğunu bildirib. Başqa sözlə, proqrama müraciətlər ildən-ilə azalmağa meyllidir.
Rusiya bu proqramı keçmiş sovet respublikalarında yaşayan rusdilli əhalini cəlb etmək üçün 2006-cı ildə başlayıb.
Proqram çərçivəsində 1 milyona yaxın insanın Rusiyaya qayıtdığı təxmin edilir.