Mediamız daxildə də, xaricdə də güclü olmalıdır - Əvəz Zeynallı

11:09 20.03.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qəzetlər əvvəlki şöhrətinə qayıtmalıdır, yazılı media öz axarına düşməlidir

Vətən Müharibəsində əldə olunan qələbəmiz bütün sahələr üzrə bütün fəaliyyət növlərinin yenidən format olunması zərurəti ilə çıxış edir. Proseslər medianın üzərinə xüsusilə böyük məsuliyyət yükü qoyur. Torpağının erməni vəhşiliyinə məruz qoyularaq tamamilə dağıdılması faktını gözü ilə izləyən mediamız bu prosesin ədalətli şəkildə dünyaya təqdim olunmasında hansı mühüm rola malik olduğunu bir daha anlamalıdır. Bunun üçün isə ona lazım olan alət əlində olan informasiya resurslarıdır. Bu resurslar hansı halda və necə işləyə bilər?

Bu və ya digər məsələlər ətrafında “Həftə içi”nə müsahibə verən müstəqil jurnalist Əvəz Zeynallı Ağdama edilən son media turdan başlayaraq görünən problemlərə diqqət çəkib.

- Əvəz bəy, Ağdama təşkil olunan mediaturu necə dəyərləndirirsiniz, təəssüratlarınızı bölüşərdiniz…

- Ağdama təşkil olunan mediatur vaxtında idi, hələ bir az da gecikmişdi. Medianı idarə edən insanların öz gözləri ilə hadisələri və məkanı görmələri çox önəmli idi.

Mən, ümumiyyətlə, Qarabağ torpaqlarını görməmişdim. Bu səfər mənə çox təsir elədi, çox sarsıldım. Söz xiridarları, illərini mediaya verən peşəkarlar orada idilər. Orada canlı yayım verirdim, kimə yaxınlaşırdım, görürdüm gözləri dolub və “Sözün bitən yeridir, sözüm yoxdur”, – deyirdi. Bu “sözüm yoxdur” deyən adamlar illərdir, Azərbaycan mediasını təsis edən, yaradan adamlardı. Ona görə də məncə mediadan, siyasətçilərdən sonra ora bəstəkarların, yazarların, şairlərin, rəssamların və sairin getməsi lazımdır. Azərbaycan xalqının çox misilsiz tarixidir o. Erməni millətinin gerçək simasını, sifətini göstərən bir tarixdir.

- Necə hesab edirsiniz, Azərbaycan mediası, ümumilikdə, informasiya məkanımız Azərbaycan həqiqətlərini müxtəlif forma və üsullardan istifadə edərək nə dərəcədə yaya bilir, təbliğ edir?

- Azərbaycan mediası, ümumilikdə informasiya məkanımız Azərbaycan həqiqətlərini dünyaya yaymaqda yenə çarəsizdir, zəifdir. İllər əvvələ nisbətən bəlkə bəzi yeni texnologiyaların da səbəbi ilə imkanlar dəyişib. İnanın ki, biz dünyada real və ciddi işlər görməmişik. Dünyanın Kanadası, Amerikası, Almaniyası, Fransası var. Biz cəmiyyətlərin içərisinədək girməliyik. Necə ki, ermənilər çox cidd bir şəkildə ailələrə, evlərə, qurumlara girirlər, o cəmiyyətlə üzləşirlər. Həmin cəmiyyətlə iç-içə olurlar və istədiklərini edə bilirlər. Ona görə də Azərbaycan mediasının imkanlarını çox genişləndirməliyik, yerlərdə çalışmalıyıq. Tez-tez Türkiyədə, İstanbulda səfərlərdə oluram. Orada ermənilər bizdən güclüdürlər, qol-budaqlıdırlar, zəngindirlər. İstanbulun ən möhtəşəm səmtləri onlarındır. Ən möhtəşəm səmtlərində, lap elə adalarında, Taksimdə, şəhərin ən yaxşı yerlərində kilsələri, torpaqları, yaşayışları var. Bax, o dərəcədə önəmlidir. Biz yeni informasiyanın dəstəyi ilə ölkənin reallıqlarını dünyaya tanıda bilməliyik. Bunun üçün də geniş, planlı bir iş lazımdır. Azərbaycan mediası daxildə də, xaricdə də güclü olmalıdır. Biz yalnız o zaman çox güclü və əsaslı təbliğatlarla ölkənin reallıqlarını əks etdirə biləcəyik.

- Vaxtilə işğalda qalan rayonlarımız, kəndlərimiz, eləcə də o kəndlərdə baş verən erməni vəhşilikləri, qətliamları haqqında internet resurslarında lazımi məlumatlar varmı?

- Ənənəvi məlumatlar var, tam məlumatlar yoxdur. O sahədə də zəif işləmişik. Baxın, Qarabağla bağlı nə yazırsan, erməninin adına çıxır. O sahədə də ayrı-ayrı, bütün bölgələrdə hər kəndin hər məhəlləsinin evinə qədər vətəndaş təşəbbüskarlığını, vətəndaş jurnalistikasını inkişaf elətdirmək lazımdır. İndi Qarabağda torpaqlarımızı işğaldan azad eləmişik, bir azdan oraları tikib yenidən quracağıq. Oralarda bəzi yerlər açıq hava altında muzey kimi fəaliyyət göstərməlidir. Şəhərin bəzi önəmli yerlərindəki dağıntılar eləcə saxlanılmalıdır. Eyni zamanda dünyanın hər yerində informasiya resursları, saytlar tərəfindən bu sahə ayrıca, məxsusi işlənməlidir. Addım-addım, küçə-küçə, ev-ev biz bu məsələləri işləyib resurslara yükləməliyik və dünyanı heyrətə gətirməliyik. Harada hörmətli erməni, cameəsi var, bu faktları çıxarıb ortaya qoymağımız yetərli olacaq ki, onların necə amansız və zalım bir millət olduğunu sübut edək. Çox təəssüf ki, bu günlərdə lazımi və istənilən səviyyədə resurs, məlumat yoxdur. Məncə, bunu da dövlət səviyyəsində işğaldan azad olunmuş ayrıca bir fəaliyyət proqramı kimi tərtib etmək, xüsusi həvəslə işləmək lazımdır.

- Mətbuatda real durum necədir və hansı islahatlara ehtiyac var?

- Real durum çox acınacaqlıdır, mətbuat yenidən formalaşdırılmalıdır.  Qəzetlər əvvəlki şöhrətinə qayıtmalıdır, yazılı media öz axarına düşməlidir, medianın satış bazarı düzəldilməlidir. Kimsəyə elə gəlməsin ki, print media arxa plandadır, internet resursları öndədir. Elə deyil. Dünyada yazılı mətbuat da, onlayn media da öz yerindədir. Azərbaycanda yeni peşəkar və əsasən tənqidi media inkişaf etdirilməlidir. Çox işlərimiz var.

- Əvəz bəy, medianın ictimai fikrin formalaşması və nəzarət funksiyasının yüksəldilməsi üçün daha çox nəyə ehtiyacı var? Qanuna, yoxsa öz mahiyyətini düzgün anlaya bilməsinə?

- Bu istiqamətdə çox yaxşı qanun tərtib eləmək olar, amma qanunların olması əsas deyil. Bizdə çox gözəl qanunlar var ki, işləmir. Yeni media təfəkkürü formalaşmalıdır və insanlar qanunu normal tətbiq etməlidirlər, insani münasibətlər düzəlməlidir. Redaktorlar arasında mediada olan çəkişmələr ortadan qaldırılmalıdır, həmrəylik yaradılmalıdır. Media bazarı stabilləşməlidir, ictimai maraq ön plana keçməli, reklamın yolu açılmalıdır, hər kəs öz reklamını alıb işini görməlidir.

İctimai fikrin formalaşması üçün yalnız azad, tənqidi, müstəqil medianın olması lazımdır. Bunun başqa bir yolu yoxdur.

- Mətbuat Şurası medianın işinə nəzarəti necə həyata keçirə bilir?

- Mətbuat Şurası, çox təəssüf ki, yarandığı gündən özünü doğrultmadı. Qurum Şuraya üzv olmayan qəzetlər haqqında qərarlar verdi. Onların fəaliyyətini çətinləşdirdi. Ona görə də  Mətbuat Şurasının qurultayı keçirilməli, adı və idarə heyətinin üzvləri tamamilə dəyişməlidir. Mətbuat Şurasını qarşılıqlı inamın hakim olduğu özünütənzimləmə qrupuna çevirmək olar və mümkündür.

- “Bu gün bizdə, sanki mətbuata sahiblənmək istəyənlər var” – fikri nə dərəcədə düzgün yanaşmadır və media nə dərəcədə öz axarı ilə inkişaf edə bilir?

- Müəyyən islahatlar aparılsa, heç kim müstəqil mediaya sahiblənmək iddiasına düşə bilməz. Bu gün elə təşəbbüslər var. Müəyyən dərəcədə onlayn internet televiziyalarının inkişafı ilə bağlı bəzi hərəkətlənmələr mövcuddur. Müəyyən monopoliya yaratmaq cəhdləri, sahiblənmək istəyi ola bilər. Amma qanunlar stabilləşincə, media müstəqil və azad nəfəs aldıqca, heç kim ona sahiblənə bilməz. Zatən müstəqil və tənqidçi media ona görə lazımdır. O, öz axarı ilə normal inkişaf etməlidir. Bunun üçün medianın imkanları, iqtisadi əsasları qorunmalıdır.

- Medianın İnkişafı Agentliyi yaranandan belə bir fikirlər səslənir ki, jurnalist vəsiqələri bundan sonra qalaqrammalı olacaq. Yəni qalaqramsız vəsiqələr qəbul edilməyəcək. Buna fikriniz nədir?

- Vahid media kart vəsiqələrinin verilməsi ilə bağlı mətbuatda xəbərlər gedib. Lakin ilk öncə qanun layihəsi mətbuata təqdim olunsun, ondan sonra bu barədə fikirlərimizi bildirəcəyik. Qanun jurnalistlərin lehinə və mediaya dəstək mənasında qəbul olunmalıdır. Qanun məhdudlaşdırıcı olacaqsa, jurnalistlərin qarşısına çətin tələblər qoyacaqsa və reallıqla bir-birinə ziddiyyət təşkil edəcəksə, o qanun işləməyəcək. Və sovet dövrünün son, müstəqilliyimizin ilk illərində və demokratik ölkələrdə də olduğu kimi, media, jurnalistlər çox ciddi imtiyazlardan da istifadə etməlidir.

- Mətbuat olaraq öz işinizdən razısınız və niyə?

- Mətbuat olaraq öz işlərimizdən razı deyilik, heç bir hədəfimizə çatmamışıq. Biz indiyə qədər yalnız məhkəmə, həbs görmüşük. Mətbuat, təbii ki, inkişaf eləməlidir. Biz hələ neyləmişik ki, işimizdən də razı olaq. Dünya standartlarında mətbu qurumlar qurmalıyıq və işçilər çox gözəl şəraitdə işləməli, yaşamalı, ev almalıdır.

- Təklifləriniz nədir?

- Elə müsahibə boyu suallara verdiyim cavablarda təkliflərimi, təxminən, verdim.

 

Oxunma sayı 376