Fransa və Ermənistan yenə də regionda gərginlik yaratmaq iddiası ilə çabalayır. Qərb və Avropadan Azərbaycana qarşı edilən əks çıxışlar bu qitədə bəzi dövlətlərin sülhün bərqərar olmasına maneə yaratmaq cəhdlərini ortaya qoyur. Ermənistanın yenidən silahlandırılması və Aİ-nin Ermənistana göndərilən missiyalarının genişlənməsi regiona bağlı yeni təhlükəli bazanın hazırlanmasına işarə kimi müşahidə olunur. Bununla, Fransa və Ermənistanda revanşizmin genişlənməsində maraqlı olan güclər nəyə ümid edir?
Bu istiqamətdə Hafta.az-a açıqlama verən Milli Məclisin deputatı Məlahət İbrahimqızı Qərb və Avropadan Azərbaycana qarşı hədəflənən qərəzli çıxışların, qəbul olunan hər hansı sənədlərin heç bir əhəmiyyət daşımadığını qeyd edib. Deputat bildirib ki, Azərbaycan Avropa ilə ən etibarlı tərəfdaş kimi əməkdaşlıq edir. Azərbaycan Prezidentinin Avropada, eləcə də dünyada böyük nüfuzu var və o, ölkələri dərəcələrə bölən imperialist qüvvələrə qarşı münarizə aparan qətiyyətli liderdir.
“Biz Qoşulmama Hərəkatının, eləcə də bir çox beynəlxalq tədbirlərdə də bunun şahidi oluruq. Fransa isə ləkəli bir tarixə malikdir. Fransa Afrika, Asiya xalqlarına qarşı insanlığa yaraşmayan cinayətlər törədib, o ölkələrin əhalisini alçaldıb, kölə halına salaraq onların sərvətlərini sümürüb. Fransa yenə də həmin düşüncədədir. Ancaq unudur ki, artıq 21-ci əsrdir və dünya başqa reallıqlarla qarşı-qarşıyadır. Dünya II dünaya müharibəsindən sonra insan haqları bəyannaməsinə imza atıb. İrqindən, cinsindən, dinindən asılı olmayaraq bütün insanlar bərabərdir. Amma bir sıra beynəlxalq təşkilatlar daxil olmaqla Fransa kimi dövlətlər yanaşması qərəzli, imperialistdir və işğalçı dövlətləri körükləmək üçün qərəzli addımları ilə diqqət çəkir. Amma Fransanın Ermənistanla birlikdə regionda müharibə ocağı yaratmaq cəhdi boşa çıxacaq”.
M.İbrahimqızı bildirib ki, Fransa Avropa Birliyində əsas ölkələrdən biridir. Ona görə də Brüsselə təsir edə bilir. Amma bunun heç bir effekti olmayacaq. Əgər Avropa enerji təchizatında Azərbaycanı əsas strateji tərəfdar kimi qəbul edirsə, onun haqqını qorumağı bacarmalıdır”.
Deputat bu gün dünyada gedən müharibələrin əsasən enerji, logistika layihələri üzərində aparıldığını qeyd edərək, Azərbaycanın bu layihələrin mərkəzində dayandığını xüsusilə vurğulayıb. O, məhz bu faktı əsas götürməklə, Makron Fransasının nə etməsindən asılı olmayaraq, regionda gedən sülh prosesinə maneə yarada bilməyəcəyini deyib.
“Biz geriyə dönülməyən yoldayıq. Artıq ərazi bütövlüyümüzü, sərhədlərimizi bərpa eləmişik. Bundan sonra Makron kimilər nə edirsə etsin, reallığı dəyişə bilməyəcək, prosesləri bu yoldan geriyə çevirə bilməyəcəklər”.