Memarlıq layihələrində normativ tələblər qorunmalıdır - Elçin Əliyev

11:48 13.01.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Heç şübhəsiz, hər bir kənd, hər bir şəhər ona xarakterik olan tarixi-memarlıq nümunələri ilə dövrünün müasiridir. Zamanla nə qədər müasir standartlı binalar, abidələr inşa edilsə də, mütləq o, yerləşdiyi məkanın -dövlətin milli-mənəvi ideyasını, xarakterini, əzəmətini yaddaşlara həkk etdirən “Milli-mədəni memarlıq möhürü” ilə əxz olunur, tanınır. Hər bir memarlıq abidəsi aid olduğu dövlətin, xalqın, millətin varlığı və dünya mədəniyyəti sisteminin inkişafında öz rolunu isbat edən faktordur. Təbii ki, ölkəmizdə çox sayda tarixi-maddi memarlıq nümunələri ümumdünya mədəni irs siyahısına daxil edilib, qorunur. Bu abidələr tariximizin pasportudur. Bütün mərhələlərdə “özünün tarixi kökünə bağlı, dövlətin, millətin varlığını, yaşamını, mədəniyyətini, svilizasiyasını özündə ifadə edən Azərbaycan memarlığının qlobal dünyada nə dərəcədə özünün əsas ideyasını qoruya bilir? Tanınmış memar  Elçin Əliyev “Həftə içi”nə müsahibəsində bu barədə danışıb.

- Elçin müəllim, müasirləri olaraq memarlıq abidələrimizi necə qoruya bilirik? Bu gün hansı yeni əsərlər, memarlıq layihələri yaranır?

- Əvvəla, onu qeyd edim ki, tarixi memarlıq abidələrimiz dünyada özünün möhürü ilə tanınır. Bu, Azərbaycan memarlığının ümumdünya mədəni irs siyahısına  daxil edilmiş İçərişəhər qoruğu və onun ərazisində yerləşən  Şirvanşahlar sarayı və Bakının simvolu olan Qız Qalasıdır. Şəhər içərisində şəhər adlandırılan İçərişəhər unikal quruluşa malikdir. Baxmayaraq ki, şəhərin inkişafı 12 -ci əsrə aiddir, bu ərazilərdə aparılan qazıntılar zamanı sübüt edilib ki, İçərişəhərin tariхi daha qədimlərə, hətta eramızdan əvvələ gedib çıхır.

Müasir dövrdən danışsaq, təbii ki, Heydər Əliyev Mərkəzini misal gətirmək lazımdır. Ulu Öndərin adını daşıyan bu Mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid  tərəfindən işlənmişdir. Bu bina dünyada ən mürəkkəb və maraqlı memarlıq nümunələri sırasına daxil edilib, postmodernist  memarlıq quruluşuna aid edilən bina  özündə sonsuzluq effektini təcəssüm etdirir.

- İşğaldan sonra özünün yeni mərhələsini yaşayan Azərbaycan memarlığı hansı addımlarını ata bilir?

- Azərbaycan memarlığının  qorunması ilə bağlı layihələr milli-memarlıq ənənələri və normativ tələblərə əsasən aparılmalıdır, təəssüf ki, bəzən bu tələblərin pozulduğunun şahidi oluruq. Tarixi abidələri qorumaq şəhərin yaddaşını qorumaq deməkdir. Biz bunları yenidən inşa edə bilmərik, məhz bu səbəbdən aidiyyatı qurumlardan bu məsələrin həllinə xüsusi diqqətlə yanaşmağı tövsiyyə edərdim.

Bildiyiniz kimi, bu gün Azərbaycan memarlığının inkişafı əsasən azad edilmiş torpaqlarda dağıdılmış ərazilərin yenidən qurulmasına yönəlib. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin bərpasını və yenidən qurulmasını strateji vəzifə kimi müəyyən edib və bu prosesdə müasir innovativ yeniliklərin tətbiq edilməsini əsas hədəflərdən biri kimi müəyyən edib və yaxın zamanlarda tarixi simasını qoruyub saxlayan yenilənmiş Şuşa, Ağdam, Füzuli və bir çox digər şəhərlər göz oxşayacaq.

- Bakı kəndlərinin yenidənbərpası işi necə gedir? Hazırda hansı layihələr üzərində işləyirsiz?

- Bakı kəndlərinin yenidən bərpası ilə bağlı işlər sürətlə aparılır. Hal-hazırda  Ramana, Əmircan, Buzovna, Mərdəkan, Novxanı, Maştağa və Pirşağıda abadlıq işlərinə başlanılıb və yaxın zamanlarda Bakıətrafı qəsəbələr yeni görkəm alaraq həm əhali üşün rahat, həm də qonaqlar üçün maraqlı turizm məkanlarına çevriləcəkdir.

- Azərbaycan memarları öz layihələri ilə işğaldan azad olunan ərazilərdə bərpa edilən abidələrin tikilməsi, yenidən qurulması işində necə iştirak edə bilir. Gənc memarlarımız hansı layihələr cəlb olunur?

- Azərbaycan memarları azad edilən ərazilərdə tətbiq ediləcək layihələrdə aktiv iştirak edirlər. Azərbaycan Respublikasının Dövlət  Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Abadlıq Mərkəzinin birgə təşkilatçılığı ilə  layihə müsabiqəsi keçirilmiş və uğurlu layihələrin müəllifləri olan gənc memarlar Qarabağıımızın bərpası ilə bağlı layihələrə cəlb ediləcəklər.

 

Oxunma sayı 32