Rusiyanın məşhur musiqi qruplarından olan “Bi-2”nin Türkiyədə verməyi planlaşdırdığı konsert ləğv edilib.
Hafta.az-ın yazdığına görə, “Bi-2” qrupunun aprelin 24-28-də Kəmərdə keçirilməsi planlaşdırılan konsertləri keçirilməyəcək. Qrupun lideri Yeqor Bortnik (Rusiyanın xarici agentlər siyahısına daxildir) heç bir səbəb göstərmədən Türkiyədəki çıxışlarının ləğv edildiyini açıqlayıb.
Sosial şəbəkədə açıqlama verən rusiyalı musiqiçi “Kəmərdəki konserti ləğv olundu” yazıb.
“Bi-2” musiqiçiləri yanvarın 24-də Tailandın Fuket şəhərində nümayişdən sonra iş icazəsi olmadan saxlanılıblar. Daha sonra məhkəmə onların hər birini üç min baht cərimələyib. Yanvarın 31-də qrup üzvləri sərbəst buraxılaraq İsrailə aparılıb.
Daha əvvəl mətbuatda qrupun Dubaydakı konsertinin ləğv edildiyi barədə məlumat yayılmışdı.
Rus qrupunun Türkiyədəki konsertlərini niyə ləğv etdiyi məlum deyil. Məsələ ilə bağlı tədbiri təşkil edən Türkiyə-Rusiya rəsmiləri tərəfindən heç bir açıqlama verilməyib.